Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 03:43

«600 mindən artıq iş yeri varsa, niyə «qul bazarları»na ayaq döyürük?»


Bu, şəhərdəki «qul bazarı» adlanan 5-6 yerdən biridir
Bu, şəhərdəki «qul bazarı» adlanan 5-6 yerdən biridir

Prezident İlham Əliyev oktyabrın 17-də Naxçıvanda çıxışında deyib ki, ölkədə 610 min yeni iş yeri açılıb. Dövlət başçısının sözlərinə görə, artıq ölkədə işçi qıtlığı yaranıb. Prezidentin bu sözləri birmənalı qarşılanmır.


...Bakıda işsizlərin toplaşdığı yerlərdən biri 28 may küçəsindədir. Bu, şəhərdəki «qul bazarı» adlanan 5-6 yerdən biridir. Lerikdən gəlmiş 25 yaşlı, ali təhsilli müəllim Elnur Mirzəyev artıq 3 aydır bura gəlir. Özünə iş axtarır. Deyir, bura gəlməmişdən usta yanında bənnalığı da öyrənib: «Saat 6-da bura gəlirəm. İş olsa, gedirəm, olmasa, evə qayıdıram. Subayam. Heç olmasa, gündə mənə 10 manat lazımdır. Ancaq onu qazana bilmirəm. 100 manat kirayəyə verirəm. Yemək, yol pulu, rayona göndərmək...»


Elnur deyir ki, ali məktəbi qurtaranda bu vəziyyətlə üzləşəcəyini təsəvvür də etmirmiş.


Aslan Zülfüqarovsa hər gün Sumqayıtdan gəlib-gedir. Deyir ki, 600-dən artıq iş yeri açılması haqqında o da eşidib, ancaq inanmır: «Boş söhbətdir. Prezident gözdən pərdə asmaq üçün deyir ki, filan qədər iş yeri açılıb. Elədirsə, bu camaat burda neyləyir?».


Dövlət Statistika Komitəsindənsə dedilər ki, bu il məşğulluq idarələrində 53 mindən çox adam içsiz kimi qeydiyyata alınıb. Bu, ötən ilkindən 4,4 faiz azdır. 35 mindən artıq adam keçən il işlə təmin olunub.


Ekspert Sahib Məmmədovsa deyir ki, ölkədə işsizlik kütləvidir. İşə qəbul vaxtı qeydiyyat aparılır, işdən çıxanda isə yox: «Son illərdə 610 min adamın işə qəbul olunduğunu deyirlər. Bu, ola bilər. Qeydiyyat işə qəbulda aparılır, çıxanda yox. Mən adam tanıyıram biri-iki ayda 10 dəfə iş yeri dəyişib».


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizliyin azalması üçün ara-sıra həm Bakıda, həm də bölgələrdə əmək yarmarkaları keçirir. Sumqayıtdan hər gün «qul bazarı»na gələn Aslan isə deyir ki, o da bir neçə dəfə əmək yarmarkalarına gedib: «Ad-familiyamı yazıb deyiblər ki, zəng edəcəyik, hələ də gözləyirəm. Ortada heç nə yoxdur».


İş üçün «qul bazarı»na yığışanlar deyirlər ki, bu cür əmək birjalarında təkcə bir yerdə az qala minə yaxın adam olur, onlardan çox az hissəsini kimsə iş üçün aparır: «15 ildir küçələrdəyik, iş axtarırsan, yoxdur. Azərbaycanda iş yerlərinin çoxalması barədə deyilənlər boş sözlərdir. Ən uzağı 10 manata işlədirlər».


Ali təhsilli müəllim Elnur Mirzəyevsə bildirir ki, artıq burda dayanmaqdan yorulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin oktyabrın 19-da Texniki Universitetdə məzunlar üçün keçirəcəyi əmək yarmarkasına gedəcək. Bu dəfə də iş tapmasa, üz tutacaq Rusiyaya...


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG