Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:10

Bakı neftinin qoxusunu canına çəkmiş mükafat


«Nobel mükafat fondundakı kapitalın 35%-i Bakı neftinin payına düşür»

«Nobel mükafat fondundakı kapitalın 35%-i Bakı neftinin payına düşür»

100 ildən çoxdur ki, Nobel mükafatı bütün dünyada elm adamlarına, siyasətçilərə və yazıçılara verilən ən yüksək qiymət hesab edilir. Belə bir mükafatın verilməsi ideyası isə 1895-ci ildə məşhur isveçli milyonçu Alfred Nobel tərəfindən ortaya atılıb.


Nobel özü də tədqiqatçı-kimyaçı olub. XIX əsrin 70-ci illərində artıq o, tədqiqatçı kimi bütün Avropada tanınırdı. Həmin əsrin 50-ci illərdən müharibələrdə geniş istifadə olunan dinamitin kəşfi onun adı ilə bağlıdır. 1870-1871-ci illər Fransa-Prusiya müharibəsi Alfred Nobelin kəşfinə əməlli-başlı şöhrət gətirdi.


İşıq sürətilə varlanan Nobel xeyirli kəşflər edən elm adamları üçün xüsusi mükafat təsis etməyi və bütün sərvətini də bu fonda keçirməyi qərara alır. 1900-cü ildə, Alfred Nobelin ölümündən sonra Nobel Fondu təsis edilir. 1901-ci ildə isə artıq ilk Nobel mükafatı öz sahibini tapır. Nobel mükafatı 6 istiqamət üzrə-ədəbiyyat, fizika, tibb elmləri və fiziologiya, kimya, iqtisadi elmlər və sülh sahəsində fəaliyyətə görə verilir. Mükafat qızıl medal, fəxri diplom və təxminən 1,5 milyon ABŞ dolları məbləğində puldan ibarətdir.


Artıq bu il Nobel mükafatı qazanan alimlərin adları bəllidir. Həm bu, həm də bundan əvvəlki illərdə bu siyahıda azərbaycanlı alimlərin adlarına rast gəlinməyib. Buna baxmayaraq mükafatın təsisçisi Alfred Nobel və onun qardaşı Lüdviq Nobelin, eyni zamanda Nobel mükafatının da Azərbaycanla bir bağlılığı var.


Nobel qardaşlarının şirkəti Azərbaycanın neft sektorunda da fəaliyyət göstərib. Qardaşların 1870-ci illərdə Azərbaycanın neft sənayesinə qoyduğu kapitalın həcmi 3 milyon rubl, 80-ci illərdə isə 15 milyon rubla çatıb. O ki qaldı Nobel Fonduna, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarix elmləri namizədi Cəbi Bəhramov deyir ki, mükafat fondunda Azərbaycan neftindən gələn gəlirlərin xüsusi yeri olub. «Əgər XX əsrin əvvəllərində Bakıda 20-yə qədər çox böyük kapitala malik müəssisələr var idisə, onlardan birincisi Nobel qardaşlarına məxsus idi. Sözügedən mükafatın formalaşmasında, bu kapitalın yığılmasında Bakı neftinin müstəsna rolu olub. Hesablamalar onu göstərir ki, bu mükafat fondunda olan kapitalın 35%-i Bakı neftinin payına düşür».


Tarix elmləri namizədi Cəbi Bəhramov və elə söhbətləşdiyim paytaxt sakinləri də Bakı neftinin qoxusunu canına çəkmiş bu mükafatı azərbaycanlı bir alimin də qazanacağına ümid edirlər. Bu il bu sevinci yaşayan elm adamları isə mükafatlarını dekabrın 10-da Stokholmda keçiriləcək mərasimdə alacaqlar.


XS
SM
MD
LG