Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:14

Türkiyə və Ağ Ev seçim qarşısında...


Türkiyə və onun ətrafında baş verən proseslər indi ən çox diqqət çəkən məsələlərdəndir

Türkiyə və onun ətrafında baş verən proseslər indi ən çox diqqət çəkən məsələlərdəndir

Türkiyə və onun ətrafında baş verən proseslər indi ən çox diqqət çəkən məsələlərdəndir. Dünyanın ən nüfuzlu informasiya vasitələri bu olayları gündəmdə saxlamaqda davam edir. Problemlər ağır və ciddidir, amma ölkə öz daxili nizamını itirmir, çünki dövlətlə millət arasında bir bütünlük var. Elə Türkiyəni bir dövlət kimi hifz edən də məhz bu bütünlükdür.

İndi Türkiyədəki proseslər bir neçə istiqamətdə cərəyan edir. Məsələn, ölkə özünün daxili siyasi həyatına dəyişikliklər etdi, Konstitusiyaya düzəlişlərlə bağlı referendum keçirildi və düzəlişlər qəbul edildi. Düzəlişlər ölkənin siyasi həyatı baxımından mühüm əhəmiyyət kəsb etsə də, parlament seçkilərinin müddəti dörd ilə endirilsə də, prezidentin ümumxalq seçkisi yolu ilə seçilməsi qərara alınsa da, siyasi quruluşun əsasları prinsipial olaraq dəyişmədi-Türkiyə yenə də parlament respublikası olaraq qalır, Konstitusiyada orduya verilən mühüm səlahiyyətlər toxunulmaz qaldı.


Bu məsələlərin hər biri xüsusi diqqətə layiqdir. Amma daha çox diqqət çəkən, dünyanın nəzərini regiona yönəldən problem İraq ərazisindəki PKK yaraqlılarına qarşı keçirilməsi nəzərdə tutulan geniş miqyaslı hərbi əməliyyatlardır.


İstənilən siyasi problemin daxili və xarici siyasi aspektləri var. Bu məsələnin daxili aspektlərinə gəldikdə, qeyd etmək lazımdır ki, PKK-ya qarşı geniş hərbi əməliyyat keçirməklə bağlı ölkə içində, demək olar ki, yekdillik müşahidə olunur. Bunu Böyük Millət Məclisindəki müzakirələr də göstərdi. Hətta hökumətə belə bir irad tutuldu ki, o, məsələni yubadıb. Burada müəyyən qədər həqiqət var.

Seçim necə olacaq? O, Türkiyənin maraqlarına nə qədər cavab verəcək? Bunu zaman göstərəcək, özü də çox güman ki, yaxın vaxtlarda
Vaxtında Türkiyə İraq əməliyyatında fəal iştirak etsəydi bəlkə də indiki siyasi qərara ehtiyac olmayacaqdı, ola bilsin, indi İraqın şimalına Türkiyə qoşunları nəzarət edəcəkdi. Amma bu şansın əldən verilməsi ilə bağlı güman ki, hökumətin də müəyyən arqumentləri var. Hər halda bu, artıq keçmişdir, siyasətin keçmişi ilə isə ancaq politoloqlar və tarixçilər məşğul olurlar.


Məsələnin xarici aspektinə gəldikdə isə, İraqın özü istisna olmaqla region dövlətləri məsələyə açıq münasibət bildirməyə tələsmirlər. Münasibət bildirən dövlətlər ABŞ və İraqdır. Türkiyə öz qərarını açıqlayan andan ABŞ bu addımın onun hətta öz maraqlarına cavab vermədiyini iddia edir. İndi ABŞ Türkiyəni öz addımından çəkindirmək üçün möhlət istəyib. Bu möhlət nə vəd edir?


Qeyd etdik ki, Türkiyəni hərbi əməliyyatlardan iki dövlət çəkindirməyə cəhd edir-İraq və ABŞ. Amma söhbət İraq hökumətindən gedirsə, etiraf etmək lazımdır ki, bu hökumət öz ölkəsinin ərazisinə, bu ərazidəki müxtəlif silahlı qruplaşmalara nəzarət edə bilmir. Elə bu səbəbdən İraq prezidentinin PKK-nın silahı yerə qoyacağı və onun sırf siyasi partiya kimi fəaliyyət göstərəcəyi haqda bəyanatları Türkiyəni inandırmaq iqtidarında deyil. Bəs digər dövlət - ABŞ Türkiyəni inandırmaq iqtidarındadırmı?


Hazırda çox güman ki, bununla bağlı məsləhətləşmələr gedir. ABŞ-ın Türkiyədən möhlət istəməsi də yəqin bununla bağlıdır. Amma ABŞ belə təminatlar verə biləcəkmi? Sözsüz ki, bütün İraq ərazisinə ABŞ və koalisiya qoşunları nəzarət edir. Onlar istəsələr özləri anti-terror əməliyyatları keçirə bilərlər. Amma bu addım İraq ərazisindəki onsuz da kövrək etnik tarazlığı pozar və kürdlərlə ABŞ-ın münasibətlərinə ziyan vura bilər. Problem bundadır. Ona görə də məsələ düşünülən qədər də asan deyil. Elə bu səbəbdən ABŞ-ın necə hərəkət edəcəyi və hansı təminatları təklif edəcəyi hələ qaranlıq qalır. ABŞ iki seçim qarşısında qalıb.


Türkiyə onun müttəfiqi və regional güc sahibidir və sözsüz ki, ABŞ onu itirmək istəmir. «Soyuq müharibə» bitəndən sonra Türkiyə ABŞ üçün əvvəlki aktuallığında qalmasa da hər halda yenə də mühüm əhəmiyyət kəsb edir. Üstəlik, Türkiyə İraq kampaniyası baxımından da mühüm dövlətdir və bu əməliyyatların gedişində onun ərazisindən, hərbi bazalarından istifadə olunur. Eləcə də ABŞ həm də İraq daxilində daha bir gərginlik ocağının yaranmasını da arzulamır.


Beləcə, təkcə Türkiyə yox, həm də Ağ Ev də seçim qarşısındadır. Seçim necə olacaq? O, Türkiyənin maraqlarına nə qədər cavab verəcək? Bunu zaman göstərəcək, özü də çox güman ki, yaxın vaxtlarda.


XS
SM
MD
LG