Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:06

«Əfv fərmanı yanvara qaldı»


«İndiyədək fərmanların bayram ərəfəsində verilməsi təsadüfdür»
«İndiyədək fərmanların bayram ərəfəsində verilməsi təsadüfdür»

«12 noyabr Konstitusiya günündə növbəti əfv fərmanının imzalanacağı ilə bağlı cəmiyyətdə gözləntilər var. Prezident yanında Əfv Komissiyasından media nümayəndələrinə verilən məlumatda əfvin olacağı təsdiqlənsə də, hələlik ortada konkret fikir yoxdur. Bu dəfəki fərmana həbsdə olan jurnalistlərin adlarının salınması da gözlənilir». Oktyabrın 28-də çapdan çıxmış «Yeni Müsavat» qəzetinin «Əfv fərmanı yanvara qaldı» başlıqlı məqaləsində belə deyilir.


Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə müxbirlə söhbətində noyabrın 12-də əfvin veriləcəyinin inandırıcı olmadığını bildirib. Prosedur qaydalara əsasən, fərmanın üç aydan bir imzalandığını deyən hüquq müdafiəçisi belə qərarın yanvar ayında verilməsini mümkün sayır: «Avropa Şurası Parlament Assambleyasının yanvarda keçiriləcək qış sessiyasında Azərbaycana dair məsələlər müzakirə predmeti olacaq. Hələ qurumun yaz sessiyasında Azərbaycan hökumətinə üzərinə götürdüyü öhdəliklərə əməl etməsi üçün yanvara qədər vaxt verilmişdi. Məsələyə bu kontekstdən yanaşsaq, prezidentin yeni il ərəfəsində əfv fərmanı imzalayacağı daha realdır. Digər tərəfdən, aparılan işlər də əfvin yaxın gələcək üçün veriləcəyini göstərir».


Ç.Qənizadə cəmiyyətdə hər bayram ərəfəsində əfvlə bağlı gözləntilərin yaranmasının bir qədər yanlış olduğunu deyib: «Bayramlarda fərmanın imzalanacağını gözləmək düzgün deyil. Əfv haqqında əsasnamədə də göstərilib ki, bu barədə qərar ildə dörd dəfə - üç aydan bir verilə bilər. İndiyədək fərmanların bayram ərəfəsində verilməsi təsadüfdür».


«Növbəti əfv nə qədər sayda məhbusa şamil edilə bilər» sualına cavabında Ç.Qənizadə bildirib ki, məsələ hüquq müdafiəçilərinin və hakimiyyət nümayəndələrinin birgə təmsil olunduğu İşçi Qrupunun toplantısında müzakirəyə çıxarıldıqdan sonra konkret rəqəm açıqlanacaq: «Hazırda qrupun müzakirəsində 55 nəfərlik siyahı var. Həmin şəxslərdən kimlərin əfvə düşəcəyini əvvəlcədən deyə bilmərik. Lakin adı 55 nəfərlik siyahıda göstərilən məhbusların əksəriyyəti xəstələr və ya barələrində əsassız həbs qərarı çıxarılanlardır. Onların əfv fərmanına salınması hüquqi və insani baxımdan daha ədalətlidir. Bu siyahı azalarsa, AŞ PA-nın qış sessiyasında hakimiyyətin vəziyyəti bir qədər yüngülləşər».


«Gün səhər» qəzetindəki «Qapa(z)lı türmənin olayları» başlıqlı məqalədə deyilir ki, Qobustan qapalı həbsxanasından yenə də həyəcanlı xəbərlər gəlir. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun sözlərinə görə, yeni rəis təyin edildikdən sonra cəzaçəkmə müəssisəsində rejim daha da sərtləşib: «Kazım Abdullayevin müəssisəyə rəhbər gəldiyi ilk gün həbsxanaya xüsusi təyinatlılar və qara maskalılar dəvət edilib. Bundan sonra cəzaçəkmə müəssisəsində aksiya keçirən «ömürlüklər»ə qarşı fiziki zorakılıqlar başlayıb. Artıq məhbuslara vəkilləri və yaxınları ilə vaxtlı-vaxtında görüşə imkan verilmir. Bu özbaşınalıqlara etiraz edən 20 məhbus özünə xəsarət yetirib. Heç tibbi yardım almağa da imkan verilmir».


L.Yunus qəzetə deyib ki, həbsxanadakı real vəziyyəti ölkənin bütün aidiyyatı orqanlarına çatdırıblar. Onların bu məsələyə biganə qalmasını isə hüquq müdafiəçisi məsuliyyətsizlik kimi qiymətləndirir.


«Gün səhər» yazır ki, hüquq müdafiəçiləri gələn həftənin ikinci və ya üçüncü günü Qobustan həbsxanasında monitorinq aparacaq.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG