Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:37

2 milyard dollarlıq miqrant pulu…


Dünyada miqrantlar keçən il evlərinə 300 milyard dollardan çox pul göndəriblər

Dünyada miqrantlar keçən il evlərinə 300 milyard dollardan çox pul göndəriblər

«Ola bilsin, böyük bizneslə məşğul olanların pulu başqa şeyə də yetər. Amma çoxları üçün bu, ölməmək üçün yaşamaqdı. Gündəlik dolanışıqdan başqa şeylərə çatacaq qədər burda pul qazanıb göndərmək az hallarda ola bilər».

Elşən Qəniyev Moskvada «Xlebnikov» topdansatış bazarında işləyir. Ucar rayonundandı. Deyir ki, o və tanış-bilişlərinin çoxu ayda ailələrinə 200-300 dollar pul göndərə bilirlər: «1993-cü ildən sonra heç yerdə işləməyib, qapıda öz təsərrüfatım hesabına dolanırdım. Burda pul qazana bilirəmsə, ailəmin-uşağımın paltarına, ayaqqabısına çatırsa, Allaha şükür edirik. Yəni Azərbaycanda onu qazanmaq mümkün deyildi».


Azərbaycanlı miqrantlar ən çox Rusiyadadı, Ukrayna və Türkiyəyə üz tutanlar da az deyil. İş üçün Azərbaycandan gedənlərin sayı qeyri-rəsmi rəqəmlərə görə, 2 milyondan çoxdu.


Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun hazırladığı son hesabatda deyilir ki, azərbaycanlı miqrantlar keçən il ümumilikdə ailələrinə 2 milyard dollara yaxın pul göndəriblər. Bu isə Azərbaycanın ümumi daxili məhsulunun təxminən 9 faizi qədərdi.


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayev deyir ki, gəliri yüksək olan azərbaycanlı miqrantlar da az deyil: «İndi Azərbaycandakı tikinti bumunda kənardan gələn pulların, xüsusən də Rusiyada yaşayan miqrantların göndərdikləri məbləğlərin böyük rolu var. Həmin pullar daşınmaz əmlakın alınmasına sərf olunur».


Rusiyada yaşayan imkanlı miqrantlardan bəziləri hətta öz kəndlərinin abadlaşmasında da iştirak edirlər. Bir neçə nəfər yığışıb pul göndərməklə yola asfalt döşədir, məscid təmir elətdirir və s.


Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun hazırladığı son hesabatda deyilir ki, azərbaycanlı miqrantların çoxu bölgələrdəndi və Azərbaycana göndərilən pulların çoxu – 60 faizdən artığı da bölgələrə gedir.


Hesabatda qeyd edilir ki, Azərbaycanla müqayisədə Ermənistandan və Gürcüstandan olan miqrantların ailələrinə göndərdiyi pulun çəkisi öz ölkələrinin ümumi daxili məhsulunda daha böyükdü – Ermənistanda 18 faiz, Gürcüstanda isə 20 fazidən artıq.


Hesabatda deyilir ki, Ermənistan əhalisinin hər 3 nəfərindən biri miqrantdı.


Azərbaycanlı miqrantlar ailələrinə pulları üç yolla göndərirlər, ya banklar vasitəsilə, ya Azərbaycana qayıdan dost-tanışlarıyla, ya da yeni bir xidmət növü yaranıb – onunla. Azərbaycanlı miqrant Elşən Qəniyev: «Burda ayrı-ayrı şəxslər belə bir xidmət göstərirlər – sən evə göndərəcəyin pulu burda verirsən onlara, onların Azərbaycanda öz adamları var, dərhal onlara zəng edirlər, deyirlər ki, filan qədər pulu apar çatdır filankəsə. Özü də cüzi bir haqq müqabilində göstərirlər bu xidməti».


Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun hesabatına görə, ümumilikdə dünyada miqrantlar keçən il evlərinə 300 milyard dollardan çox pul göndəriblər. Evə göndərilən pulun ümumi həcminə görə, birinci yerdə hindistanlı miqrantlardı, onların göndərdiyi pulun ümumi həcmi 25 milyard dollardı, daha sonra meksikalılar və çinlilər gəlir.


Günün bütün mövzuları

XS
SM
MD
LG