Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:57

Soyqırımına səs verən 9 konqresmen səsini geri götürdüyünü deyib


İstanbulda ABŞ əleyhinə yürüş, 11 oktyabr 2007
İstanbulda ABŞ əleyhinə yürüş, 11 oktyabr 2007

Ermənilərlə bağlı qətnaməni səsverməyə çıxarmaq Amerikaya ziyan vuracaq. Bunu deyən demokratlardır. Bir neçə demokrat mətbuat konfransı keçirib, Konqresin rəhbəri Nensi Pelosini ermənilərlə bağlı qətnaməni səsverməyə çıxarmamağa çağırıblar. Nümayəndələr Palatasından Bob Ueksler deyir ki, məsələ Ermənistanla Türkiyədə deyil, Amerikadadır. Konqres Birləşmiş Ştatlar barədə fikirləşməlidir. Çünki Konqresin məsuliyyəti var, İraq və Əfqanıstanda xidmət edən əsgərlərin xeyrinə hərəkət etməlidir. Bu isə Amerika-Türkiyə münasibətlərinin qorunması deməkdir:


«İstədiyimiz odur ki, rəhbərliyimiz Amerikanın milli, strateji maraqlarına uyğun olanı etsin. Bu, çox çətin məsələdir. Biz hamımız Birinci Dünya müharibəsi dövründəki vəziyyətinə, fəlakətli ölümlərə görə erməni icmasının dərdinə şərikik. Amma bizim məsuliyyətimiz milli təhlükəsizliyimiz üçün doğru olanı, əsgərlərimizin xeyrinə olanı etməkdir».


Ermənilərlə bağlı qətnaməyə dəstəyini geri götürənlərdən biri İraqda müharibənin qəti əleyhdarlarından olan demokrat Con Mursadır. O, deyir ki, Birləşmiş Ştatların Yaxın Şərqdən gələn hər cür köməyə ehtiyacı var və Amerika əsas müttəfiqinin verdiyi dayağı təhlükə altına qoya bilməz.


Başqa bir demokrat, Nümayəndələr Palatasının NATO-dakı heyətinin başçısı Con Taner isə bildirir ki, konqresmenlər hər şeydən çox İraqdakı müharibəni mümkün qədər yumşaq qurtarmaq barədə düşünməlidirlər. Ermənilər barədə qətnamə isə bu məqsədin əleyhinədir: «Bu qətnamə indiki vaxtda İraqda vəziyyəti bizim ölkənin xeyrinə həll etmək, həm də tez və yumşaq həll etmək imkanımızı əlimizdən alır, ya da mane olur».


Ermənilərlə bağlı qətnaməyə səs verən konqresmenlərdən 9-u səsini geri götürdüyünü deyib.


Qətnamə keçən həftə Konqresin Xarici İşlər Komitəsində qəbul olunub. İndi Konqresin tam müzakirəsinə çıxarıla bilər. Sənəddə deyilir ki, Birinci Dünya müharibəsi vaxtı Türkiyədə yaşayan milyon yarım erməni soyqırımına məruz qalıb. Türkiyə isə bildirir ki, soyqırımı olmayıb, erməni dəstələri rusların tərəfinə keçəndən sonra baş verən toqquşmalarda həm ermənilər, həm də türklər ölüblər.


Konqresin Xarici İşlər Komitəsində səsverməyə cavab olaraq Türkiyə Vaşinqtondakı səfirini geri çağırıb və Birləşmiş Ştatlarla əməkdaşlığa son qoymaq fikrində olduğunu deyib. ABŞ isə İraq və Əfqanıstanda əməliyyatlar üçün Türkiyədəki bazadan istifadə edir.


Prezident Corc Buş oktyabrın 17-dəki çıxışında da ermənilərlə bağlı qətnaməyə etirazını bildirib. Buş deyib ki, Türkiyə, Ermənistan tarixini müzakirə etmək Amerika konqresmenlərinin işi deyil. Bu sənəd Birləşmiş Ştatların hərbi maraqlarına zərbə olar: «Konqres Osmanlı imperiyasının tarixini araşdırmaqla məşğul olmamalıdır. Ermənilərin 1915-ci ildən başlanan qırğınıyla bağlı qətnamə kontr-produktivdir. Respublikaçılar da, demokratlar da, sağ olan dövlət katiblərinin hamısı da bu qətnamənin əleyhinədirlər. Konqresin daha vacib işləri var, müsəlman dünyasındakı demokrat müttəfiqimizi, özü də hərbçilərimizə hər gün dayaq olan tərəfdarımızı bizə qarşı qaldırmaqdan vacib işlər…»


Amma Türkiyə-Amerika münasibətlərinə ziyan artıq dəyib. Vaşinqtonda yerləşən Amerika Enterprise İnstitutundan xarici əlaqələr üzrə mütəxəssis Norman Ornsteyn deyir ki, Ağ Evin narahatlığına əsas var: «Fakt odur ki, bizim İraqda əsgərlərimiz var. Türkiyə bizimlə əməkdaşlıq etdiyi sahələrdən birində partnyorluğu dayandırsa, əsgərlərimiz daha çox təhlükə altında qalar. Aydındır ki, məhz bu, Türkiyə hökumətinin, həm də xalqının böyük, emosional, kəskin cavabı olar. Bu da bizə zərərlidir. Məncə, konqresdəkiləri səsverməyə getməzdən əvvəl bir daha düşünməyə vadar edən bu qorxudur».


Ornsteyn hesab edir ki, qətnamə səsə qoyulmayacaq. Həm ona görə ki, sənədin qəbul olunması ehtimalı çox azdır. Sənədə səs verən o qədər az olar ki, bu, qətnamə uğrunda mübarizə aparan erməni lobbisinin də xoşuna gəlməz. Həm də səsverməyə imkan verilməsə, Türkiyəylə münasibətlər tez düzələr.


Amma oyunda yeni «kart» var. Oktyabrın 17-də Türkiyə parlamenti İraqa qoşun yeritməyə icazə verib. Amerika isə Ankaranın bu addımının əleyhinədir. Həmin gün Corc Buş deyib ki, İraqa hərbi qüvvə göndərmək Türkiyənin marağına uyğun deyil. O, bildirib ki, indi Amerika, Türkiyə və İraq rəsmiləri arasında çoxlu danışıqlar gedir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG