Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:00

Ərzaq məhsulları bahalaşır


Ərzaqla yanaşı digər malların da qiymətlərində bahalaşma qeydə alınıb
Ərzaqla yanaşı digər malların da qiymətlərində bahalaşma qeydə alınıb

Dövlət Statistika Komitəsindən «Ayna» qəzetinə verilən məlumata görə, qeyri-ərzaq mallarının qiymətlərində də bahalaşma qeydə alınıb.


«Cari ilin sentyabr ayında ərzaq məhsullarının qiyməti 1,5 faiz artıb. Statistika Komitəsinin məlumatına görə, bu göstərici qeyri-ərzaq mallarında 0,4 faiz, xidmət tariflərində isə 0,7 faiz təşkil edib. Ay ərzində istehlak bazarında çörək və un məmulatlarının, makaron məmulatlarının, uşaq yeməklərinin, mal və qoyun ətinin, bitki yağları, süd və süd məhsulları, yumurta, spirtli içkilər, şəkər tozunun qiyməti bahalaşıb».


Qəzet yazır ki, qeyri-ərzaq mallarından parçalar, kişi uzunqol köynəkləri, kostyumlar, tikinti materialları, elektrik malları və qızıl əşyalarının qiyməti bahalaşıb.


«Ekspress» yazır ki, QHT-lərlə bağlı dövlət qurumunun yaradılması beynəlxalq ekspertlərlə müzakirə olunacaq. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun sözlərinə görə, prezidentin imzaladığı QHT-lərin fəaliyyətinə dövlət yardımını nəzərdə tutan konsepsiyanın üzərində iş aparılır. Şöbə müdiri deyib ki, konsepsiyanın prinsipləri artıq müəyyən olunub, lakin o, bunun nədən ibarət olması barədə açıqlama verməyib.


Həsənovun sözlərinə görə, bu layihənin reallaşması müddətinin daha iki ay uzadılması dövlət başçısından xahiş olunub və o, təklifi qəbul edib: «Noyabrın sonuna qədər bütün təkliflər ortaya qoyulacaq. Həm QHT-lərlə iş üzrə qurumun yaradılması, həm QHT-lərin dövlət büdcəsindən maliyyələşməsinin mexanizmləri bu təkliflərdə öz əksini tapacaq».


Ədliyyə Nazirliyinin rəsmi açıqlamasına görə, hazırda Azərbaycanda 2500-ə yaxın QHT dövlət qeydiyyatından keçib.


«Türkiyə Şimali İraqda əməliyyat keçirməklə bağlı qərar qəbul edib. Bu isə o deməkdir ki, türklər qarşıdakı aylarda PKK-ya qarşı daha amansız olacaq. Əslində, Türkiyənin daxili işi və problemi kimi görünən məsələnin Azərbaycana da aidiyyatı var. Sirr deyil ki, Azərbaycanda yüksək vəzifə daşıyan kürd əsilli məmurlar var». Bunu «Azadlıq» qəzeti yazıb. Qəzet iddia edir ki, Azərbaycandakı kürd əsilli vəzifəlilərin əməliyyatla bağlı müəyyən reaksiya bildirməsi və oradakı kürdlərə dəstəyi gözləniləndir.


Məsələ ilə bağlı müstəqil ekspert İlham İsmayıl fikirlərini bildirib: «Həmin məmurlar riskə gedib bu məsələyə nə hökumətin, nə də öz adlarından qeyri-rəsmi formada belə, münasibət bildirə bilməzlər. Yaranmış durumla barışmaya bilərlər, amma Türkiyə hökumətinə narazılıq bildirmələri mümkün deyil. İraqın o tərəfindəki dostlarına, həmfikirlərinə maddi dəstək də göstərə bilərlər. Amma bunu hər hansı türk rəsmisinə bildirsələr, bu, Türkiyənin böyük qəzəbinə səbəb ola bilər və qardaş ölkədə çox böyük skandal yaradar».


İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bu həftə bölgələrdə fəaliyyət göstərən polis idarələrində monitorinq keçirəcək. Komitənin sədri Elçin Behbudov «Üç nöqtə»yə açıqlamasında bildirdi ki, monitorinqlər Qazax, Gəncə, Beyləqanı əhatə edəcək. Qurum sədrinin sözlərinə görə, Gəncədə fəaliyyət göstərən polis idarələrində müşahidə edilən neqativ hallarla bağlı komitəyə şikayətlər daxil olub. Həmin faktlar yerində araşdırılacaq. Beyləqandan da İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə kifayət qədər şikayət məktubu daxil olub. Şikayət faktları daxil olmayan polis idarələrində də monitorinqlərin aparılması nəzərdə tutulub.


XS
SM
MD
LG