Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:26

«Öləcəyik, evimizi heç kimə verməyəcəyik!»


«Binamız gözəl yerdədir, istəyirlər qazanc əldə etsinlər»

«Binamız gözəl yerdədir, istəyirlər qazanc əldə etsinlər»

Bakının Mirzağa Əliyev küçəsi 251 saylı binanın 150-yə yaxın sakini evlərinin əllərindən alınmaq qorxusu altında yaşayırlar. Bu binada 48 mənzil var. Sakinlər deyirlər ki, avqust ayında Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyindən gəlib camaata deyiblər ki, burdan çıxmalısız, bəs, bina qəza vəziyyətindədir. Sakinlər deyir ki, belə bir şey olsaydı, onlara rəsmi sənəd təqdim edərdilər. Binanın sakini Rəhimə Əhmədova:


«Binamız gözəl yerdədir, istəyirlər qazanc əldə etsinlər. Bu, bizim şəxsi əmlakımızdır. Deyir, traktor gətirirəm, çıxın, təxribata yol verməmək üçün gecələr keşik çəkirik».


Binanın bütün mənzillərinə Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin adından bildirişlər yapışdırılıb. Həmin bildirişlərdə göstərilir ki, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Nəsimi Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin apardığı texniki müayinələr zamanı müəyyən edilib ki, binanın vəziyyəti qeyri-qənaətbəxş olduğundan qəza vəziyyətinə düşüb. Hazırda binada yaşamaq təhlükəli olduğundan sakinlərin təcili köçürülməsi təmin olunmalıdır.


Sakinlərsə deyirlər ki, heç kim gəlib bu binada texniki müayinə aparmayıb:


- Gizlincə bu kağızları yapışdırırlar, bizi qorxutmaq istəyirlər.


- Biz öz hüquqlarımızı yaxşı bilirik. Bizi qorxutmaqla heç nə edə bilməzlər.


Binanın sakinləri Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası da keçiriblər. Dediklərinə görə, icra hakimiyyətinin başçısı onları əmin edib ki, bu məsələni araşdıracaq.

Sakinlər deyirlər ki, bayram günləri qurtarandan sonra müsbət cavab almasalar, aksiyalarını yenə davam etdirəcəklər. Şüarları isə belədir: «Öləcəyik, evimizi heç kimə verməyəcəyik!»


Binanın qəzalı vəziyyətdə olub-olmamasını müəyyən etmək üçün Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Dedilər ki, bayram günü olduğundan işdə heç kim yoxdur. Nəsimi Rayon İcra Hakimiyyətindən də bu cavabı verdilər. Özünü təqdim etməyən şəxs onu əlavə etdi ki, hazırda bu məsələ araşdırılır.


Hüquqşünas Sadiq Bagırov isə deyir ki, binanın qəza vəziyyətində olduğu sənədlərlə təsdiq edilmədən və məhkəmə qərarı olmadan sakinləri oradan çıxarmaq qanunsuzdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG