Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:58

«Bakıda elan olunmamış fövqəladə vəziyyət»


Belə vəziyyətin neçə gün davam edəcəyi bəlli deyil
Belə vəziyyətin neçə gün davam edəcəyi bəlli deyil

İki gündür ki, Bakıda elan olunmamış fövqəladə vəziyyət hökm sürür. «Yeni Müsavat» yazır ki, paytaxtın bütün giriş-çıxışında, həmçinin şəhərin mərkəzində və ətraf qəsəbələrə gedən yollarda polis postları qoyulub. Polis gücləndirilmiş iş rejiminə keçirilib. Çevik Polis Alayının və Dövlət Yol Polisinin silahlı əməkdaşları bütün avtomobillərdə, hətta ictimai nəqliyyatda belə axtarış aparır. Bunun son günlər ölkədə yaranmış terror xofu ilə bağlı olduğu şübhə doğurmur. Bu vəziyyətin neçə gün davam edəcəyi bəlli deyil.


Qəzet oktyabrın 31-də Ələt-Astara yolunun 198-ci km-də 4 ədəd tank əleyhinə minanın qoyulması barədə yayılan məlumatlara aydınlıq gətirib.


Daxili İşlər Nazirliyindən həmin ərazidə tank əleyhinə mina deyil, 4 ədəd mərmi tapıldığı və zərərsizləşdirildiyi bildirilib.


Müsavat Partiyası Astara rayon təşkilatının sədri Asən Haşımlı xəbər verib ki, partlayıcılar Lənkəran avtovağzalından bir az aralıda tapılıb. Ancaq onlar yolun ortasında deyil, kənarındaymış: «Bəzi mənbələr deyir ki, minalar rus qoşunlarının vaxtından qalıb. Ancaq başqa fikirlərə görə, bu, hərbi hissələrdən gətirilib yol kənarına atılıb və hansısa məqsəd daşıyır».


«Yeni Müsavat» yazır ki, partlayıcıların zərərsizləşdirilməsindən sonra da bölgədə ajiotaj səngiməyib. Hətta ayrı-ayrı vətəndaşlar terror xofunun hökm sürdüyü şəraitdə Bakıya gəlməkdən ehtiyatlandıqlarını bildirir.


«Gün səhər» qəzeti də yazır ki, dünən axşam saatlarından etibarən hüquq-mühafizə orqanları Bakıda gücləndirilmiş iş rejimində işləyirlər. Bu barədə qəzetə gecə saatlarında məlumat veriblər. Güman olunur ki, bu tədbirlər son günlər radikal vəhhabilərə qarşı keçirilən əməliyyatla bağlıdır.


«Azərbaycan Milli Ordusunun hərbi hissələrində radikal vəhhabiliyin yayılmasının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib». Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Üç nöqtə»yə bildirib. Onun sözlərinə görə, bütün hərbi hissələrdə radikal dini cərəyanlara xidmət edən əsgər və zabitlərin olub-olmamsını araşdırmaq üçün yoxlamalara başlanılıb.


Sabiroğlu bildirib ki, orduda xeyli sayda vəhhabilərin olduğu barədə yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, hərbi hissələrdə əsgər və zabitlər hərbi nizamnaməyə uyğun xidmət edirlər.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov «Ayna»ya bildirib ki, Azərbaycan Avropada qiymət artımında liderdir.


«Hazırda ən yüksək qiymət artımı Azərbaycandadır. Əgər ölkəmizdə 16 faizlik inflyasiyadan danışılırsa, bu göstərici Rusiyada 6,7, Belarusda 7, Ermənistanda isə 3 faizdir. Sentyabr ayının yekunlarına görə, MDB ölkələrindən Qırğızıstanda qiymət artımı 5,6, Qazaxıstanda isə 10,6 faiz olub. Sözügedən dövrdə Latviya 11,2 faizlik göstərici ilə Avropada Azərbaycandan sonra ən çox qiymət artımı müşahidə edilən ölkədir. Daha sonra 11 faizlik inflyasiya göstəricisi ilə Bolqarıstan gəlir», - deyə Vüqar Bayramov bildirib.


İqtisadçı xatırladır ki, beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının bəyanatlarına baxmayaraq neft pullarının daxili dövriyyəyə axını davam edir. Hətta təşkilatlar dövlət xərclərinin məhdudlaşdırılmasını və neft pullarının ölkə iqtisadiyyatından strelzasiyasını təklif edirlər.


Onun sözlərindən məlum olub ki, eyni zamanda iri dövlət layihələrinin həyata keçirilməsinə yol verilməməsi də söhbət mövzusudur. Çünki belə layihələrin gerçəkləşməsi pul dövriyyəsinin şişməsinə səbəb olur.


Prezidentin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «525» müsahibəsində iqtidar-müxalifət münasibətlərindən danışıb.


O, bildirib ki, «hər zaman istəmişik ki, müxalifət iqtidarın sağlam opponenti olsun».


Dialoq məsələsinə toxunan Həsənov deyib: «Bilirsiniz, iqtidarla müxalifətin eyni masa arxasında oturmasına heç bir lüzum yoxdur və bu gün buna da, belə demək mümkünsə, cəmiyyətin tələbi yoxdur. İqtidar da, müxalifət də Azərbaycan cəmiyyətinin, siyasi sisteminin əsas institutlarıdır. Yəni, hökumət və onun başında dayanan insanlar, eyni zamanda, onlara opponentlik edən, müxalifətdə duran qüvvələr də bu siyasi sistemin institutlarıdır. Müxalifətin də fəaliyyətinə, hökumətin də fəaliyyətinə Azərbaycan xalqı qiymət verir. Xalq son anda seçicidir, seçim edəndir. Onun münasibətindən asılı olaraq növbəti seçkilərdə bu institutlardan biri qalib gəlir və yaxud da yerlərini dəyişirlər.


Ona görə də, biz düşünürük ki, daha çox öz gücünü, nə bilim, hansısa cəlbedici ideyalarını, proqramlarını hakimiyyətə deyil, xalqa inandırmalı, xalqa sübut etməlidir. Onlar xalqı daha çox inandırmalıdırlar ki, bu qüvvələr Azərbaycanı daha yaxşı idarə edə bilərlər və yaxud da daha idarə etmək üçün bunların potensialı var. Odur ki, haqqında tez-tez söhbət açılan iqtidar-müxalifət dialoqunu belə geniş şəkildə mütəmadi olaraq hallandırmaq, düşünürəm ki, müəyyən maraqlı qüvvələrin arzu və istəkləridir».


«Azadlıq» qəzeti yazır ki, «Azadlıq» bloku, Müsavat və ADP seçki komissiyalarının formalaşdırılması məsələsində, nəhayət, yekdil rəyə gələ bildilər. «Uzun sürən müzakirələrin sonunda tərəflər arasında belə bir razılıq əldə olundu ki, seçki komissiyalarının 50 faizi son parlament seçkilərində çoxluq qazanmış YAP-ın, yerdə qalanı isə səslərin minimum 1 faizini toplamış partiyaların nümayəndələrindən təşkil edilsin. Son parlament seçkilərində səslərin minimum 1 faizini toplaması rəsmən etiraf edilmiş partiyalar isə AXCP, Müsavat, ALP və ADP-dir. Müzakirələrdə «Azadlıq» blokunu təmsil edən Qulamhüseyn Əlibəyli bunu ən optimal variant hesab edir:


«Hesab edirəm ki, biz bu variantı qəbul etməklə ilk növbədə hakimiyyətin əlindən əlavə bəhanəni almış olduq. Çünki bundan əvvəl «Azadlıq» bloku seçki komissiyalarının son parlament seçkilərində səslərin minimum 1 faizini toplamış partiyalar arasında bərabər bölüşdürülməsini təklif edirdi. Blok seçki prosesində partiyaların bərabərlik prinsipini əsas götürərək bu təklifi irəli sürmüşdü. Amma təbii ki, seçki komissiyalarını inhisarında saxlamağa çalışan hakimiyyət müxtəlif bəhanələrlə bu təklifi qəbul etməyəcəkdi. Bu variantda isə biz bir növ YAP-a güzəşt etməklə əlavə bəhanələrin qarşısını almışıq. Bundan əlavə, digər partiyalar da bu varianta daha çox üstünlük verirlər. Ona görə də mən hesab edirəm ki, razılığa gəldiyimiz model ən optimal modeldir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG