Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Levon Ter-Petrosyan Qarabağ probleminin həllini necə görür?


Petrosyanın fikrincə, konfliktin bircə yolu var

Petrosyanın fikrincə, konfliktin bircə yolu var

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Qarabağ probleminin həllini necə görür? Onun fikrincə, indiki Ermənistan hakimiyyətinin son 10 ildəki taktikası mövcud status-kvonu saxlamağa yönəlib: sözdə sülh sazişindən danışmaq, ancaq mümkün həllin qarşısını hər vasitə ilə almaq.


Ter-Petrosyan deyir ki, bu taktika ağıllı görünə bilər. Yəni dünya 10-15 ildən sonra bu münaqişəni unudur və reallıqla barışır.


Ancaq onun fikrincə, bu, o vaxt ağıllı yol olardı ki, Ermənistan status-kvonu 10-15 il doğrudan da saxlaya bilərdi. Ancaq təcriddə olan Ermənistanın buna gücü yoxdur.


Əksinə Azərbaycan neftdən varlandıqca Ermənistanla onun arasındakı hərbi və iqtisadi resurslar baxımından uçurum dərinləşir. Beləliklə, onun birinci fikri odur ki, problem tez həll olunmalıdır, məsələni uzatmaq sərf etmir.


Bəs həll prosesi necə olmalıdır? Mübahisələrdən biri də problemin mərhələli, yoxsa birdəfəlik həlli üstündədir? Ter-Petrosyan belə bir ifadə işlədib: «Bədbəxtçilikdən, mərhələli həlldən başqa çıxış yolu yoxdur».


Onun fikrincə, konfliktin bircə yolu var - Dağlıq Qarabağ öz müqəddəratını özü həll etməlidir.


Ancaq sual olunur ki, bunun özü realdırmı?


Ter-Petrosyan deyir ki, mərhələ-mərhələ və mütləq qarşılıqlı güzəştlə Dağlıq Qarabağ məsələsi həll oluna bilər.


O, bir prinsipial suala cavab verməyib: Dağlıq Qarabağ müstəqil olsun, yoxsa Azərbaycanın tərkibində? Əslində, Qarabağ münaqişəsi elə bu suala görədir, Ter-Petrosyanın mövqeyi isə belədir ki, qarşılıqlı güzəştlərlə dil tapmaq olar.


Ter-Petrosyan prezident ola biləcəkmi ki, söylədiklərini reallığa çevirə bilsin? İkinci sual isə odur ki, Ter-Petrosyanın fikirlərini Ermənistan cəmiyyəti bölüşürmü? Qarabağ probleminin həllini yubatmamaq fikri yetişibmi?


İndiki prezident Robert Koçaryan deyib ki, Ter-Petrosyan gələn ilki prezident seçkilərində əsas namizəd olmayacaq. Ondan irəlidə 2-3 nəfər var.


Yerevandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyir ki, Ter-Petrosyanın şansı var, ancaq hələlik vəliəhd hesab olunan Serj Sarkisyanın şansından azdır.


İskəndəryan deyir ki, Ermənistan cəmiyyətində və elitasında bir ümumi razılıq var; müharibə ilə aldığımızı niyə verməliyik? Buna bizi nə məcbur edir? Özü də əvəzində heç nə təklif olunmur: «Ter-Petrosyan nəsə yeni təklif edir. Ermənistan cəmiyyətində problemi tez həll etmək istəyənlər var, ancaq onlar azlıqdadır».


Azərbaycanlı politoloq Arif Yunus isə deyir ki, Ter-Petrosyan və onun tərəfdarları doğrudan da hesab edirlər ki, Ermənistan Dağlıq Qarabağ məsələsində xeyli uduzub və regional inkişafdan geri qalıb.


Bəs onda Ter-Petrosyan şansı olmaya-olmaya aktiv siyasətə niyə qayıdır?


Arif Yunusun fikrincə, inteqrasiya, böyük layihələrə qoşulmaq tərəfdarları ilə ənənəvi mövqedə duranlar arasında mübarizə güclənir, Xüsusilə son iki ildə. Bu baxımdan Ter-Petrosyanın və bu ideyaların ortaya çıxması təsadüfi deyil. Sadəcə olaraq hələ qüvvələr bərabər deyil.


Günün bütün mövzuları

XS
SM
MD
LG