Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Barəsindəki miflər yazdıqlarından çox olan jurnalist…


Eynulla Fətullayevin uzunmüddətli həbsi birmənalı yozulmur

Eynulla Fətullayevin uzunmüddətli həbsi birmənalı yozulmur

«Bilirsiniz, bu, Azərbaycan reallıqlarının absurdudur. Mən bilmirəm bu qətnamədən sonra yenə İlham Əliyev deyəcəkmi ki, Azərbaycanda demokratiya var…»


Bunu «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev bu il aprelin 20-si həbsindən cəmi bir neçə dəqiqə əvvəl demişdi. Həmin gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə o, 2 il 6 ay həbs cəzası aldı. Eynulla Fətullayev «Qarabağ gündəlikləri» yazısında xocalıların şərəf və ləyaqətini təhqir etməkdə günahlandırılırdı. Daha sonra isə ona terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınma ittihamları irəli sürüldü. Bu ittihamlarla bağlı da oktyabrın 30-da ona əlavə olaraq 8 il 6 ay cəza kəsildi.


Birinci dəfədir ki, Azərbaycanda jurnalistə həbsdə olarkən yenidən cəza kəsilir. Üstəlik, bu cəza öz ağırlığına görə jurnalistlərə kəsilən digər cəzaları arxada qoyur. Ona görə də bir çoxları hesab edir ki, bu, Eynulla Fətullayevə qarşı qərəzli münasibətin təzahürüdür və bunun arxasında siyasi sifariş dayanır. Eynulla Fətullayevin həbsində siyasi səbəblərin olub-olmadığını müəyyən etmək üçün isə onun fəaliyyətinə bir nəzər yetirməyə ehtiyac yaranır. Əslində, o, jurnalist fəaliyyətindən əvvəl siyasətlə məşğul olub. Azərbaycan Politologiya Unversitetini bitirən bu şəxs əvvəlcə Sosial Demokrat, sonra isə Yeni Azərbaycan Partiyasının üzvü olub. Hətta bir ara Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin köməkçisi vəzifəsində də çalışıb. Sonra bir sıra qəzetlərdə, o cümlədən qətlə yetirilən jurnalist Elmar Hüseynovun rəhbərlik etdiyi «Monitor» jurnalında çalışıb. 2005-ci ilin əvvəllərində isə Fətullayev «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərini təsis edib. Həmin vaxt bəzi jurnalist dairələrində dolaşan şayiələrdə bu qəzetləri Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun maliyyələşdirdiyi bildirilirdi. Ancaq Eynulla Fətullayevin özü bizə verdiyi müsahibədə bu şayiələri rədd etmişdi. İndi də bu məsələ ətrafında müxtəlif fikirlər dolaşır.


«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu hesab edir ki, Elmar Hüseynovun ölümündən və «Monitor» jurnalının nəşrinin dayanmasından sonra hakimiyyətin özü yaranmış boşluğun müəyyən mənada doldurulmasında maraqlı idi. Ona görə də həm müxalifəti, həm də bəzi məmurları hədəf seçən yeni qəzet və ya qəzetlərə ehtiyac var idi. Rəşidoğlunun sözlərinə görə, yeni layihələr kimi meydana çıxan «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetləri bu mənada hakimiyyətin o dövrkü siyasətinə cavab verirdi: «İlkin monitorinq aparsaq görərik ki, əvvəlcə prezident və onun ailəsi bu qəzetdə tənqid edilmirdi. Sonradan bu nəşrlər hakimiyyətdaxili çəkişmələrin ruporuna çevrildi. Nəticədə qəzetlərin fəaliyyəti dayandırıldı».


Azər Rəşidoğlu hesab edir ki, «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinə sonradan təkrar hücumlar və Eynulla Fətullayevin həbs edilməsi də yuxarıdan verilən sifarişlə həyata keçirilirdi. Onun sözlərinə görə, həmin qəzetlərin nəşri müvəqqəti olaraq bərpa edilsə də, hakimiyyətin ən yüksək elitası bu prosesin davamında maraqlı deyildi: «Artıq prezident «bəsdir, kifayətdir» komandasını vermişdi. Sadəcə, avtoritar ölkələrdə bu sifarişlərin yerinə yetirilməsi zamanı «ayı xidməti» göstərilir».


Hər halda bu, Eynulla Fətullayevin həbsinin səbəbləri ilə bağlı jurnalist düşüncəsidir. Bu düşüncənin nə qədər həqiqət olduğunu indi söyləmək çətindir. «Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu isə çalışdıqları qəzetləri həm Kəmaləddin Heydərovun, həm də sonradan Hüseyn Abdullayevin maliyyələşdirdiyi haqda fikirləri rədd edir: «Birinci şəxsdən tutmuş hamı bizdə tənqid olunub. Hakimiyyət niyə «Monitor»un boşluğunun doldurulmasında maraqlı ola bilərdi? Biz elə qəzet buraxırdıq ki, hakimiyyətin bütün təbliğatı alt-üst olurdu. Buna görə bizim qarşımız alındı».


Politoloq Zərdüşt Əlizadə isə Eynulla Fətullayevin təkrar həbs edilməsini bütünlükdə cəmiyyətin qorxudulması istəyi ilə izah edir: «Mən düşünmürəm ki, hakimiyyət jurnalistləri uzun müddət həbsdə saxlayacaq. Sadəcə, onlar cəmiyyətlə keçmişdə mülkədarlar təhkimli kəndlilərlə davrandığı kimi davranırlar».


Hakimiyyət düşərgəsində isə Eynulla Fətullayevin siyasi sifarişlə həbsini qəti inkar edirlər. «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, Eynulla Fətullayev xalqa atdığı böhtanların cavabını alıb. Artıq Fətullayevin birinci həbsi ilə bağlı şikayət Avropa İnsan Hüquqları Məhkəməsindədir. Onun vəkilləri ikinci cəza ilə də bağlı Avropa Məhkəməsinə müraciət etmək niyyətindədirlər. Eynulla Fətullayevin həbsi hansı səbəblərlə bağlı olur-olsun, vəkillər düşünürlər ki, mövcud ittihamların əsassız olduğunu sübut etmək onlara o qədər də çətin olmayacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG