Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:03

Növbəti Xəzər sammiti nə vəd edir?


Xəzərin problemlərinə həsr olunmuş dövlət başçılarının ikinci sammiti. Tehran 16 oktyabr, 2007-ci il
Xəzərin problemlərinə həsr olunmuş dövlət başçılarının ikinci sammiti. Tehran 16 oktyabr, 2007-ci il

Oktyabrın 16-da Tehranda baş tutan Xəzərin problemlərinə həsr olunmuş dövlət başçılarının ikinci sammiti diqqət mərkəzindədir. Sammitə Xəzəryanı ölkələrin dövlət başçılarının hamısı qatıldı.


Sammit ərəfəsində rəsmi dövlət adamları və bəzi müşahidəçilər çox nikbin görünürdülər. Bir çoxlarının fikrincə budəfəki sammit ümumi razılığa gəlməkdə mühüm mərhələ olacaq. Amma bu proqnozu bölüşməyənlər də var. Belə ki, problem ona yaxınlaşma meyllərinin müxtəlifliyi nəticəsində xeyli mürəkkəbləşib. Ölkələr status məsələsində iki qrupa bölünüblər: Birinci qrupu Rusiya, Azərbaycan və Qazaxıstan, ikinci qrupu isə İran və Türkmənistan təşkil edir.


Ölkələr status məsələsində iki qrupa bölünüblər: Birinci qrupu Rusiya, Azərbaycan və Qazaxıstan, ikinci qrupu isə İran və Türkmənistan təşkil edir

Əslində Xəzər artıq bir dəfə qismən bölünüb və İrana məxsus hissə müəyyən olunub. Bu, keçmiş SSRİ ilə İran arasında imzalanmış iki müqavilə nəticəsində baş verib. SSRİ-nin dağılması və yeni müstəqil dövlətlərin yaranması ilə keçmiş SSRİ-yə məxsus sektorun məhz həmin bu yeni dövlətlər arasında növbəti bölgüsü baş verməli idi. Hamı da prosesin bu istiqamətdə baş verəcəyini güman edir və gözləyirdi. Amma İranın keçmiş müqavilələrin şərtləri ilə razılaşmaması və yenidən bölgü təklif etməsi vəziyyəti xeyli mürəkkəbləşdirdi. Bəlkə də məsələ ancaq keçmiş SSRİ respublikaları arasında müzakirə edilsəydi o, indiki qədər mürəkkəbləşməyəcəkdi. Amma artıq bu, reallıqdır və bu reallığı hansısa formada adlamaq, problemin həlli üçün çıxış yolları axtarmaq lazımdır. Növbəti sammitin Tehranda keçirilməsi də müəyyən mənada bu reallığın etirafı və təzahürüdür.


Bununla belə onu da qeyd etmək lazımdır ki, artıq əvvəlki konfiqurasiyada bir qədər dəyişiklik müşahidə olunur. Türkmənistan prezidenti Saparmurad Niyazovun vəfatından sonra bu ölkənin mövqeyində yeni tendensiyalar hiss olunur. Yeni prezident Qurbanqulu Berdimuhəmmədov Azərbaycan ilə münasibətlərin normallaşmasında və Xəzərdə birgə əməkdaşlıqda maraqlı olduğunu bildirir. Bunu əsas götürən müşahidəçilər Türkmənistanın Xəzərin statusu və bölgüsü ilə bağlı mövqeyinin dəyişəcəyini və bu respublikanın da Azərbaycan, Rusiya və Qazaxıstanla yaxınlaşacağını güman edirlər. İndiki vəziyyət də buna meyli gücləndirir və stimullaşdırır.


Artıq qeyd etdiyimiz kimi, Rusiya Xəzərin statusu və bölgüsü ilə bağlı Azərbaycan və Qazaxıstanla eyni mövqedən çıxış edir. Axır vaxtlar Azərbaycanla Qazaxıstan arasında hərtərəfli ciddi yaxınlaşma meylləri müşahidə olunur. Məsələ bundadır ki, Qazaxıstan öz neftinin Azərbaycan ərazisindən nəql edilməsində, bu yolla da Avropa bazarlarına çıxmaqda maraqlıdır.



Türkmənistanın Xəzərin statusu və bölgüsü ilə bağlı mövqeyinin dəyişəcəyini və bu respublikanın da Azərbaycan, Rusiya və Qazaxıstanla yaxınlaşacağını güman edirlər

Avropa bazarları təbii ki, Türkmənistanı da cəlb edir. Hazırda Türkmənistan öz karbohidrogen ehtiyatlarını Rusiya və İran ərazisindən nəql edir. Alternativ tranzit imkanları Türkmənistan üçün də zəruridir. Amma hər şey Türkmənistanda yeni hakimiyyətinin yürütdüyü siyasətin praqmatikliyindən asılıdır. Türkmənistanda hakimiyyətin dəyişməsi müəyyən müsbət tendensiyaların baş verəcəyinə ümid yaradır. Amma bunlar hələ ehtimallar səviyyəsindədir.


Hər halda müşahidəçilərin qənaəti budur ki, dörd keçmiş sovet respublikası Xəzərin statusu məsələsində indiki qədər ortaq anlaşmaya yaxın olmayıblar, əvvəlki dövrlərlə müqayisədə yaxınlaşma ehtimalı böyükdür. Onlar öz aralarında müəyyən razılığa gəlsələr sözsüz ki, bu, İranın da mövqeyinə təsir edəcək və ola bilsin, İran əvvəlki mövqeyindən geri çəkiləcək.


Xəzərin karbohidrogen ehtiyatları indi istismar olunur və böyük layihələr həyata keçirilir. Amma dörd keçmiş sovet respublikası arasındakı ehtimal olunan yaxınlaşma Xəzərin ehtiyatlarının daha geniş və sərbəst istismarına, bölgəyə yeni böyük investisiyaların cəlb olunmasına güclü təkan verə bilər. İndiki sammit məhz bu məsələyə aydınlıq gətirəcək.


XS
SM
MD
LG