Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:40

«Azərbaycan artıq dini toqquşma mərhələsinə qədəm qoyur»


«Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığı islamçıların fəallaşmasına gətirib çıxarır»

«Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığı islamçıların fəallaşmasına gətirib çıxarır»

Oktyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin «ölkədə müdhiş terrorun qarşısı alındı» deyə bəyanat verməsi ictimaiyyətdə şok yaratdı. «Ayna» yazır ki, hadisə çoxdan gözlənilən təhlükənin məntiqi nəticəsi kimi dəyərləndirildi. Məsələ ilə bağlı konfliktoloq Arif Yunus qəzetə müsahibə verib.


«Səmimi qəlblə Allaha inanan adamı narkomaniyada günahlandırmaq absurddur. Deməli, bizim polis və MTN işçiləri sovet dövründən qalma psixologiya ilə adamların cibinə narkotik maddə atıb ilişdirirlər. Onların Allah adamı olduqlarını nəzərə almırlar».


«Azərbaycanda vəhhabiçilik güclü sosial dayaqlara malik qüvvə hesab oluna bilərmi» sualını ekspert belə cavablandırıb: «Azərbaycanda hal-hazırda 1500-dən artıq məscid var ki, onların da təxminən 100-dən çoxu vəhhabiliklə bağlıdır. Bu gün ölkəmizdə vəhhabi cərəyanının 40 minə yaxın tərəfdarı yaşayır. Bunların təqribən 5-7 minə qədəri fəal kəsim hesab olunur və onlar siyasi proseslərə qarışırlar. Yerdə qalan hissəsi isə, sadəcə olaraq, Allaha inanan sıravi məzhəb nümayəndələridir».


Arif Yunus deyir ki, ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlığı islamçıların fəallaşmasına və siyasi proseslərə qoşulmalarına gətirib çıxarır.


Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov bildirir ki, «yaxın vaxtlarda ölkə siyasətində böyük dəyişikliklər gözlənilir». O, bu barədə «Yeni Müsavat»a müsahibəsində bildirib.


«Demokratik düşərgə öz işini təkcə fəal etiraz elektoratı ilə yox, eləcə də digər təbəqələrlə qurmalıdır. Bura həm biznes elitası, həm də məmur korpusu daxildir. Müxalifət seçkilərə 5-10 gün qalmış onlara ünvanlanan bir bəyanat verməklə bu işi görə bilməz. Seçkilərdən bir neçə il əvvəl bu istiqamətdə əsaslı iş görülməlidir. Təəssüflər olsun ki, bu günə kimi müxalifət bu istiqamətdə əsaslı işlər görməyib. Narazılığın çox olmasına baxmayaraq, demokratik dəyişikliklərin baş verməməsinin bir neçə əsas səbəblərindən biri də odur ki, müxalifət adətən yalnız fəal etiraz elektoratı ilə işi yaxşı qurur. Qalan vacib təbəqələrlə işi ya yarımçıq görür, ya da həmin zümrəylə, ümumiyyətlə, iş aparılmır. Bu mənada təbii ki, məmur korpusu indiki «status-kvo»nun saxlanmasına daha çox meyllidir. Onlar istəyir ki, müxalifət bir qədər güclənsin və buna görə də İlham Əliyev məmurlara toxunmasın».


«Azərbaycanda keçirilən seçkilərdə seçicilərin barmaqlarının mürəkkəbə batırılması ilə bağlı Seçki Məcəlləsinə dəyişikliklər ediləcək», Lənkəranda səfərdə olan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov «Üç nöqtə»yə bildirib. Onun sözlərinə görə, Avropa Şurası Venesiya Komissiyası ilə müzakirələr başa çatdıqdan sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək.


Noyabrın 7-8-də Bakıda Venesiya Komissiyasının iştirakı ilə Seçki Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunacaq. Müxalifət partiyaları hesab edir ki, seçki komissiyaları paritet əsasda formalaşdırılmalıdır. Pənahov bildirib ki, seçki komissiyalarının paritet əsasda formalaşdırılması mümkün deyil. Çünki Azərbaycanda mövcud olan bütün siyasi partiyaların hamısının komissiyalarda təmsil olunması proseduru olduqca çətindir. MSK sədri, həmçinin bildirib ki, gələn il oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı seçkiyə rəsmi start iyul ayında veriləcək.


«Bakıda «avtoş ovu» başlanıb»- bu barədə «Ekspress» məqalə dərc edib. Qəzet yazır: «Bakı küçələrində idarə etdikləri avtomobillərin konstruksiyalarına ciddi dəyişikliklər etmiş şəxslərin saxlanması başlanıb». İlk növbədə «VAZ-2106» və «VA3-2017» markalı maşınlara diqqət yetirilir.


Qabaq təkərlərinin amortizatorlarının konstruksiyasına dəyişiklər edilməsi yolu ilə maşının önü qaldırılan, zavodda təchiz edilmiş disklərin daha böyük disklərlə əvəzləndiyi, təkərlərin dəyişdirildiyi maşınlar daha çox saxlanıb.


Dünən günortaya olan məlumata görə, artıq 231 şəxs «konstruksiya dəyişiklikləri»ylə bağlı saxlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG