Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Konstitusiyanın iki maddəsinin dəyişdirilməsi təklif edilir


Sərdar Cəlaloğlu deyir ki, ilkin layihə oktyabrın 12-də mətbuatda dərc olunacaq

Sərdar Cəlaloğlu deyir ki, ilkin layihə oktyabrın 12-də mətbuatda dərc olunacaq

Altı müxalifət partiyasının Koordinasiya Şurası Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı ilkin təkliflər layihəsi hazırlayıb. Şura onu ictimaiyyətin müzakirəsinə təqdim edir. Müsavat, Demokrat, Milli İstiqlal, Sosial Demokrat, Tərəqqi partiyaları və «Azərbaycan Naminə» Forum Konstitusiyada iki maddənin dəyişdirilməsini təklif edirlər.


Bu haqda «Azadlıq» radiosuna Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu məlumat verib: «Proporsional seçki sisteminin bərpa edilməsini, qarışıq seçki keçirilməsini təklif edirik. İkinci təklif isə budur ki, parlamentdə deputatların sayı 250-yə qaldırılsın».


Müxalifət partiyalarının digər təklifləri seçki günü qanun pozuntularını araşdırmaq üçün məhkəmələrə geniş səlahiyyət verilməsi, müşahidəçilərin hüquqlarının genişləndirilməsi və nəhayət seçki komissiyalarının paritet əsasda formalaşması ilə bağlıdır. Koordinasiya Şurasının seçki komissiyaları ilə bağlı təkliflərinin sayı isə altıya çatır.


Sərdar Cəlaloğlu deyir ki, ilkin layihə oktyabrın 12-də mətbuatda dərc olunacaq. Bununla yanaşı, onlar sənədi digər müxalifət partiyaları və beynəlxalq qurumlara da təqdim ediblər. Digər müxalifət partiyalarının təklifləri də olarsa, vahid sənəd hazırlanaraq noyabrda Bakıya səfərə edəcək Avropa Şurası Venesiya Komissiyası üzvlərinə təqdim olunacaq.


Son parlament seçkilərindən sonra Avropa Şurası Parlament Assambleyası və ATƏT Azərbaycan hökumətinin seçki qanunvericiliyinə dəyişiklik etməsi haqda tövsiyələr verib. Bakı məcəlləyə texniki dəyişikliklər ediləcəyini, xüsusən də seçki komissiyalarının yenidən formalaşdırılmasına lüzum olmadığını bildirir. Bununla belə, gələn ay Venesiya Komissiyası ilə hökumət Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri müzakirə etməlidir.


XS
SM
MD
LG