Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

«Avropa Şurası Mərkəzi Komitə deyil...»


«Avropa Şurası tövsiyə edir ki, iqtidarla müxalifət ortaq məxrəcə gəlsin»
«Avropa Şurası tövsiyə edir ki, iqtidarla müxalifət ortaq məxrəcə gəlsin»

AŞPA-nın Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı yeni məruzəçi təyin edəcəyi barədə də mediada yazılar özünə yer etməkdədir. «525»ə müsahibə verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov bu məsələlərə münasibətini bildirib


«Bu məsələ bir neçə dəfə qaldırılıb. Bizim mövqeyimiz isə məlumdur. Şəxsən mən AŞPA-nın Azərbaycana siyasi məhbus məsələləri üzrə yeni məruzəçi təyin etməsinə heç bir ehtiyac duymuram… Buna baxmayaraq, həm Bakıda, həm də Strasburqda bu məsələni tez-tez səsləndirirlər. Amma yaddan çıxarmaq lazım deyil ki, Avropa Şurasının rəhbərliyi dəfələrlə qeyd edib ki, Azərbaycanda yaradılan işçi qrupunun fəaliyyəti qənaətbəxşdir. Konkret olaraq onu da deyim ki, Avropa Şurasının gündəliyində Azərbaycana siyasi məhbus məsələləri üzrə yeni məruzəçi təyin etmək məsələsi yoxdur».


Səməd Seyidov Avropa Şurası Azərbaycanda seçki komissiyalarının tərkibinin dəyişdirilməsi məsələsinə də münasibətini bildirib.


«Avropa Şurası tövsiyə edir ki, Azərbaycanda hər iki tərəf - iqtidarla müxalifət masa arxasında əyləşsin və hər iki tərəfi qane edən ortaq məxrəcə gəlsin. Avropa Şurası Mərkəzi Komitə deyil ki, nəyisə qəti şəkildə qoysun. Azərbaycanın öz maraqları var. Bu maraqlara uyğun da mövqeyimiz formalaşıb. Həm də artıq Azərbaycanın müəyyən gücü var. Bir neçə il bundan əvvəl bizim səsimiz eşidilmirdisə, yaxud qulaqardına vurulurdusa, indi bizim səsimiz qulaqlarda cingildəyir. İndi Azərbaycanın səsini nəzərə almamaq mümkün deyil. Avropa Şurasının yeganə tələbi iqtidarla müxalifətin bir masa ətrafında oturması ilə bağlıdır. Biz də bu tələbi qəbul edirik».


«Ayna» yazır ki, Bakıda «kommunal borcalr şantaj yolu ilə yığılır».


Mənzil İstismar Sahələrində (MİS) baş verən özbaşınalıqlarla bağlı şikayətlər səngimək bilmir. «Redaksiyamızın ünvanına daxil olan şikayət məktubu da məhz Bakı şəhəri Nəsimi rayonunda fəaliyyət göstərən 16 saylı MİS-in rəhbərliyindəndir. Şikayətçi Dilqəm Osmanov qeyd edib ki, MİS-in rəhbərliyi ona «forma N2» sənədini vermir. Səbəb kimi isə sakinin ev kirayəsini və su pulunu ödəməməsi göstərilib».


Azad İstehlakçılar Birliyinin eksperti Ələkbər Ağasiyev MİS-in bu addımını ancaq özbaşınalıq kimi qiymətləndir. Ekspertin fikrincə, vəzifəli şəxslər qeyd olunan sənədləri verməməklə yanaşı istehlakçılardan şantaj vasitəsilə mənzil haqqını almağa çalışırlar. Onun fikrincə, bütün kommunal xidmətlərin göstərilməsi üçün ilk öncə MİS-lə mülkiyyət sahibləri arasında müqavilə imzalanmalıdır: «Ancaq müqavilə olmadığı üçün mülkiyyət sahibləri mənzil haqqını ödəməkdən birmənalı olaraq azaddırlar. Yəni bu borclar MİS-lər tərəfindən qeyri-qanuni hesablanıb».


Bu həftə Müsavat-AXCP danışıqları başlayır. Bu barədə «Yeni Müsavat» yazıb.


Qəzet 2005-ci ilin sonlarından soyuqlaşan Müsavat-AXCP münasibətlərinin yaxınlaşması barədə nəzərəçarpacaq irəliləyişlər olduğunu yazır. Müsavat funksioneri Arif Hacılı deyir ki, həftə ərzində AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli ilə müzakirələr aparacaqlar.


«Danışıqlar sonda 9 noyabrda Venesiya Komissiyasına vahid sənədin təqdim edilməsi ilə nəticələnə bilərmi» sualına Arif Hacılının cavabı belə oldu: «Əslində noyabrın 9-da keçiriləcək tədbirlə əlaqədar müxalifət düşərgəsində prinsipial problem mövcud deyil. Çünki Azərbaycanın aparıcı müxalifət partiyaları seçki komissiyalarının formalaşması məsələsinə konseptual olaraq eyni cür yanaşırlar. Yəni biz seçki komissiyalarının paritet əsaslarla formalaşması tələbini irəli sürmüşük. Eyni zamanda, tələb edirik ki, bütün iddiaçı tərəflər seçki komissiyalarında təmsil olunsun».


«Ekspress» neftin yenə bahalaşacağını yazır. «Son vaxtlar dünya bazarlarında xam neftin qiymətlərində müşahidə olunan bahalaşma gələn ilin əvvəllərində də davam edəcək. Əlcəzairin energetika və mədənlər naziri Şakib Xəlil «Əl Ərəbiyyə» telekanalına bildirib ki, neftin bahalaşmasının səbəbi geosiyasi gərginlik, bir də dünya iqtisadiyyatında yeni neft emalı güclərinin yoxluğudur».


İran prezidenti Əhmədinejadın Yerevana səfərinə toxunan «Üç nöqtə» yazır ki, «bölgədəki bir çox problemə münasibətdə Tehran və Yerevan eyni mövqe tutur».


«Mənim Ermənistana səfərim iki ölkə arasındakı münasibətləri genişləndirmək məqsədi daşıyır». Bu sözləri Ermənistana ikigünlük rəsmi səfərə yola düşən İran prezidenti Mahmud Əhmədinejad Tehran aeroportunda jurnalistlərə deyib. M.Əhmədinejad bildirib ki, İran və Ermənistan xalqları birgə mədəni və tarixi köklərə malikdir: «Ümid edirəm ki, mənim Ermənistana səfərim qarşılıqlı dostluq və münasibətlərin daha genişlənməsinə səbəb olacaq».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG