Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:33

Xəzərin statusu yenə həll olunmadı


Xəzərin «dəniz» adlandırılmasına Azərbaycan da tərəfdardır
Xəzərin «dəniz» adlandırılmasına Azərbaycan da tərəfdardır

Xəzərin statusu məsələsi yenə həll olunmadı. Xəzəryanı ölkə başçılarının İranda imzaladığı Bəyannamə 15 bənddən ibarətdir, amma sənəddə Xəzərin statusunun dəniz, ya da göl olduğu müəyyən deyil. Xəzəri «dəniz», ya da «göl» adlandırmağa mane olan təbii ki, ətrafındakı ölkələrin marağıdır.


Xəzər «göl» adlansa, bütün sərvətləri bərabər bölünməlidir. Bunu ən çox istəyən ölkə İrandır. Çünki Xəzərin ətrafında ən kiçik sahili olan ölkədir. Həm də İrana yaxın yataqlar zəngin deyil.


Xəzər «dəniz» adlansa, İran itirir, dənizdən ən çox xeyir götürəcək ölkə isə Qazaxstan olur. Qazaxstanın sahili o biri ölkələrdən uzundur. Üstəlik, son illərin ən zəngin və geniş neft yatağı «Kaşağan» Qazaxstan sahilinə yaxındır.


Xəzərin «dəniz» adlandırılmasını Rusiya da istəyir. Tək ona görə yox ki, Rusiya sahilinin uzunluğuna görə ikincidir. Həm də ona görə ki, Qazaxstan sahillərində çoxlu rus şirkətləri işləyir. Amma bu günki sammitdə Rusiya prezidenti belə deyib: «Xəzər dövlət sərhədləri, sektorlar və xüsusi zonalarla doldurulmamalıdır. Nə qədər az sahə istifadə olunsa, Xəzərsahili ölkələrin ümumi istifadəsində nə qədər çox sahə qalsa, bir o qədər yaxşıdır».


Xəzərin «dəniz» adlandırılmasına Azərbaycan da tərəfdardır. Türkmənistana gəlincə isə, əvvəlki prezident Saparmurat Niyazov gah Xəzərin «göl», gah da «dəniz» adlandırılmasını istəyirdi. Deyirdilər ki, Niyazov fikrini hər dəfə Xəzərsahili ölkə başçısıyla görüşündən sonra dəyişir. Amma bir məsələdə onun mövqeyi qəti idi: mübahisəli sulardakı yataqlar Xəzərin statusu müəyyən olunmayınca, işlənməməlidir. Bu da Türkmənistanla Azərbaycanın mübahisəsinə görə idi. Tərəflər Azərbaycanın «Kəpəz», Türkmənistanın «Sərdar» adlandırdığı yataqla bağlı razılığa gələ bilmirdiər. İndiki prezident Qurbanqulu Berdimuhammədov bu günki sammitdə Türkmənistanın mövqeyini dəyişmədiyini bildirib: «Xəzərdə birtərəfli fəaliyyət təcrübəsi Türkmənistan üçün yenə qəbulolunmazdır. İlk növbədə tərəflərin razılığı olmayan sahələrdə neft əməliyyatları yolverilməzdir».


Sammitin sonunda Xəzəryanı ölkələr dənizin bioloji resurslarının qorunması barədə razılığa gəliblər. Bildiriblər ki, Xəzərin sərvətlərinin, xüsusilə yüksək keyfiyyətli kürüsü olan nərə balıqlarının qorunması üçün təcili tədbirlər görülməlidir və Xəzərin ekologiyasına görə sahilyanı ölkələrdən hər biri məsuliyyət daşıyır. Ekologiyadan danışanda Rusiya prezidenti Vladimir Putin Xəzərdə layihə planlarına toxunub:


«Hesab edirəm ki, bütün Xəzərdə ekologiyaya ciddi zərər vura biləcək layihələr Xəzər beşliyinin ilkin mütləq müzakirəsi olmadan, ümumi dənizin maraqlarına uyğun qərar olmadan həyata keçirilməməlidir və keçirilə bilməz».


Bununla Putin güman ki, Azərbaycanla Qərbə ötürüləcək Trans-Xəzər layihələrə toxunur. Türkmənistandan, Qazaxstandan alınan neft və qazı Xəzərin dibiylə Azərbayacana, ordan da Qərbə çıxarmaq barədə hələlik danışıqlar gedir. Qərb bu layihələri müdafiə edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG