Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:22

Ədəbiyyat üzrə Nobel mükafatına 87 yaşlı Doris Lessinq layiq görülüb



2007-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına ingilis yazıçısı Doris Lessinq layiq görülüb. Qərarı oktyabrın 11-də İsveç Akademiyasının daimi katibi Horas Enqdal açıqlayıb.


87 yaşlı Lessinq müxtəlif mədəniyyətlər və incəsənətlər arasındakı münasibətlərlə bağlı işinə görə mükafatlandırılıb. Lessinqin uşaqlığı vaxtilə ingilis əsarətində olan Cənubi Rodeziyada (indiki Zimbabve) keçib. Onun bir neçə kitabı məhz həmin dövrlə bağlıdır. Yazıçının «Qızıl gündəlik» romanı feminist ədəbiyyatının klassik əsəri hesab olunur.


Doris Lessinq 1919-cu il oktyabrın 22-də İranın Kirmanşah şəhərində anadan olub. 1925-ci ildə ailəsi Zimbabveyə köçüb. 15 yaşına qədər katolik məktəbində təhsil alıb, bundan sonra heç yerdə oxumayıb. 1949-cu ildə Afrikadan Londona gəlib. 1950-60-cı illərdə Britaniya Kommunist Partiyasının ən fəal üzvlərindən biri kimi nüvə silahı əleyhinə hərəkatda iştirak edib. 1949-cu ildən çap olunmağa başlayıb.


İngilis qadının bu mükafatı alması çoxlarını təəccübləndirib. Çünki favoritlər Amerika yazıçısı Filip Rot, italyan yazıçı Klaudio Maqris, İsrail yazıçısı Amos Oz hesab olunurdu.


Builki mükafatın məbləği 10 milyon İsveç kronudur (1,5 milyon ABŞ dollarına yaxın).


Ötən il ədəbiyyat üzrə Nobel mükafatına türk yazıçısı Orxan Pamuk layiq görülmüşdü.


XS
SM
MD
LG