Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:26

Ali məktəblərdə «çadra qadağası» davam edir


«Yenə hicab taxsalar, yenə dərsə buraxılmayacaqlar»

«Yenə hicab taxsalar, yenə dərsə buraxılmayacaqlar»

Oktyabrın 26-da Respublika Müəllimlər İnstitutunun Zaqatala filialında çadralı müəllimə və tələbələr dərsdən qovlanıb.

Zaqatala filialının direktoru Tovuz Eminli isə bildirir ki, hicabla dərsə gələnlər instituta buraxılmayacaqlar:


«Çadrayla instituta gəlmək olmaz. Bura nə İrandır, nə də İraq» deyən Tovuz xanım dindarlara hicab taxmağı qadağan etməsinin səbəbini də özünəməxsus formada əsaslandırdı: «Onlar heç kimə qarışmırlar. Tədbirlərdə iştirak etmirlər. Bu da psixoloji problem yaradır. Buna görə də onlara demişəm ki, hicab əvəzinə şal bağlayıb dərsə gəlsinlər».


Əgər dindar müəllimə və tələbələr dərsə hicabla gəlməkdə davam edərlərsə, nə olacaq?


Tovuz xanım qətiyyətlə bildirir: «Yenə hicab taxsalar, yenə dərsə buraxılmayacaqlar». Biz filial direktoruna təhsil naziri Misir Mərdanovun hicabla və ya digər geyim formasıyla ali məktəblərə getməyin hər kəsin öz hüququ olduğu barədə dediklərini çatdırdıq. O, isə öz dediklərində davam etdi. Və bildirdi ki, onlara bu barədə göstəriş Müəllimlər İnstitutundan gəlib. «Biz filial rəhbəri kimi mərkəzdən gələn göstərişləri yerinə yetiririk!». Vəssalam...



... Artıq iki gündür ki, avtomobillərinin şüşələri qara plyonkalı olan avtomobillərlə yanaşı, səs siqnalları gur olan maşınların sahiblərini də Yol Polisi saxlayır.


«Sürücülərin nəzərinə çatdırmaq istərdik ki, standart olmayan siqnallar yığışdırılır və bundan sonra da mütəmadi olaraq yığışdırılacaq. Bir daha bildiririk ki, qanunla yasaqlanmış yerlərdə, şənliklər zamanı və lüzumsuz olaraq siqnallardan istifadə etməsinlər», - DYP-dən «Ekspress»ə bildirdilər.


Bakının 28 May və Hüsü Hacıyev küçələrində dünən [oktyabrın 26-da] cəmi 1 saat ərzində 12 avtomobil saxlandı, əcaib səsli siqnallara malik bu avtomaşınların «səsi batırıldı»...



Oktyabrın 28-də yay vaxtı bitəcək və saatlarımızın əqrəblərini bir saat geri çəkməklə qış vaxtına keçəcəyik. Deməli, səhərlər indikindən düz 60 dəqiqə artıq yatmaq imkanımız olacaq.


Hazırda dünyada 110-dan çox ölkə yay və qış vaxtına keçir. İlk dəfə isə 1908-ci ildə Böyük Britaniyada saatın əqrəblərinin işinə müdaxilə edilib.


Azərbaycanın da tərkibində olduğu SSRİ-də də uzun müddət yay-qış rejiminə əməl olunub. Yay və qış vaxtına keçməkdə əsas məqsəd isə günün işıqlı vaxtından səmərəli istifadə etmək və elektrik enerjisinə qənaətdir. Amma indiyə kimi Azərbaycanda bu yolla elektrik enerjisinə nə qədər qənaət olunduğunu müəyyənləşdirmək üçün hesablama aparılmayıb... Beləliklə, yay və qış vaxtına keçidlə nə qədər qazanc əldə etdiyimizi bilmirik. Halbuki həkimlər bu prosesin insanların və digər canlıların sağlamlığına ziyan vurduğunu çoxdan təsdiqləyiblər.



Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Agentliyinin sektor müdiri Ramiz Abbasov isə həkimlərin bu qənaəti ilə razılaşmır:


«Bunu söyləyənlər ancaq ona əsaslanırlar ki, yay, qış vaxtına keçəndən sonra apteklərdən dərman alanaların sayı artır. Bir də deyilənlərə görə, həmin vaxt inəklər yaxşı süd vermir. Yeri gəlsə, yuxudan bir saat gec və ya tez durmaq da, inəyi bir saat gec sağmaq da olar. Digər tərəfdən. əqrəblərin irəli və geri çəkilməsi həftənin 6-cı günündən bazar gününə keçən gecə aparılır ki, insanlar yeni qrafikə öyrəşsinlər».


Amma insan orqanizminin bir həftəyə yeni qrafikə uyğunlaşması mümkün olmur. Çünki canlıların orqanizmindəki bioloji «saatı» dəyişmək, adi saatların əqrəbini irəli, geri çəkmək qədər asan deyil. İnsanın immun sistemi əqrəblərin irəli və ya geri çəkilməsindən ən tezi 3 həftə sonra «özünə gəlir»...


XS
SM
MD
LG