Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:20

Ramil Usubov cəmiyyəti radikal dini qruplara qarşı mübarizəyə çağırır


Daxili İşlər naziri Ramil Usubov, 9 aprel 2006

Daxili İşlər naziri Ramil Usubov, 9 aprel 2006

«Bu gün də olmasa, sabah belə təhlükə cəmiyyət üçün çox qorxulu ola bilər».


Daxili İşlər naziri bunu oktyabrın 29-da Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəhhabiyə qarşı həyata keçirdiyi əməliyyatdan sonra deyib.


«Dinə etiqad azaddır. Amma əgər radikalizmlə bağlı, din pərdəsi altında belə təbliğatlar gedirsə, bu, cəmiyyət üçün çox təhlükəlidir. Hər bir vətəndaş belə halların qarşısını almaq üçün özü tədbir görməlidir. Öz gücü çatmırsa, hüquq-mühafizə orqanlarına müraciət etməlidir», - deyə Ramil Usubov vurğulayıb.


Nazir qeyd edib ki, dövlət də öz növbəsində, lazımi tədbirlər görür.


Ramil Usubov xatırladıb ki, Azərbaycan 90-cı illərin əvvəllərində ən çox terrordan əziyyət çəkən ölkələrdəndir.


***


Bakıda polis gücləndirilmiş iş rejimində işləyir. Xüsusən parklar, şəhərin mərkəzi meydanları, dövlət qurumlarının ətrafları, xarici ölkə səfirliklərinin binaları və əcnəbi şirkətlərin ofisləri ətrafında polis nəzarəti gücləndirilib.


Səbail polisinin nümayəndələri «Azadlıq» radiosunun əməkdaşına bildiriblər ki, gücləndirilmiş iş rejimi oktyabrın 29-da aparılmış əməliyyatla bağlıdır.


Onlar hətta ətraf rayonlardan şəhərin mərkəzinə polislərin cəlb olunduğunu deyiblər.


Polislər bildiriblər ki, bu, müvəqqəti haldır.


Bu arada ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərindən «Azadlıq» radiosuna bildiriblər ki, onlar oktyabrın 30-da da məhdud rejimdə işləyəcəklər.


Oktyabrın 29-da Bakıdakı ABŞ və Böyük Britaniya səfirlikləri fəaliyyətlərini məhdudlaşdırıblar. Hər iki səfirlikdən bunun səbəbini təhlükəsizliklə izah ediblər.


Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görəsə oktyabrın 29-da «Bakı şəhərində bir sıra dövlət strukturlarına, habelə beynəlxalq anti-terror koalisiyasına üzv olan dövlətlərin səfirliklərinə və nümayəndəliklərinə qarşı müdhiş terror və təxribat keçirilməsinin qarşısı alınıb».


Günün bütün mövzuları

XS
SM
MD
LG