Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:10

«Sovet standartları Azərbaycan ordusunun sümüyünə qədər işləyib»


«Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına tam inteqrasiyası yaxın perspektivdə görünmür»
«Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına tam inteqrasiyası yaxın perspektivdə görünmür»

«Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına tam inteqrasiyası yaxın perspektivdə görünmür. Sovet standartları Azərbaycan ordusunun sümüklərinə qədər işləyib». Bunu «Ayna»nın əməkdaşı ilə söhbətində «Carstone» proqramının məzunları ilə birlikdə Azərbaycana gəlmiş amerikalı hərbçi bildirib. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi potensialı böyükdür, amma ortada hərbi büdcədən səmərəli istifadə problemi də var.


«Hesab edirəm ki, əgər Azərbaycan öz ordusunu tezliklə tam olaraq NATO standartlarına uyğunlaşdırmaq istəyirsə, onda bir sıra sahələrdə ciddi addımlar atmalıdır. Buraya orduda silah təchizatından tutmuş kadr məsələlərinə qədər bir çox sahələr daxildir», - deyə amerikalı hərbçi bildirdi.


ABŞ Milli Müdafiə Universitetinin «Carstone» proqramı 1982-ci ildə könüllük əsasında yaradılıb və indiyədək 1000-dən çox amerikalı həmin proqramın məzunu olub. «Carstone» proqramında milli təhlükəsizlik, hərbi strategiyanın öyrənilməsi, müttəfiqlərlə münasibətlərdə uyarlılıq kimi məqsədlər var.


Proqramının məzunları dünya ölkələrini gəzərək bir növ təcrübə toplayır və topladıqları faktları gələcək işlərində istifadə etmək niyyətindədirlər. Azərbaycana olan səfər də bu məqsədi daşıyırdı.


General Karl Stinerin başçılıq etdiyi qrup iki günlük səfərdən sonra Azərbaycandan Əfqanıstana uçub. Daha sonra isə onlar Hindistana və Qətərə yollanacaqlar.


Politoloq Hikmət Hacızadə «Yeni Müsavat»a müsahibəsində bildirib ki, «ölkə köhnə kursla uçruma doğru gedir»


«İlham Əliyev haqqında ümumi fikir belədir ki, qatı müxalifətdən başqa hamı - Qərb də, liberal düşüncəli insanlar da, müəyyən mənada xalq da ondan islahatlar gözləyirdi. Ondan nəsə gözləyənlərin isə ümidləri doğrulmadı. Hələ 2005-ci ilin parlament seçkiləri ərəfəsində islahat gözləntilərinə son qoyulmuşdu. Mən özüm çoxlu sayda adamlar tanıyıram ki, onlar hazırda «biz İlham Əliyevə inanırdıq, deyirdik ingilis dilində danışır, müasirdir, filan işləri görəcək, artıq özünü təmin edib, indən sonra xalqı fikirləşəcək. Amma heç nə alınmadı» deyə giley edirlər. Mənim müşahidələrim bundan ibarətdir ki, ölkə köhnə kursla uçuruma doğru gedir».


Hikmət Hacızadə Müsavat partiyasının prezident seçkilərində iştirakla bağlı qərarını dəstəklədiyini deyir.


«Mən Məclisin qərarını birmənalı şəkildə dəstəkləyirəm. Əvvəlcədən demişdim ki, seçkiyə getmək, bu tribunadan istifadə etmək, xalqın içərisinə girmək lazımdır. Ölkədə əməlli-başlı diktaturadır. Özü də çox qəribə diktatura. Söhbət ondan gedir ki, bu rejim heç kimdən qorxmur, bircə dünya demokratiyası imicindən çəkinir. Yəni 5 ildə bir dəfə yalandan seçki keçirir. Bu zaman isə məcburiyyət qarşısında qalıb müxalifətə tribuna verir, televiziyada çıxış etmək, seçicilərlə görüşmək imkanı yaradır. Belə deyək, bizdə psevdo-demokratiyadır. Həmin şey Belorusda və digər MDB ölkələrində də var. Ona görə də beş ildə bir dəfə ələ düşən fürsətdən maksimum istifadə etmək lazımdır».


Deputat Zahid Orucsa «Üç nöqtə»yə deyib ki, seçkilərdə müxalifətin şanslı namizədi yoxdur. «Nə qədər ki, hazırkı müxalifət düşərgəsi Azərbaycan siyasi sistemində qalacaq, indiki kimi güclü hakimiyyət zəif müxalifət mövzusu da olacaq». Z.Oruc indiki müxalifətin əvəzlənməməsində maraqlı olduqlarını söyləyib: «Çünki bu adamlar Azərbaycan vətəndaşına tanışdır. Onların hansı mövqeni daşımaqları, bir-birilərinə qarşı hansı «minaları basdırma»ları, bağladıqları müqavilənin neçə gün ömrü olmaları hamıya məlumdur. Hazırkı müxalifətin bütün addımlarının proqnozu vətəndaşlar tərəfindən verilib. Bu, həmin qüvvələr üçün çox ağır bir hökmdür».


Z.Oruc bu səbəbdən də bu düşərgədən prezident seçkilərinə şanslı namizədin olmadığını vurğuladı: «İlham Əliyevə qarşıdakı seçki dövründə ciddi alternativ namizəd yoxdur».


«525» Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşova istinadən xəbər verir ki, Bakıda qanunsuz tikilələr artıb.


Xidmət rəisi bəyan etdi ki, ölkədə tikinti sahəsində fəaliyyət göstərən maddi-texniki bazası olmayan bütün şirkətlər bağlanmalıdır. Avqustun sonunda Bakıda 25 nəfərin ölümü ilə nəticələnən 16 mərtəbəli binanın uçması hadisəsinə də toxunan A.Qaraşov xatırladıb ki, avqustun 30-da ölkə başçısı tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi barədə sərəncam verib.


Onun fikrincə, tikinti şirkətlərinə qarşı cəzaların sərtləşdirilməsi ölkənin daşınmaz əmlak bazarındakı qiymətlərə təsir etmir. Qiymətlərə yalnız iki amil təsir edə bilər. Tikinti materiallarının qiymətinin bahalaşması və işçi qüvvəsinə verilən məvacibin artması. Xidmət rəisi qeyd edib ki, ilin əvvəlindən Bakının mərkəzində daşınmaz əmlak bazarında qiymətlərin artımı 25 faiz, digər hissələrdə isə 10 faiz təşkil edib. Amma ilin sonuna qədər qiymətlərdə ciddi dəyişiklik gözlənilmir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG