Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Vertolyotda itkin düşənlərdən daha ikisinin meyiti tapılıb


İndi qalan iki nəfərin axtarışı gedir
İndi qalan iki nəfərin axtarışı gedir

15.10.2007 Xəzərdə qəzaya uğrayan vertolyotda itkin düşənlərdən daha ikisinin meyiti tapılıb.


Bunu «Azadlıq» radiosuna «AZAL» Azərbaycan Hava Yolları Dövlət Konserninin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir.


Konsernə məxsus Mİ-8 vertolyotu oktyabrın 12-də axşam qəzaya uğrayıb. Vertolyotda olan 6 nəfərdən ikisinin meyiti oktyabrın 13-də tapılıb. İndi qalan iki nəfərin axtarışı gedir.


Hadisənin araşdırılması üçün yaradılmış komissiyanın sədri Rauf Səfərzadə isə ANS TV-nin müxbirinə deyib ki, vertolyotdan tapılan «qara qutu» oxunaqlı vəziyyətdə deyil. Təyyarə qəzaya uğrayan zaman «qara qutu»ların hər ikisi zədələnib. Bu baxımdan komissiya «qara qutu»ları Moskvaya Dövlətlərarası Aviasiya Komitəsinə göndərmək niyyətindədir.


Fakt üzrə cinayət işi açılıb, Cinayət Məcəlləsinin hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma maddəsi ilə istintaq gedir.


***


13.10.2007 Qəzaya uğramış «MI-8 T» tipli vertolyotun sərnişinlərinin axtarışı dayandırılıb.


Bu barədə ANS TV-yə qəzanın səbəblərini araşdıran komissiyanın üzvü, «AZAL» Dövlət Konserninin nümayəndəsi Rauf Cəfərzadə məlumat verib. O, bildirib ki, qaranlıq düşdüyü üçün axtarış xilasetmə işləri dayandırılıb:


«Sabah səhər saatlarından başlayaraq axtarış işləri davam etdiriləcək».


***

Qəza rayonunda bütün akvatoriya boyu xilas-axtarış işləri aparılır.

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyir ki, sualtı axının çox güclü olması və külək axtarış işlərini xeyli çətinləşdirir.


Qalan dörd nəfərin axtarışına Azərbaycan Dövlət Neft Şirkəti, Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə nazirliklərinin dalğıcları və sualtı aparatları cəlb olunub.


Rövnəq Abdullayev onu da qeyd edib ki, qəzaya uğramış vertolyot suya çarpılarkən arxası açılıb və içəridə olan 6 nəfərdən 4-ü dənizə düşüb. ANSPress


***

«MI-8T» vertolyotu dənizin 20 metr dərinliyindən çıxarılıb.

Bu barədə «Turan»a «AZAL»ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.


***

Qəza nəticəsində vertolyotun üç hissəyə bölündüyü və hissələrdən birinin sudan çıxarıldığı bildirilir.


***

Vertolyot qəzasında həlak olanlardan iki nəfərin meyiti artıq çıxarılıb.


Bu barədə ANS TV-yə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.


***


Oktyabrın 12-si saat 21.58-də «Azərbaycan Hava Yolları» Dövlət Konserninin «Azalhelikopter» aviasiya şirkətinə məxsus «MI-8 T» tipli vertolyotu dənizə düşüb. Vertolyotun yeri artıq müəyyən olunub.


Aviaşirkətdən deyirlər ki, uçuşdan qabaq vertolyot saz vəziyyətdə olub. O, xəstə gətirmək üçün neft platformasına uçub. Xəstə - Qəhrəman Əsədov və onu müşayiət edən Zahid Şaşkayevi göyərtəsinə aldıqdan sonra 200 metr uçmamış dənizə düşüb.


Göyərtədə 6 nəfər olub:


1. Yoxlayıcı təlimatçı kapitan Viktor Qlininko;


2. Vertolyotun kapitanı Vladimir Nekrasov;


3. İkinci pilot Əhməd Əliyev;


4. Bort mexaniki Cahid İbrahimov.


Dövlət Neft Şirkətinin iki əməkdaşı:


1. Qəhrəman Əsədov;


2. Zahid Şaşkayev.


Onların öldüyü ehtimal edilir.


«AZAL»dan ANS-ə verilən məlumata əsasən, indi vertolyot suyun 20 metr dərinliyindədir. Vertolyotun çıxarılması üçün hadisə yerinə xüsusi qaldırıcı kran göndərilib. Ərazidə axtarış-xilasetmə işləri aparılır.


Hadisənin araşdırılması üçün «AZAL» müvafiq komissiya yaradıb.


Respublika Baş Prokurorluğu da Cinayət Məcəlləsinin 262.3 maddəsi ilə [hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması nəticəsində iki və daha çox insanın ölümünə səbəb olan hərəkətlər] cinayət işi qaldırıb.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG