Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

Xəzəryanı dövlət başçılarının sammiti gələn il Bakıda keçiriləcək


İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri bəyannamə imzalayıblar

İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri bəyannamə imzalayıblar

Gələn il Bakıda Xəzəryanı dövlətlərin prezidentlərinin üçüncü sammiti keçiriləcək. Tehranda Xəzəryanı dövlətlərin sammitində çıxış edən İran prezidenti Mahmud Əhmədinejad belə deyib.


Onun sözlərinə görə, Xəzərin statusu üzrə hər altı aydan bir, xarici işlər nazirləri, ildə bir dəfə isə prezidentlər səviyyəsində görüş keçiriləcək.


Samitdə İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri 25 maddədən ibarət bəyannamə imzalayıblar. Bəyannamə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlətlərin prezidentləri tərəfindən imzalanmış ilk rəsmi sənəddir.


Bəyannamədə qeyd edilir ki, yalnız sahilyanı dövlətlər Xəzər dənizinə və onun ehtiyatlarına münasibətdə suveren hüquqlara malikdirlər. Tərəflər razıdırlar ki, Xəzərin yeni hüquqi statusu müəyyən edilənədək gəmiçilik və balıqçılıq yalnız xəzəryanı ölkələrin bayraqları altında həyata keçirilməlidir. Bundan başqa, tərəflər ekoloji problemlərin həllində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Prezidentlər etiraf ediblər ki, Xəzərin təbii mühitinin vəziyyəti və xüsusilə, onun nərə populyasiyası təxirəsalınmaz birgə qərarların qəbul edilməsini tələb edir.


Xəzər dənizinin təhlükəsizliyinə toxunaraq, prezidentlər Xəzərin sularından yalnız dinc məqsədlərlə istifadə edilməsi barədə razılaşıblar. Onlar qeyd ediblər ki, başqa bir dövlətin tərəflərdən istənilən birinə qarşı təcavüz etməsi və digər hərbi fəaliyyət üçün heç bir halda öz ərazilərindən istifadə etməsinə icazə verməyəcəklər.


Tərəflər nüvə silahının yayılmaması haqqında müqaviləni (NSYM) beynəlxalq təhlükəsizliyin və sabitliyin əsas dayaqlarından biri hesab edirlər. Prezidentlər NSYM-in iştirakçısı olan bütün dövlətlərin nüvə enerjisini dinc məqsədlərlə istehsal və istifadə etmək, tədqiqatlar aparmaq hüququna malik olduqlarını təsdiqləyiblər.


Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında Aşqabadda baş tutub. İkinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi barədə qərar qəbul olunub. Lakin həmin dövrdən bu günə qədər sammit hər il təxirə salınıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG