Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:07

«Terrorla mübarizədə Bakı Türkiyəyə əhəmiyyətli dəstək verə bilər»


«PKK» yaraqlıları İraqın şimalında təlim keçirlər, 20 iyun 2007

«PKK» yaraqlıları İraqın şimalında təlim keçirlər, 20 iyun 2007

«PKK»nın Türkiyə ərazisində davamlı olaraq dinc sakinlərin və hərbçilərin ölümü ilə nəticələnən terror aksiyaları həyata keçirməsi Azərbaycan ictimaiyyəti içərisində də ən çox müzakirə edilən məsələlərdəndir.


Oktyabrın 22-də keçirdiyi brifinqdə Xarici İşlər nazirinin sözçüsü Xəzər İbrahim Türkiyə parlamentinin «PKK» terror qruplaşması ilə mübarizə aparılması üçün Türkiyə qoşunlarının İraqın şimalına daxil olması ilə bağlı qərarına münasibət açıqlayarkən belə deyib: «Azərbaycan və Türkiyə iki dost və müttəfiq dövlətlərdir. Azərbaycan həmişə belə məsələlərdə Türkiyənin yanında olub».


«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da terrorun kökünün kəsilməsi üçün bütün dövlətlərin geniş koalisiyada birləşərək bərabər mübarizə aparmalarını vacib sayır. Rəsmi Bakının «PKK» terroru ilə mübarizə aparan Türkiyəyə hansı formada dəstək verə biləcəyi məsələsinə gəlincə, Şahinoğlu düşünür ki, ilk sırada Milli Məclis «PKK»nı terrorçu qruplaşma kimi tanımalıdır: «Bir qərar çıxarılması məsələsinə gələndə, rəsmilər də, millət vəkilləri də nədənsə tərəddüd edirlər».


Elxan Şahinoğlu Türkiyənin yaxın zamanlarda İraq ərazisinə daxil olaraq «PKK» bazalarını məhv edəcəyinə şübhə etmir: «Artıq Türkiyə hökuməti ölkə ictimaiyyətinin uyğun tələbi qarşısında davam gətirə bilmir».


Politoloq Hikmət Hacızadə də Milli Məclisin «PKK»nı terrorçu qruplaşma kimi tanıması fikirlərini bölüşür.


Ekspertin fikrincə, terrorla mübarizə məsələlərində Azərbaycan Türkiyəyə əhəmiyyətli dəstək verə bilər: «Həm kəşfiyyat xarakterli informasiyaların mübadiləsi, həm Azərbaycan sərhəddini keçmək istəyən terrorçuların tutularaq Türkiyə tərəfə təhvil verilməsində iki ölkə arasında işbirliyi qurula bilər».


Hacızadənin fikrincə, «PKK» Azərbaycanın iqtisadi maraqları, daha dəqiqi Bakı-Tbilisi-Cehyan boru kəməri üçün də real təhlükədir. Çünki, praktika transmilli boru kəmərlərinin terrorçuların əsas hədəflərindən biri olduğunu sübut edir. Bu səbəbdən ekspert «PKK» ilə mübarizə tədbirlərində Azərbaycanın Türkiyəyə real dəstək verməsini həm dünyada terror təhlükəsinin aradan qaldırılması, həm də Azərbaycanın iqtisadi və geosiyası maraqları baxımından gərəkli sayır.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə məsələ ilə bağlı Bakı və Ankara arasında ciddi müzakirələrə ehtiyac olduğunu düşünür. Partiya liderinin fikrincə, son illər hər iki ölkənin rəsmiləri strateji müttəfiqliklə bağlı bəyanatlar səsləndirsələr də, ortada ciddi fakt yoxdur: «Özü də bu məsləhətləşmələr təkcə «PKK» terroru ilə yox, eyni zamanda Vaşinqtonun erməni soyqırımını tanıması ilə bağlı da aparılmalıdır. Çünki əgər ABŞ belə bir qərarı qəbul etsə, bu, hər iki dövlətin maraqlarına sarsıdıcı zərbə olacaq».


AXCP sədri Türkiyənin «PKK» basqınları ilə üzləşməsini bir sıra dövlətlərin hətta terror məsələsinə ikili standartlarla yanaşmasında görür: ««PKK» daha nə qədər insan öldürməlidir ki, dünya onun terrorçu qruplaşma olduğunu etiraf etsin?»


Günün bütün mövzuları

XS
SM
MD
LG