Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:49

Polşa Azərbaycanın enerji layihələrinin iştirakçısına çevrilmək istəyir


Voznyak hesab edir ki, iki ölkənin imkanlarından indiyədək tam istifadə edilməyib
Voznyak hesab edir ki, iki ölkənin imkanlarından indiyədək tam istifadə edilməyib

Polşa Azərbaycanın enerji layihələrinin fəal iştirakçısına çevrilmək istəyir. Bunu Polşanın İqtisadiyyat naziri Qjeqoj Voznyak oktyabrın 18-də Varşavada bir qrup azərbaycanlı jurnalistlə görüşündə bildirib. Onun sozlərinə görə, Polşa özünün və Avropanın enerji təchizatının diversifikasiyasında Azərbaycana böyük ümidlər bəsləyir.


Əvəzində Varşava Bakıya Azərbaycanın Avropaya inteqrasiyası, Ümumdünya Ticarət Təşkilatına qəbulu və ölkədə həyata keçirilən infrastruktur layihələri üçün təcrübə və kredit dəstəyi verməyi təklif edir.


Ötən həftə Vilnüsdə Azərbaycan və Polşa prezidentlərinin də iştirakı ilə imzalanmış Xəzər neftinin Odessa-Brodi-Plotsk-Qdansk marşrutu ilə nəqlini nəzərdə tutan sənədlər Polşada nikbin ümidlər yaradıb. Layihənin gələcək inkişafı və ikitərəfli əməkdaşlıqla bağlı müzakirələrin davamı üçün noyabrın 7-8-də Bakıda Polşa-Azərbaycan yüksək səviyyəli iqtisadi komissiyasının toplantısı keçiriləcək.


Voznyak hesab edir ki, Varşavada Azərbaycanın intensiv inkişafından, Bakıda isə Polşanın imkanlarından indiyədək tam istifadə etməyiblər. Hazırda Polşadan Azərbaycana idxal 70 mln. dollar, Azərbaycandan Polşaya ixrac isə 6,5 mln. dollar təşkil edir. Polşanın MDB ölkələrinə idxal əməliyyatlarında Azərbaycanın payı heç 1 faiz də təşkil etmir.


Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev «Azadlıq» radiosuna müsahibəsində diqqəti son vaxtlar Varşavanın Bakıya marağının artmasına yönəldib. Avropa Birliyinin fəal üzvü kimi Polşa Qafqaza yaxınlaşmaq istəyir. Azərbaycan isə AB ilə «Yeni Qonşuluq» Proqramı çərçivəsində aktiv əməkdaşlıq edir. Səfirin fikrincə, Varşava bəzi prosesləri tezləşdirə bilər, «Polşa Qarabağ münaqişəsi barədə də obyektiv təsəvvürə malikdir». Belə ki, Quliyevin sözlərinə görə, «Ermənistanın bu məsələdə destruktiv rolunu Varşavada kifayət qədər aydın görürlər».


Polşa enerji məsələsində Rusiyadan asılıdır və bu asılılığı aradan qaldırmaq üçün Ukrayna, Azərbaycan və Qazaxstanla danışıqlar aparır. Xüsusilə də ötən il Rusiyanın Ukrayna ilə qaz mübahisəsində sonuncunu müdafiə etməsindən sonra, Varşava öz enerji təhlükəsizliyinin sual altına düşdüyünü güman edir. Bu, Rusiyanın yeni qaz kəmərini Litva və Polşadan yan keçən marşrutla çəkəcəyi barədə qərarını elan etməsindən sonra özünü daha qabarıq büruzə verib. Bu ilin martında Polşa prezidenti Bakıda enerji əməkdaşlığına dair niyyət sazişi imzalamağa nail olmuşdu. Gələn ilin ilk yarısında isə Azərbaycan prezidenti Polşaya cavab xarakterli rəsmi səfər edəcək. Səfər təklifini prezident Kaçinski bu yaxınlarda azərbaycanlı həmkarına ünvanlayıb. Səfir bildirib ki, yaxın zamanlarda tərəflər səfərə hazırlıqla bağlı işlərin görülməsinə başlayacaq. Səfər zamanı ölkələr arasında siyasi sahədən energetika əməkdaşlığına qədər, bir sıra məsələlərin müzakirə olunması nəzərdə tutulur.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG