Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:22

250 min avroluq qadın qol saatları…


Bakıda qızıl-zinət əşyaları istehsalı edən «Chopard» kompaniyasının mağazası açılıb
Bakıda qızıl-zinət əşyaları istehsalı edən «Chopard» kompaniyasının mağazası açılıb

Oktyabrın 20-də Bakıda İsveçrənin qızıl-zinət əşyaları istehsal edən məşhur «Chopard» kompaniyasının mağazası açıldı. Olduqca təntənəli keçən açılış mərasimində qırmızı lenti dövlət başçısının Böyük Britaniyada yaşayan bacısı Sevil Əliyeva kəsdi.


Mağazada olduqca gözəl, klassik və çağdaş üslübda işlənmiş dəbdəbəli zinət əşyaları var. Qiymətlər isə son dərəcə bahadı. İdman üslübunda kişi qol saatlarının qiyməti 7 min, kassik stildə kişi saatlarının qiyməti isə 25 min avrodan başlayır. Qadınların xərci isə hər zamankı kimi daha çoxdur. Qadın qol saatları mağazada 250 min avroya satılır. Buradakı 750 əyarlı qızıl, platin və brilyantlarla işlənmiş üzük-sırğa dəstlərinin qiyməti 50 min avrodan başlayıb 700 min avroda bitir. Üzərində firmanın adı yazılmış adi diyircəkli qələmlərin qiyməti 220-700 avro arasında dəyişir. Amma bir xeyli yeni mağazada dolaşsaq da, müştəri gözə dəymədi.


Mağazanın çölündə, küçədən keçən bir neçə adamla da söhbət etdim. Əksəriyyəti düşünür ki, belə bahalı mallar onlarlıq deyil.


Belə mağazaların Azərbaycanın qızıl bazarına təsirinin olub-olmadığını da araşdırdıq. 10 ildən artıq Bakıda zərgərliklə məşğul olan Mahir Səlimov dedi ki, butiklərin qızıl bazarına təsiri sezilmir. Çünki onların alıcıları bəlli bir zümrədir. Onlar da adətən belə əşyaları Bakıdan deyil, tez-tez səfər etdikləri Avropadan almağa üstünlük verirlər.


Bakıya isə əsas qızıl Dubay və Türkiyədən gətirilir.


Zərgər Azərbaycan bazarına aşağı keyfiyyətli qızıl-zinət əşyalarının gətirildiyini də deyir. Onun sözlərinə görə, keyfiyyətsiz mallar Azərbaycana daha çox Türkiyədən idxal olunur.


Sentyabrın ortalarında Azərbaycanın qızıl bazarında qiymətlər təxminən 10 faiz bahalaşıb. Mahir Səlimov deyir ki, bu, əsasən dünya bazarındakı tendensiya ilə bağlı olsa da, bu işdə Azərbaycandakı monopolistlərin də əməyi az deyil. Ona görə də alıcılıq qat-qat aşağı düşüb.


Bakının mərkəzi küçələrini bəzəyən Avropanın məşhur geyim, qızıl-zinət əşyaları markalarının butiklərinin biznes imkanlarının genişləndirilməsi üçün deyil, sadəcə, görüntü üçün açıldığını deyənlər çoxdur. Belələrinin arqumentinə görə, bu cür mağazaların sahibləri sadəcə, «pulun hardandır» kimi mümkün suala cavab vermək üçün həmin mağazaları saxlayırlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG