Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

İki binanın sakinləri küçələrdədir


Qoşa binanın sakinləri indi də evdə arabir titrəmələr hiss etdiklərini deyirlər

Qoşa binanın sakinləri indi də evdə arabir titrəmələr hiss etdiklərini deyirlər

Neçə gündür ki, Bakı şəhəri, Nizami rayon Şərifli küçəsi 90 və 92 saylı binaların sakinləri narahatdırlar. Onlar «Biz hara gedəcəyik? Nəsə ciddi bir şey olsa, bizə başqa yerdə ev verən olmayacaq», - deyə bildirirlər.

Həftəsonu bu iki binada baş verən güclü silkələnmədən sonra camaat küçələrə tökülüb. Sakinlərdən Şeyda Manafova deyir ki, icra hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən gəlib camaatı evlərindən çıxarsalar da, sonda binanın yararlı, yoxsa yararsız olması haqda onlara heç nə deməyiblər: «Gəldilər, qapını döydülər ki, çıxın bayıra bina uçur. Ayaqyalın çıxdıq. Sonra heç dərin yoxlama da aparmadılar. Camaatı yığıb demədilər ki, narahat olmayın, yoxlamışıq. Görünür, bizi adam yerinə qoymurlar».


Manafova deyir ki, həmin gündən çox narahatdırlar: «Elə adam var ki, qorxusundan evə gəlmir».


Digər bir sakin İbrahim Nəbiyev isə deyir ki, evinə təzə gəlib, qonşularından elələri var ki, hələ də qohumlarının evində yaşayır: «Çünki bizə rəsmi heç nə deyən yoxdur. İcra hakimiyyətindən gəldilər, baxdılar, getdilər…»


Qoşa binanın sakinləri indi də evdə arabir titrəmələr hiss etdiklərini deyirlər.


Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Mütəxəssislər Assosiasiyasının rəhbəri Həbib Ocaqov isə bildirir ki, bu cür vəziyyətlərdə sakinlərin təhlükəsizliyi təmin olunmalıdır və rəsmi qurumlar onları nə baş verməsi haqda məlumatlandırmalıdır.


Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ərrəhman Həsənovsa deyir ki, hadisəyə səbəb yaxınlıqdakı tikinti şirkətinin yeni bina üçün qazdığı özülün standartlara cavab verməməsidir: «Lazım olan texnologiyadan istifadə edilməyib. Ona görə də silkələnmə olub».


Həsənov bildirir ki, bundan sonra tikinti işlərinin üç gün müddətinə dayandırılması barədə göstəriş verilib. Tikintinin davam edib-etməyəcəyi isə bu günlərdə məlum olacaq. İcra başçısının müavini sakinləri əmin edir ki, binaya ciddi ziyan dəyməyib, yaşayış üçün heç bir təhlükə yoxdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG