Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:51

Dövlət Departamenti Eynulla Fətullayevin həbsini pisləyir


ABŞ Dövlət Departamentinin sözçüsü Tom Keysi

ABŞ Dövlət Departamentinin sözçüsü Tom Keysi

Dövlət Departamentinin sözçüsü Tom Keysi deyib ki, Eynulla Fətullayev barəsində çıxarılan yeni hökm Azərbaycan hakimiyyətinin «tənqidin səsini kəsməyə və azad sözü boğmağa yönəlmiş hərəkətidir».


Keysi eyni zamanda Azərbaycan hökumətini azad mətbuata hörmətlə yanaşmağa və müstəqil medianın inkişafını dəstəkləməyə çağırıb.


Bundan əvvəl ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti jurnalistin həbsini ATƏT qarşısında mətbuat azadlığı sahəsində öhdəliklərin ciddi pozulması kimi qiymətləndirib.


Əksər beynəlxalq hüquq müdafiə təşkilatları da Eynulla Fətullayevə qarşı irəli sürülən ittihamın siyasi xarakter daşıması barədə bəyanatlar veriblər. «Human Rights Watch», Jurnalistləri Müdafiə Komitəsi, Sərhədsiz Reportyorlar Birliyi, Beynəlxalq Mətbuat İnstitutu jurnalistin tezliklə azadlığa buraxılmasını tələb edirlər.


Bakıda noyabrın 24-də Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə etiraz aksiyası keçiriləcəyi gözlənilir. Bu barədə Jurnalistin Hüquqlarının Müdafiə Komitəsi qərar verib.


«Gündəlik Azərbaycan», «Realnıy Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev terrora çağırış ittihamıyla 8 il 6 ay həbs cəzası alıb. Bundan əvvəlsə o, digər yazılarına görə, iki il yarım azadlıqdan məhrum edilmişdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG