Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:07

Zaqatalada bir kabus dolaşır…


Zaqataladakı dindarlardan bəzisi Murad Muradovu özlərinə rəhbər və ağsaqqal bilirlər
Zaqataladakı dindarlardan bəzisi Murad Muradovu özlərinə rəhbər və ağsaqqal bilirlər

«Bismillahi-rəhmanir-rəhim!..Mənim adım Əlimərdandır...»


Bu söz Zaqatalada çəkilmiş «Yenilməz batalyon» filmindəndir. Həmin filmdə olduğu kimi, indi də Zaqatalada məscidlər müxtəlif qrupların görüş yeridir. Düzdür, onlar filmdəki kimi bura silah-sursat daşımırlar. Ancaq Zaqatalada - müxtəlif dinlərə, təriqətlərə qulluq edən, 20-dən artıq azsaylı xalqın yaşadığı, xarici ölkələrin xüsusi xidmət orqanlarının həmişə fəal olduğu bu bölgədə son zamanlar polislə dindarların münasibəti kəskinləşib.


«Vəhhabi kabusu»

Zaqatalada indi bir kabus dolaşır, polis və sadə camaat ona «vəhhabi kabusu» deyir. Polis, eləcə də rayon sakinləri, xüsusən də ziyalılar və bölgənin qazisi vəziyyətin təhlükəli olduğunu, radikal dini qrupların fəallaşdığını, onların tərəfdarlarının artdığını, Zaqatalada bəzi kəndlərin tamamilə vəhhabiləşdiyini bildirirlər. Müsavat Partiyası rayon təşkilatının sədri Saleh Osmanov bəzi kəndlərin adlarını belə sadalamaqdan çəkinmir: «Məsələn, Tala-Binələr kəndi, elə Yuxarı Talada, Aşağı Talada da dəyərləndirdiyim uşaqlar var ki, vəhhabiliyə meyllənirlər. Hər halda, təşkilatlanırlar. Gələcəkdə ciddi təhlükələr gözlənə bilər».


Amma bu siyahının daha böyük olduğunu iddia edənlər də var. Özü də həmin kəndlər iki yerə bölünür. Bir var ərəbyönümlü vəhhabi kəndləri, yəni ərəb ölkələrindən olan missionerlərin təsiri altında olan kəndlər. Bura Zəyəm və Muxax aiddir. Bir də var Dağıstandan gələn, Rusiya kəşfiyyat orqanlarının nəzarəti altında olan kəndlər. Bura Car, Çardaxlar, Axaxdərə, Kebeloba, Masex, Makov, Danaçı, Suvagil, Tala-Binələr və s. aiddir.


Vəhhabi təriqətinin əsasının 17-18-ci əsrdə Ərəbistanda Məhəmməd ibn Abdulvahab tərəfindən qoyulduğu, bəzi mənbələrdəsə bu təriqətin yayılmasında ingilis kəşfiyyatının, o cümlədən müsəlman ölkələrindəki kəşfiyyat şəbəkəsinin rəhbəri Hempherin xüsusi rolu olduğu bildirilir. Vəhhabilər əsasən radikallıqları ilə seçilirlər. «əl-Qaidə» terror təşkilatı, Əfqanıstandakı Taliban dəstələri, eləcə də ABŞ-dakı 11 sentyabr olayları vəhhabilik ideologiyasının «töhfələri» kimi qəbul olunur. Vəhhabilər özlərini əsasən «əsl müsəlman», «sələfilər», «Əhli-sünnət vəl-Cəmaət» adlandırırlar. Azərbaycanda ötən əsrin 90-cı illərindən artmağa başlayıblar. Vəhhabilər xarici görkəmləri ilə frəqlənirlər, uzun saqqal saxlayır, qısa şalvar geyirlər.


Əli Qardaşov da vəhhabi kimi tanınan kəndlərdən birindən, Makovdandır. Bu kənddə vəhhabiliyin geniş yayıldığını o da etiraf edir. Hətta vəhhabi dostlarının olduğunu da deyir. Amma buna görə onları qınamır: «Vəhhabi deyirlər, şiə-sünni deyirlər. Kimə ibadət edirlər? Allaha! Burda bircə qaydalar fərqlidir. Nəticədə onlar da müsəlmandır. Kim hansı şəkildə ibadət edir, öz işidir, buna münasibətim normaldır».


«Biz əhli-sünnə məzhəbindənik»


Zaqataladakı dindarlar da vəhhabi kimi tanınmalarına etiraz edir, özlərini «sələfi» adlandırır, peyğəmbərin davamçıları kimi təqdim edirlər. Onlara görə, sələfilik sünni təriqətinin bir başqa adıdır. Özünü sələfi kimi təqdim edən Etibar Məmmədov:



Zaqatala şəhəri, 16 oktyabr 2007
«Vəhhab özü alim olub. Məndən soruşanda vəhhabisənmi, dedim Məmmədov Etibaram. Biz onu əqidə kimi qəbul etmirik. Biz əhli-sünnə məzhəbindənik. Sələfilərik. Məqsədimiz haqqı qorumaq, Allahı tanıtdırmaqdır, biz də bunu edirik…»

Polisin şərti: saqqalı təraş etməli, şalvarın balağını uzatmalı, gündə beş deyil, iki rükət namaz qılmalı


Kamil Süleymanov qardaşları adından - onlar bir-birinə qardaş deyə müraciət edirlər - öz missiyalarını qısaca belə izah etməyə çalışır, biz sadəcə, polisə və dövlətə yardımçıyıq: «İnsanları pislikdən çəkindiririk. Heç bir qurumla əlaqəmiz yoxdur».

Zaqatalada özlərinə sələfi deyən dindarların məscidə gələn müsəlmanlarla oturub-durmamaları, geyimlərində və davranışlarındakı fərqlilik, öz dini baxışlarını, adətlərini, bütünlükdə yaşam tərzlərini başqalarına təlqin etmək cəhdi çoxlarının, o cümlədən polisin ürəyincə deyil. Buna görə də Zaqatalada son zamanlar polis bəzi dindarlara şərt qoyub; saqqalı təraş etməli, şalvarın balağını uzatmalı, gündə beş deyil, iki rükət namaz qılmalı.


Dindarlar isə etiraz edirlər. Polisin onlara terrorçu kimi yanaşmasına, son zamanlar evlərində vaxtaşırı axtarış aparılmasına, polisin şərtinə əməl etmədiklərinə görə, işgəncə və təzyiqə məruz qalmalarına.


«Əgər Murad Muradovun saqqalına əl dəysə, bu dəfə səbr etməyəcəyik!»


«Bizi Şamil Basayevlə, bin-Ladenlə əlaqədə ittiham edirlər, halbuki onların heç birini qəbul etmirik. İslam terrorun əleyhinədir». 50 yaşlı Murad Muradov belə deyir. Zaqataladakı dindarlardan bəzisi qeyri-rəsmi söhbətlərdə etiraf edirlər ki, Murad Muradovu özlərinə rəhbər və ağsaqqal bilirlər. O, Bakı İslam Universitetinin məzunudur. Özü haqda deyir: «Savadsız, fanatik deyiləm. 3-4 yaşımdan namaz qılıram».


Murad Muradov son bir neçə ayda evdən çölə çıxmadığını deyir. Səbəb də budur ki, 2003-cü ildə polis saqqalını təraş etdirəndən sonra abırını gözləyir, yolda-izdə saqqalının qırxdırılmasından çəkinir. Deməliyik ki, başqa dindarlar polis təzyiqindən sonra ya saqqallarını azaldıb, ya da saxlamırlarsa, evində görüşüb-söhbətləşdiyim Murad Muradovun isə əksinə uzun saqqalı var. Özünün dediyinə görə, biz Zaqatalada olduğumuz gün, yəni Ramazan bayramının sonuncu günündə polis ona da xəbər göndərib ki, axşama kimi saqqalını qısaltsın. Axşam saatlarında görüşsək də, polisdən xəbər yox idi. Bəzi dindarlar isə deyirlər ki, əgər Murad Muradovun saqqalına əl dəyərsə, onlar bu dəfə səbr etməyəcəklər.


Həmsöhbətim özüsə rayondakı dindarların adından danışır, sıralarında hövsələsiz, hətta aqressiv adamların olduğunu etiraf etsə də, onların vəhhabi olmadığını bildirir: «Bizim icmamız da, camaatımız da imamdır, məsciddir. Bəlkə bizi nəyəsə sürükləyirlər, asdıqları «yarlıklar»a uyğunlaşdırmaq istəyirlər? Asi omamızı istəyirlər?»


«Hansı qanunda var ki, saqqal saxlamağa görə uşağı döysünlər?»


Murad Muradov dindarların sıxışdırılmasını, onlara qoyulan şərtlərin mənasını başa düşmədiyini deyir. Bununla belə, dindarlar qarşı tərəfi qıcıqlandırmamağa çalışdıqlarını bildirirlər. Dindar Mübariz Zitayev: «Özünüz də görürsüz ki, balağı uzatmışıq. Üzümüzün tükünü də azaltmışıq. Axı heç bir qanunda bu göstərilməyib…»


Sevil Ramazanovanın oğlu Orxan da dindardır. Danışır ki, orucluq ayında polis oğlunu saqqal saxladığına görə döyüb və o, hələ də böyrəklərindən və baş ağrılarından şikayət edir: «İki gün yerindən tərpənə bilmədi. Hansı qanunda var ki, saqqal saxlamağa görə uşağı döysünlər?»


«Bizi sıra ilə düzdülər və alışqanla üzümüzü yandırdılar…»


Başqa bir dindar Qurban Orucov isə deyir ki, polis üzündəki tükləri didəndən sonra sifətini alşıqanla yandırıb: «Polis mənə dedi ki, bu nə saqqaldı, sol tərəfimdən bir zərbə vurdu, yerə yıxıldım. Sonra bizi sıra ilə düzdülər və alışqanla üzümüzü yandırdılar…»



Zaqatalada məscidlər müxtəlif qrupların görüş yeridir
Zaqatala mərkəzi bazarında çalışanların əksəriyyəti polisin vəhhabi kimi qələmə verdiyi dindarlardır. Bundan başqa, bir qismi rayondakı banklarda işləyir, bəzilərininsə öz təəsərrüfatı və ya kommersiya qurumları var. Polisin və yerli camaatın söylədiyi kimi, onların maddi sıxıntıları yoxdur, yardımlaşma və qarşılıqlı dəstək mexanizmi güclüdür; xəstəliyə, çətinliyə düçar olana dərhal maddi yardım göstərilir. Hətta hüquq-mühafizə orqanlarında çalışan bir nəfər deyir ki, dindarların xanımları hicabdan istifadə edir və üstəlik, işləmirsə, ona ayda 50 manat verilir.

«Polisin əlavə pulu hardandır ki, şəhərdə gördüyü bütün saqqallıları təraş etdirsin?»


Zaqatala Rayon Polis İdarəsində isə bizə bildirdilər ki, dindarların saqqalının yandırılması, onlara işgəncə verilməsi, beş deyil, iki rükət namaz qılmaları haqda deyilənlər həqiqətəuyğun deyil, dindarlar polisə böhtan atırlar. Hətta bunu da deyirlər ki, polisin əlavə pulu hardandır ki, şəhərdə gördüyü bütün saqqallıları təraş etdirsin? Polis onu da bildirir ki, dindarları qanunu pozduqda və ya nəyisə araşdırmaq lazım gəldikdə saxlayırlar.


Zaqatalada olduğumuz gün vəhhabi kimi tanınan dindar İbrahim Abdulməcidoğlu da polis tərəfindən saxlanmışdı. Polisin onu dəlləkxanaya aparıb saqqalını təraş etdiyini, maşınını və sənədlərini girov götürdüyünü deyirdi: «Maşınım idarənin həyətindədir».


Biz də onunla idarəyə getdik. Məlum oldu ki, o, doğrudan da saxlanılıb, ancaq qanunu pozduğuna görə. Zaqatala Yol Polisi İdarəsinin əməkdaşı bildirdi ki, İbrahim Abdulməcidoğlu avtomobilində 150 litr yanacaqla bazara girib, bununla özünü və xeyli sayda insanı təhlükə altında qoyub. Buna görə də sənədləri alınıb.


«Saxlamasınlar da, kimə lazımdır saqqal?»


İbrahim Abdulməcidoğlu özü də səhvini etiraf etdi və üstəlik, sənədlərini geri alarkən bildirdi ki, dövlətə, dövlətçiliyə sadiqdir, imamın müavini kimi, bütün dövlət tədbirlərində canla-başla iştirak edir. Bununla o, heç bir qruplaşmanın üzvü olmadığını bildirmək istəyirdi. O ki qaldı saqqal məsələsinə, təmiz təraş olunmasa da, həmin gün dəllək onun saqqalına yüngülcə əl gəzdirmişdi. Amma bunu nə İbrahim Abdulməcidoğlu açıb-ağartdı, nə də polis, hər iki tərəf məsələnin üstündən sükutla keçdi.


Yeri gəlmişkən, Zaqataladakı müşahidələrimiz göstərdi ki, dindarların dediyi kimi, tənbəllik edib və ya peyğəmbər əmridir deyə, saqqal saxlayan hər müsəlman polis şöbəsinə aparılıb məcburi təraş etdirilmir.


Məsələn, rayondakı Mədəniyyət Parkında çalışan Zikrulla Murtiyev deyir ki, istədiyi vaxt məscidə də gedir, namaz da qalır, saqqalını isə vaxtı olanda təmizləyir: «İşdən vaxt yoxdu üzümü qırxım, kiməsə təzyiq olduğunu mən görməmişəm. Saxlamasınlar da, kimə lazımdır saqqal?»


Onun iş yoldaşı Məmməd kişi əlavə edir ki, gündə beş rükət namaz qılır və ona namazın sayını azaltmaq haqda göstəriş-filan olmayıb.


«Vaxtilə mənim özünə də böyük pullar təklif olunub ki, vəhhabiliyə gəlim»


Bölgənin qazisi İbrahim Əfəndi ilə görüşdük. Xəbər alırıq ki, dindarlar onlara təzyiq edildiyni, işgəncələrə məruz qaldıqlarını deyirlər. Bir qazi kimi bu işi araşdırıbmı? O, polisin davranışına münasibət bildirmir, bir onu deyir ki: «Mənim saqqalımı hələ ki qırxan olmayıb. Onların saqqalı niyə qırxılır, deyə bilmərəm».



Polis İdarəsinin yeni rəisi də dindarlarla bağlı «əməliyyat»a məhz bazardan başlayıb
Hüquq-mühafizə orqanları kimi İbrahim Əfəndi də bizi əmin etmək istəyir ki, Zaqatalada vəhhabilərin sayı artmaqdadır. O, bunda ərəbləri, son illər bölgədə məscidlər tikən, ərəb ölkələrindən gələrək xeyriyyəçiliklə məşğul olan qurumları günahlandırır. Deyir ki, vaxtilə onun özünə də böyük pullar təklif olunub ki, vəhhabiliyə gəlsin. Ancaq radikal dini qruplaşmalarla birgə olmağa razılaşmayıb: «Bizim apardığımız dövlətin siyasətidir».

İbrahim Əfəndi bölgədə vəhhabiliyin yayılmasını həm də savadsızlıqla bağlayır, o, aradakı fikir ayrılıqlarına son qoymaq üçün dəfələrlə qarşı tərəfi müzakirələrə çağırdığını, amma çağırışların cavabsız qaldığını da bildirir.


«Vəhhabiliyə meyl edənlərin demək olar ki, hamısı azsaylı xalqların nümayəndələridir»


Hüquq-mühafizə orqanlarında çalışan bir nəfərsə bizimlə söhbətdə deyir ki, vəhhabiliyə meyl edənlərin demək olar ki, hamısı azsaylı xalqların nümayəndələri və ya onların məskunlaşdıqları kəndlərdir. Artıq onlar seçkilərdə və ya bölgədəki siyasi proseslərdə söz sahibinə, güc mərkəzinə çevrilirlər. Bu üzdən də bir qədər əvvəl Polis İdarəsinin rəisi dəyişdirilib, onun gəlişindən sonra vəhhabilərlə də rəftarın sərtləşdiyi müşahidə olunur. Yeni rəisin və müavinlərinin vəhhabiləri neytrallaşdırmaq üçün seçdiyi üsulun, onlara qoyduğu şərtlərin daha sərt, bəzən qeyri-humanist və qanundankənar olduğu da vurğulanır.


Vəhhabi kimi tanınan dindarlar da bildirirlər ki, yeni polis rəisi gələndən sonra onların evlərində axtarışların sayı çoxalıb, ərəb əlifbası ilə yazılmış bütün dini ədəbiyyat, əlyazmalar müsadirə olunaraq ekspertizaya göndərilir. Bundan başqa, onlar iddia edirlər ki, polis qohum-əqrəbalarına, işlədikləri yerin rəhbərlərinə təzyiqləri gücləndirib: «Gəlib deyirlər ki, iş yerinizə onu-bunu atarıq, həmin adam da məcbur qalıb qardaşlarımızı işdən çıxarırlar. Özümüzə deyiblər ki, evinizə silah atarıq, qabağımıza güllə qoyublar ki, deyərik, bu, sizdən tapılıb, boynunza almasaz, evə atarıq…Üç ay qabaq gəldilər ki, saqqalı azaltmasaz, evdən-mağazadan narkotik çıxacaq».


«Elə söyüş olur ki, mənə desə səbr etməzdim…Mən onu öldürər, sonra da özümü vurardım»


Deyilənə görə, Polis İdarəsinin yeni rəisi də dindarlarla bağlı «əməliyyat»a məhz bazardan başlayıb. Elə biz də Zaqatala bazarında olarkən burda çalışanlar arasında saqqalı və ya şalvarı gödək olanların az olduğunu müşahidə etdik. Bəlkə də bu, son aylarda bazarda işləyən dindarların sayının azalması ilə bağlıdır. Bəziləri polisin rəhbərliyə təsiri ilə işdən uzaqlaşdırıldığını, bəzisi təzyiqlərə dözmədiyini deyir. Dindar Etibar Məmmədovun danışdıqlarından belə başa düşmək olar ki, son aylar polislə onlar arasında əsəb müharibəsi başlanıb: «Əksəriyyətimiz bazarda işləyirik. Gəlib bizi alçaldırlar. Təhqir etmək qırağa qalsın, elə söyüş olur ki, mənə desə səbr etməzdim… Mən onu öldürər, sonra da özümü vurardım. Odur qardaşım, bu dəqiqə buraxılıb polisdən. Evə gedəndə qızı deməyəcəkmi ki, ata, səhər üzün saqqalıydı, nə oldu? Qadının da kişiyə münasibəti dəyişir».


Bazarda işləyənlərin və bazara gələnlərin də bu hadisələrə münasibəti birmənalı deyil. Güldanə xala on ildir burda işləyir, danışır ki, dindarların ziyanlı hərəkətini görməyib. O ki qaldı, onların bazarda döyülməsinə, bundan da xəbərsizdir. Bir də ki:



Hər addımda haqsızlıqla üzləşdiklərini deyən bu gənclər də Allahın mərhəmətinə sığınırlar
«Saqqal saxlamasınlar da!».

«Polis insanları hökumətə qarşı qoyur»


Dindarlar iddia edirlər ki, polis onların səbrini sınağa çəkir, hövsələdən çıxarıb hansısa qruplaşmalarla əlaqəyə sövq edir: «Bunlar insanları hökumətə qarşı çıxardırlar. Məqsədləri sakitliyi pozmaqdır, qabaqdan seçkilər gəlir, insanları hökumətə qarşı qoyurlar. Bu qədər yazırıq, hökumət baxmır».


«Polisin adamını da öz sıralarına cəlb ediblər»


Zaqatalada polisin davranışını təqdir etməyənlər kimi ona haqq qazandıranlar da çoxdur. İkincilər bunu həmin qruplaşmaların yetərincə təhlükəli olması, dövlətçiliyin əleyhinə çıxma ehtimallarının artması, üstəlik də üzvlərinin çoxalması ilə izah edirlər. Odur ki, polis müxtəlif vasitələrlə mübarizəyə başlayıb və onun bəzən sərt olmaqdan, yaxud da qanundankənar, qeyri-humanist addımlara əl atmaqdan başqa çarəsi yoxdur. Polisin əməlinə haqq qazandıranlar arasında müxalifyönlü partiyaların üzvləri də var, onlardan biri də Ümid Partiyası rayon təşkilatının sədri Valeh Məmmədovdur. Müsavat Partiyası rayon təşkilatının sədri Saleh Osmanov isə polisin mübarizə üsulunu təqdir etmir. Onun qənaətincə, vəhhabilər - müsavatçı onları belə çağırır -möhkəm əqidəli insanlardır və onlardan sirr qoparmaq, onları asanlıqla sındırmaq mümkün deyil. Bu üzdən qadağalarla uğur əldə etmək çətin olacaq: «Onlar çoxdurlar. Əqidəli insanlardır. Əvvəlki polis rəisi mənə danışmışdı ki, inanılmış bir adamı vəhhabilərin arasına göndərdik, iki aydan sonra gəlib dedi ki, mən sizlik deyiləm, onlarnanam. «Verbovat» ediblər, inandırıblar, hər nəsə, işləməyi bacarırlar. Polisin adamını da öz sıralarına cəlb ediblər».


Söhbətləşdiyim ekspertlər də razılaşırlar ki, polisin bu cür davranışı əks nəticə verə bilər. Dini Ekspertlər Şurasının üzvü, ilahiyyatçı Elşad Miriyə görə, bu cür davranış qanunaziddir, dindarın haqq və azadlıqlarının məhdudlaşdırılmasıdır: «Vəhhabizm təhlükədir» deyə, onunla sərt mübarizəyə başlayanların bu cür addımları təhlükə vəd edir. Bu cür davranış adamları ekstremizmə, radikallığa apara bilər. Qadağa ilə problem həll oluna bilməz».


Elşad Miri hesab edir ki, ideologiyaya qarşı elə ideoloji silahla vuruşmaq, üstəlik də din kimi həssas bir məsələdə maksimum ehtiyatlı olmaq lazımdır. Ekspert deyir ki, ölkənin başqa yerlərində də dindarların saqqalı qırxılır, onlar polis tərəfindən saxlanır, amma təcrübə göstərir ki, bu metod səmərə vermir: «Onların başa düşə biləcəyi şəkildə, maarifləndirmə yolu ilə, hər kəsin qəbul edəcəyi formada, insan haqq və azadlıqlarını nəzərə alaraq hərəkət etmək lazımdır. Əks halda bu, pis nəticə vəd edir, bu, dindarların dövlətə qarşı çevrilməsinə səbəb ola bilər».


«Narazı elektorat iflasa uğramış müxalifət partiyalarının sıralarına qoşulmaqdansa, dini qruplaşmalara meyl edir»


Ekspertlərə görə, vəhhabiliyin və ya başqa məzhəb və təriqətlərin yayılması cəmiyyətdəki ideoloji boşluqla, sosial və siyasi problemlərin həll olunmaması ilə bağlıdır. Dini qrupları nəzarətə götürmək istəyən hökumət də işə burdan başlamalı, əhalinin problemlərini həll etməli, eyni zamanda, islamın elmi şəkildə yayılmasında maraqlı olmalı, zərərli təriqətlər haqda maarifləndirmə aparmalıdır: «Anlamalıyıq ki, ideologiya elə bir silahdır ki, top-tüfənglə, zorla qarşısı alına bilməz. İnsanların rifahını yaxşılaşdırmaq, mənəvi boşluğu doldura biləcək işlər görmək lazımdır».



Əliabad kəndində baptist məbədi, 15 oktyabr
Müsavatın Zaqatala təşkilatının sədri Saleh Osmanov danışır ki, son parlament seçkilərindən sonra müxalifət zəifləyib, seçkilərin azad və ədalətli keçirilməsinə ümid qalmayıb. Buna görə də narazı elektorat iflasa uğramış müxalifət partiyalarının sıralarına qoşulmaqdansa, dini qruplaşmalara meyl edir. Osmanova görə, bir qədər əvvələ kimi müxalifətçilər iki gündən bir tutulur, polisə müqavimətdə suçlanırdılarsa, bu gün dindarlar polisin nəzarəti altına düşüblər. Deməliyik ki, Zaqatalada dindarlarla görüşdüyümüz müddətdə elə biz də polis tərəfindən izlənməkdəydik və onlar bunu gizlətmirdilər də.

«Yaşamaq çətindir, belə bir vaxtda Allaha sarılmaq gərəkdir!»


«Yaşamaq çətindir, belə bir vaxtda Allaha sarılmaq gərəkdir!»


Bunu Zaqatala repçiləri deyir, hər şeyə etiraz edən, hər addımda haqsızlıqla üzləşdiklərini deyən bu gənclər də bircə Allahın mərhəmətinə sığınırlar. Bir də təkcə onlar yox, bölgədə ipucu tapa bilməyən gənclər də son zamanlar dinə meyllənirlər. Zaqatala sakini Qızılgül Əhmədova danışır ki, vəhhabi kimi tanıdığı dindarlar onun oğlunu da öz sıralarına cəlb ediblər, oğlu da işini-gücünü atıb evdə oturub, yalnız dini ədəbiyyat oxumaqla gün keçirir: «Namaz qılanların çoxu istəyirlər ki, evdə rahat otursun, ata-ana onları dolandırsın. Təhlükəlidir. Ana-atanın əsəbləri ilə oynayırlar».


Buna görə də Qızılgül Əhmədova dindarları qınayır: «Lazım olmayan yerə baş soxurlar...»


Siyasi partiya üzvləri, ziyalılar dindarları dövlətçiliyə təhlükəli sayırlarsa, rayonda bir çoxu bunun səbəbini izah edə bilmir. Bəziləri təhtəlşüurla onların zərərli olduğu iddiasındadır. Məsələn, taksi sürücüsü İbrahim əmiyə görə, dindarlar nə işlə məşğuldur, Allah bilir, buna görə də polis onlara nə edirsə, düz edir. Sürücü Seyidəhməd Qandaxov: «Bilmirik nə işlə məşğuldurlar. Bəlkə də təhlükəlidirlər…»


Təhlükə haqda Zaqatalada söhbətləşdiyim ziyalılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, hətta adi adamlar da danışırlar. Onların əksəriyyəti altı il əvvəlin hadisələrini - Dağıstandakı qruplaşmalarla sıx əlaqəsi olan Hacı Maqomedovun dəstəsinin yaşatdığı gərgin ayları xatırladırlar. Qısaca deyək ki, 2001-ci ilin iyunundan başlayaraq Hacı Maqomedovun dəstəsinin üzvləri Zaqataladakı Katex postuna, Daxili Qoşunların hissəsinə və polis şöbəsinə basqın etmiş, Şeyx Şamilin büstünü parlatmışdılar. Nəticədə ölən və yaralananlar olmuşdu. Nəhayət, Daxili Qoşunların keçirdiyi əməliyyat zamanı dəstənin başçısı Hacı Maqomedov öldürüldü, dəstə üzvlərindən 30-u yaxalandı. İstintaq müəyyənləşdirdi ki, dəstənin məqsədi qarət, quldurluq etməklə yanaşı, bölgədə sabitliyi pozmaq olub.


«Car-Balakən-Zaqatala» muxtariyyəti


Onu da deməliyik ki, istər hüquq-mühafizə orqanları, istər sıravi vətəndaşlar Dağıstandakı müxtəlif qruplaşmaların bölgədə fəallaşdığını və güclü təsiri olduğunu, hətta rayondakı bəzi dindarların da onlara bağlı olduğunu deyirlər. Bu üzdən camaat onlardan gen gəzməyə çalışır. Sürücü Həsən Davudov: «Saqqal qoyub gəzirlər, nə bilim nə işlə məşğuldurlar? Polis də onları araşdırır. Mahaçqalada olan hadisəyə görə birini aparmışdılar polisə, saqqalını qırxıb buraxdılar».


Hazırda Zaqatalada 22-dək azsaylı xalq yaşayır. Vaxtaşırı müxtəlif ölkələrin xüsusi xidmət orqanları tərəfindən bu xalqlar arasında qarşıdurma yaratmaq və ya onları dövlətə qarşı qaldırmaq cəhdləri həmişə olub və indi də davam edir. Hüquq-mühafizə orqanlarında belə deyirlər. Zaqataladakı həmkarlarımızdan biri bizə bir şəkil, daha doğrusu, gerb də göstərir.


Baptist pastoru Ramiz Osmanov, 15 oktyabr
Gerbdə Azərbaycanın üçrəngli bayrağı fonunda dağların zirvəsinə qonmuş qartal həkk olunub, dövrəsində isə rusca yazılıb: «Car-Balakən-Zaqatala». Bu şəkil kimlərinsə bölgəyə muxtariyyət verilməsi istəyindən xəbər verir və bir neçə ay öncə bölgədə yaşayanların mobil telefonlarına da göndərilib.

«Azsaylı xalqlarda türkəsilli Azərbaycan vətəndaşlarına qarşı nifrət hissi oyadılır»


Zaqatala Polis İdarəsində deyirlər ki, Dağıstandakı qruplaşmalar və ya xarici ölkələrin xüsusi xidmət orqanları vaxtaşırı inernet və mobil telefonla belə «əməliyyatlar» keçirib, ictimai rəyə təsir etmək istəyirlər. Amma bunu da öyrənirik ki, açıq-aşkar millətlərarası münaqişə yaratmaq cəhdləri boşa çıxdığından bölgədə aktiv işləyən xarici kəşfiyyat orqanları dindarlar arasında fəaliyyəti artırıblar. Hərçənd bölgənin qazisi İbrahim Əfəndi ayrı fikirdədir, o deyir ki, ərəb qurumlarının apardığı siyasət nəticəsində azsaylı xalqlarda türkəsilli Azərbaycan vətəndaşlarına qarşı nifrət hissi oyadılır və bu hiss getdikcə dərinləşir, dövlətə, dövlətçiliyə qarşı çevrilir.


Qazinin sözlərinə görə, həmin dindarlar, yəni vəhhabilər bir il öncə ona ultimatum göndəriblər, «iki il sonra buralar bizim olacaq» deyə hədələyiblər. İbrahim Əfəndi deyir ki, onların dini qruplaşmalardan, xarici ölkələrin xüsusi xidmət orqanlarından çəkdikləri çoxdur, di gəl, çox şeyi danışmaq olmur: «Onlar deyirlər ki, iki il sonra buralar bizim olacaq, baxaq görək onda nə edəcəksiz? Zaqatalanımı, bölgənimi, yoxsa ümumiyyətlə, müəssisənimi nəzərdə tuturlar, bilmirəm. Amma fakt çoxdur. Burda biz nə çəkirik Allah bilir...»


«Yalnız vəhhabilər deyil, baptistlər də təzyiqlə üzləşirlər»


«Ey yeri-göyü yaradan Allah, minnətdaram sənə! Minnətdaram ki, bizi yaratdın və bizə ruhundan verdin!» Dua edən Ramiz Osmanovdur, o, baptistdir. Bu ilin mayında Yevangeliya Xristian Baptist təşkilatının Zaqatala filialının üzvü, Əliabaddakı baptist pastoru Zaur Balayev evindəcə həbs olunub. Bundan sonra onun məbəddəki işlərini Ramiz davam etdirir. Baptistlər iddia edirlər ki, Zaqatalada yalnız vəhhabilər deyil, baptistlər də təzyiqlə üzləşirlər. Elə pastor Zaur Balayev də dini baxışlarına görə, 2 il azadlıqdan məhrum edilib. Hüquq-mühafizə orqanları isə onun polisə müqavimət göstərdiyinə görə azadlıqdan məhrum edildiyini bildirirlər: «Gəldilər ki, sizin toplantınız qanunsuzdur. Bakıdan əmr var, ordakı məbədlər dağıdılır. Amma bizə bununla bağlı sənəd göstərmədilər».


Polis əməkdaşları Zaur Balayevi saxlayarkən təşkilatla bağlı araşdırma aparıldığını, 82 nəfər Əliabad sakininin imzası ilə onlara baptistlərdən şikayət gəldiyini bildiriblər. Amma sonra iş başqa səmtə yönəlib. Məhkəmədə 82 nəfərin şikayəti unudulub və Zaur Balayev polisə müqavimət göstərməkdə və onların üstünə it qısqırtmaqda ittiham olunub. Bunu da Ramiz Osmanov danışır. Vəkillər artıq Avropa İnsan Haqları Məhkəməsinə, beynəlxalq qurumlara müraciət ediblər.


«Polis həmişə baptistlərin toplantısını izləyir»


Yevangeliya Xristian Baptist Təşkilatı 1993-cü ildə yaradılıb, Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, mərkəzi Bakıda yerləşir. Əliabad kəndində isə üç baptist məbədi fəaliyyət göstərir. Kənddə baptistlərin sayı 70-dən çoxdur. Bu, baptistliyi rəsmi şəkildə qəbul edən, yəni vaftiz edilənlərin sayıdır. Çərşənbə və bazar günləri məbədə gələnlərin sayı daha çoxdur.


Ramiz Osmanova görə, yerli qurumlar son zamanlar baptistlərin sayının artmasından narahat olub və bu üzdən yerli qurumlar pastorun həbsinə rəvac veriblər.


Zaur Balayevin oğlu Natiq deyir ki, polis həmişə baptistlərin toplantısını izləyir və təzə gələnləri sorğu-sual edir, bu yolla da məbədə gələnlərin artmasına imkan vermir.



Zaqatala şəhəri, 16 oktyabr 2007
Məlumat üçün deyək ki, Əliabad əsasən gürcüdilli ingiloyların yaşadığı kənddir. Polis İdarəsində bildirirlər ki, vəhhabiliyin yayılmasında Rusiya, İran, ərəb ölkələrinin xüsusi xidmət orqanları maraqlıdırsa, Əliabadda Gürcüstanın xüsusi xidmət orqanları daha fəaldırlar. Bu üzdən də hüquq-mühafizə orqanları bölgədə gedən prosesləri nəzarətə götürüb.

Elə yerli icra qurumlarının da bu yöndə planları var. Məsələn, Zaqatalada turizmin inkişafı məqsədilə bəzi tədbirlər hazırlanıb.


«İnsanın bir gün səbri tükənə bilər»


Rayonda beynəlxalq hava limanı tikilir, tarixi abidələr bərpa olunur, bəzi kəndlərin sosial problemlərinin həllinə başlanıb və sairə. Deyilənə görə, məqsəd rayonlarda yeni iş yerləri açmaq, əhalinin məşğulluğunu artırmaq, narazı elektoratın sayını azaltmaqdır, ətraf bölgələrdən bura əhalinin axınını təmin etməklə müxtəlif mədəniyyətlərin, dini baxışların qaynayıb-qarışmasına imkan yaratmaqdır. Amma bu ehtimaldımı ya yox deyə bilmərik. Görünənsə budur ki, Zaqatalada əsəb müharibəsi başlanıb və bu üzdən rayonu tərk etmək istəyənlər də var, səbrlə və qanun çərçivəsində hüquqlarını müdafiə etmək istədiklərini deyənlər də: «Səbr etmək o deyil ki, mən təhqir olunum». Dindarların rəhbəri kimi tanınan Murad Muradov belə deyir. Amma başqa dindarların danışıqlarında digər çalarlar da sezilməkdə, yüngülcə ultimatumlar, etirazlar da eşidilməkdədir. Etibar Məmmədov: «Adam bir dəfə səbr edər, iki dəfə. İnsanın bir gün səbri tükənə bilər və elə hərəkət edər ki, məsələn, kiməsə əl qaldırar, bax onda da bütün Azərbaycana elan verəcəklər ki, Zaqatalada terrorçu var».


Bu səbr kasası daşacaqmı, yoxsa hakimiyyət məsələni qansız-qadasız həll edəcək, demək çətindir. Hər halda, Zaqatalada baş verənlərə hüquq-mühafizə orqanlarının ölkənin hər yerində dini qruplaşmalarla bağlı keçirdikləri çoxsaylı əməliyyatların davamı kimi də baxmaq olar. Elə bu günlərdə Baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib ki, Sumqayıtda və şimal rayonlarında vəhhabilər fəallaşıb və hüquq-mühafizə orqanları bununla bağlı birgə fəaliyyət göstərirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə baş verənlərə, rayondakı dindarların onlara müraciətinə münasibət bildirmək istəmir, sadəcə, araşdırma aparıldığı deyilir.


Zaqataladasa əsəblər tarıma çəkilib və dindarlarla polis arasındakı əsəb müharibəsi davam edir.


XS
SM
MD
LG