Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

«Xəzər neftinin Baltik dənizinə çıxarılması məsələsi həllini tapmaqdadır»


Estoniyanın Xarici İşlər naziri Urmas Paet, 9 aprel 2007

Estoniyanın Xarici İşlər naziri Urmas Paet, 9 aprel 2007

Xəzər neftinin Baltik dənizinə çıxarılması məsələsi artıq həllini tapmaqdadır. Bunu oktyabrın 29-da Bakıya səfərə gələn Estoniyanın Xarici İşlər naziri Urmas Paet bəyan edib.


Onun sözlərinə görə, tikiləcək kəmərin parametrləri hələ məlum olmasa da, Avropanın enerji mənbələrinin diversifikasiyası hamıya, xüsusilə də Azərbaycana fayda gətirəcək.


Estoniyalı nazir oktyabrın 29-da Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar aparıb. İki nazir enerjidən başqa, siyasi əməkdaşlıq, beynəlxalq proseslər və münaqişələr məsələsini də müzakirə ediblər.


Məmmədyarov deyib ki, Estoniya Avropa Birliyində yaradılması planlaşdırılan GUAM Dostluq Qrupuna üzv olmağa qərar verib. Belə bir təkliflə Litva prezidenti Valtas Adamkus ötən il çıxış etmişdi. Tezliklə GUAM-ın milli koordinatorları toplaşacaq və Dostluq Qrupunun yaradılmasını müzakirə edəcəklər. Xarici İşlər nazirinin müavini Araz Əzimov bu toplantıda iştirak etmək üçün sabah Vaşinqtonda olacaq.


Məmmədyarov onu da deyib ki, Estoniya Azərbaycanla iqtisadi əlaqələri genişləndirməyə maraq göstərir. Urmas Paet Bakıya 20-dən artıq iş adamı ilə gəlib və səfər çərçivəsində ikiqat vergidəntutma ilə bağlı ölkələr arasında saziş imzalanacaq.


Eston nazir Qarabağ məsələsinə də münasibətini açıqlayıb. Onun sözlərinə görə, münaqişə ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bunun üçün beynəlxalq ictimaiyyət yardım edə bilər: «Qafqazda münaqişələr olmamalıdır. Əfsuslar olsun ki, Azərbaycan, Gürcüstan və Moldovadakı konfliktlərlə bağlı çox həssaslıq var və buna görə də ölkələr başqa əsas məsələlərlə məşğul ola bilmirlər».


XS
SM
MD
LG