Azərbaycan NATO ilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin mühafizəsi ilə bağlı heç bir müzakirə aparmır. Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun hərbi alyansın BTC-ni nəzarəti altına götürə biləcəyi barədə bəyanatını şərh edərkən bildirib.
XİN rəsmisi «Azadlıq» radiosuna deyib ki, NATO və digər beynəlxalq təşkilatlarla Azərbaycanın apardığı təhlükəsizlik müzakirələrində ümumi əməkdaşlıq çərçivəsində enerji məsələləri də mövcuddur, lakin neft kəmərinin mühafizəsi ilə bağlı Bakıya heç bir təklif irəli sürülməyib:
«Azərbaycan, Gürcüstan və Türkiyə həm fərdi, həm də birlikdə BTC-nin təhlükəsizliyi üçün müvafiq tədbirlər görürlər. Digər tərəfdən, unutmaq lazım deyil ki, BTC-ni təşkil etmiş dövlətlərdən biri - Türkiyə NATO-nun üzvüdür və təhlükəsizliklə bağlı məqamlarda alynasın standartlarından istifadə olunur. Ola bilsin ki, NATO rəsmisi də bu məqamlardan irəli gələrək fikir ifadə edib».
Oktyabrın 23-də Moskvaya işgüzar səfəri zamanı Robert Simmons bildirib ki, BTC-yə potensial təhlükə terror hücumlarıdır. Buna görə də NATO kəmərin mühafizəsini öz üzərinə götürə bilər.
X.İbrahim isə deyir ki, Azərbaycan özü milli maraqlarına köklənmiş təhlükə və təhdidlərə cavab verməyə hazırdır. Bununla yanaşı, beynəlxalq təşkilatlar və ölkələrlə də əməkdaşlıq imkanlarını istisna etmir.
NATO birləşmələrinin BTC-ni mühafizə etməsinə ən çox Rusiya qarşıdır. Moskva dəfələrlə bildirib ki, bu, Rusiyanın maraqlarına ziddir.