Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

Son 10 ildə 15 dəfə bahalaşan kürü…


«Caspian Fish»in firma-mağazalarında qara kürünün 103 qramı 118 manata satılır

«Caspian Fish»in firma-mağazalarında qara kürünün 103 qramı 118 manata satılır

2007-ci ilin yanvarından BMT-nin tükənmək təhlükəsi qarşısında olan vəhşi flora və fauna növlərinin beynəlxalq ticarəti üzrə Konvensiyası - CITES Xəzər nərə balığının kürüsünə qoyulan qadağanı aradan qaldırıb. Buna qədər - yəni 2005-2006-cı illərdə qurum İrandan başqa, bütün Xəzəryanı dövlətlərin nərə balığı və qara kürü ixrac etməsinə icazə vermirdi. 2007-ci ilin başlanğıcından Azərbaycan, Qazaxıstan, İran və Rusiya birlikdə 3.761 ton qara kürü ixrac etmək imkanı qazanıb. Bununla yanaşı, Xəzəryanı dövlətlərin hər biri nərəkimilərin sayının azalması ilə mübarizə tədbirlərini davam etdirməlidirlər.


Beləliklə, artıq dünya bazarının qapıları ən bahalı qida məhsullarından sayılan Xəzər nərə balığının qara kürüsünün üzünə açıqdır.


Xəzərin Azərbaycan sektorundakı nərə balıqlarının kürüsü tərkibindəki zülal, yağ və amin turşularına görə dünyada ən keyfiyyətli kürü sayılır.


8 tondan 1 tona…


Dövlət Statistika Komitəsinin məlumatına görə, 1992-ci ildə Azərbaycanda 8 ton qara kürü istehsal olunub. O zaman yerli bazarda qara kürünün 1 kiloqramının qiyməti təxminən 80 dollar idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının xarici dövlətlərlə iqtisadi münasibətləri o illərdə yetərincə inkişaf etmədiyindən istehsal olunan kürünün çoxu daxili bazara və saxlanclara yönəldilirdi. 1993-cü ilin rəsmi statistikasında isə Azərbaycanda cəmi 1 ton qara kürü istehsal olunduğu göstərilir. İqtisadçılar kürü istehsalının bir ildə 8 dəfə aşağı enməsini real saymırlar. Onların fikrincə, nə siyasi səhnədəki təlatümlər, nə iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyalar kürü istehsalının birdən-birə bu qədər enməsinə səbəb ola bilməzdi.


İqtisadçı Qadir İbrahimli: «Böyük ehtimalla o zaman kürü istehsalı statistikadan gizlədilib».


Azərbaycanda kürü istehsalı ilə üç şirkət məşğul ola bilər


Bəs bu gün Azərbaycanda nə qədər kürü istehsal olunur? Onun nə qədəri daxili, nə qədəri xarici bazara yönəldilir? Dövlət orqanlarına dəfələrlə müraciət etməyimizə baxmayaraq suallarımıza dəqiq cavab ala bilmədik. Yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioresursların artırılması və mühafizəsi Departamentinin rəhbəri Tariyel Məmmədlidən öyrənə bildik ki, CITES bu il Azərbaycana 6 ton 660 kq kvota ayırıb: «Kvota iki yerə bölünür; ov və ixrac kvotası. Ov kvotası ilə ixrac kvotası eynidir. Onu da CITES Konvensiyasının Katibliyi təsdiq edir».


Məmmədlinin sözlərinə görə, indi Azərbaycanda kürü istehsalı ilə üç şirkət məşğul ola bilər. «Xəzərbalıq», «Kaspi» və «Caspian Fish».


Məmmədli bildirir ki, əsas istehsalçı «Caspian Fish»dir.


«Caspian Fish»in internet səhifəsində kürünün qiyməti göstərilməyib


Rəsmilər dolayı yollarla suallardan yayınmağa, əsas məqamları açıqlamamağa üstünlük verdilər. Bəlli olan odur ki, 1992-ci ildə yaradılan «Azərbalıq» Dövlət Konserni ləğv edildikdən sonra balıqçılıq təsərrüfatlarının çoxu 2001-ci ildə yaradılan «Caspian Fish Azerbaijan»a verilib. Şirkətin prezidenti İran azərbaycanlısı, uzun illər Avropa ölkələrində balıq məhsullarının ticarətilə məşğul olan cənab Əhədpurdur. «Caspian Fish»ə Bakı-Şamaxı yaxınlında ayrılmış iri torpaq sahəsində şirkətin bir neçə bölmə üzrə istehsal müəssisələri yerləşir. Burada istehsal olunan məhsullar həm yerli, həm də xarici bazara yönəldilir.


Şirkətin internet səhifəsində «Caspian Fish»in Azərbaycan iqtisadiyyatına 56 milyon ABŞ dolları investisiya qoyduğu bildirilir. Qaynaqda göstərilib ki, şirkətin istehsal gücü 300 tondur. Burada 30 növ balıqdan 80 adda məhsul istehsal edilir.


İnternet səhifəsində istehsal olunan məhsulların adı, qiyməti, Azərbaycanda satış nöqtələri göstərilib. Bir tək kürüdən başqa. Veb-səhifənin kürüyə ayrılmış cədvəlində məhsulun növü, qablaşdırma forması göstərilsə də, qiymət bölümü boşdur. Ekspert Qadir İbrahimli bunu şirkətin işində şəffaflıq prosesinin pozulması kimi dəyərləndirir: «Onlar kürünü daha çox xarici bazara hesablayırlar. Daxili bazarda kürü çox az satılır. Xarici bazarların hər birinin öz xarakterinə uyğun qiymətləri var. Saytda kürünün qiymətinin göstərilməməsinə bu da səbəb ola bilər. Ancaq bütünlükdə götürdükdə bu, şəffaflıq prosesinin pozulmasıdır».


Xəzər kürüsünün 10 qramı üçün 1000 ABŞ dolları…


İki il öncə Avropa ölkələrindən birində iqtisadiyyat üzrə təhsil alan Emil Muxtarlı Xəzər kürüsü ilə bağlı maraqlı bir faktla qarşılaşdığını deyir: «Təhsil aldığım şəhərdə balıq məhsullarının satışı ilə məşğul olan mağazada Xəzər kürüsü gördüm. Mağazada yüzlərlə adda məhsul vardı. Hamısının da üzərində qiyməti yazılmışdı. Təkcə Xəzər kürüsünün üzərində qiymət göstərilməmişdi. Səbəbini soruşanda satıcı bildirdi ki, qiymət son dərəcə baha olduğundan, bunu alıcılara psixoloji basqı olmasın deyə göstərmirlər. Mən təxminən 50 qram qara kürü almaq istəyəndə bəlli oldu ki, burada Xəzər kürüsünün 10 qramı üçün 1000 ABŞ dolları ödəmək gərəkdir».


«Əsas alıcılar Azərbaycanda işləyən xarici iş adamlarıdır»


Biz «Caspian Fish»in Bakı şəhərindəki firma-mağazalarında da olduq. Burada Xəzərin ağ balığının qara kürüsünün 103 qramı 118 manata satılır. Eyni miqdarda qırmızı kürünün qiyməti isə 90 manatdı. Satıcıların sözlərinə görə, qiymətlərlə əhalinin əsas təbəqəsinin alıcılıq imkanları arasında böyük fərq var. Buna görə, kürü mağazalarda olduqca ləng satılır. Əsas alıcılar Azərbaycanda işləyən xarici iş adamlarıdır. Satıcılar deyirlər ki, Azərbaycanın kürü həvəskarları kürünü daha çox bazarlardan almağa üstünlük verirlər. Çünki burada qiymətlər «Caspian Fish»in mağazalarındakından xeyli ucuzdur.


«Təzə bazar»ın alt qatında…


Bakının məşhur «Təzə bazar» ticarət mərkəzində olduq. Balıq məhsulları satılan bölməni bir neçə dəfə o baş bu başa gəzsək də, gözümüzə kürü dəymədi. Bizi bayaqdan müşahidə edən satıcılardan biri ehtiyatla yaxınlaşıb, «kürü axtarırsınız», - deyə soruşdu. Etiraz etmədiyimizi görüb «gəlin», - deyə bizi aşağı enən pilləkənlərə tərəf dəvət etdi. Onun arxasınca bazarın alt qatına endik. Dolanbac yolun sonunda bir neçə soyuducu qoyulmuşdu. Satıcı soyuducunun qapağını açanda içəridə növbənöv kürülər göründü.


Qiymətlərlə maraqlananda öyrəndik ki, Xəzər nərə balığının qara kürüsünün bir kiloqramlıq bankası 700 manatadır. Ən ucuz qara kürünün 1 kiloqramının qiyməti isə 370-400 manat arasındaydı. Dənəvər kürüdən fərqi adi gözlə də seçilirdi. Ucuz kürü yayda Bakı küçələrinə yamaq vurulan asfalta bənzəyirdi.


Qırmızı kürünün qiyməti isə bir kiloqram üçün 550-600 manat arasında dəyişirdi. Satıcıdan «Caspian Fish»də bir kiloqramı təxminən 1200 manat olan qara kürünün nədən bazarda nə az, nə çox, düz 500 manat ucuz satılmasının səbəblərini soruşduq. Dedi ki, o, kürünü «Caspian Fish»dən deyil, əldən, başqa sözlə, brakonyerlərdən alır. Qiymətlər arasındakı kəskin fərq də bununla bağlıdır. Satıcı dedi ki, əsas müştəriləri toy etməyə hazırlaşan ailələr, bir də sağlamlığının qədrini bilən varlılardır. Onun sözlərinə görə, kürü həvəskarlarını məhsulun keyfiyyəti, toy sahiblərini isə qiyməti maraqlandırır.


«Elələri var ki, 300 nəfərlik toy üçün 100 qram kürü alır»


Yolumuzu Bakının şadlıq saraylarından da saldıq. Administratorlar kürü məsələsində toy sahiblərinə sərbəstlik verdiklərini dedilər: «Biz toy sahiblərinə «Caspian Fish»in məhsulunu təklif edirik. Əgər onlar kürünü «qara bazar»dan almaq istəsələr, buna da etiraz etmirik. Qabaqlar hətta ortabab yaşayanlar məclislərində qara kürü olmasını vacib bilirdilər. İndi qiymətlər elə bahalaşıb ki, çoxlarının kürü heç yadına da düşmür. Elələri də var ki, 300 nəfərlik toy üçün 100 qram kürü alır. Belə olanda da stolda kürünün lap dənələrini də saymaq olur».


«Balığa da, kürüyə də həsrət qalmışıq»


Dünyanın hər yerində dəniz, sahilində yaşayanların dolanışıq mənbəyi olub. Bir zamanlar Azərbaycanda da beləydi. Bakı da daxil olmaqla sahil boyu bölgələrin əhalisinin əsas qazanc yeri dəniz sayılır, balıq əti, kürü Azərbaycan ailəsinin süfrəsindən əskik olmurdu.

Bəs indi niyə balıq, xüsusən də kürü süfrələrimizdə qeybə çəkilib? Bu sualı Xəzərin qoynunda - Bakı bulvarında istirahət edən sakinlərə ünvanladıq:


- Heç görürük ki, bizə gəlib çatmır.


- Kim yeyər bu dənizin balığını? Açığı mən yemərəm. Görün, dəniz nə gündədir.


- Ona görə ki, başqa ölkələrə satılır. Başqa ölkələrə satılmağında xeyir var yəqin.


- Kürünün qiyməti birinin cibinə uyğundur, digərininsə yox. Kürü yeyən elə indi də yeyir.


- Xəzərdə balıq ekoloji problemlər üzündən çox azalıb, ona görə kürü də yoxa çıxıb.


- İl ərzində hər bir insan 18,5 kq balıq məhsulları yeməlidir. Heyf ki, balığa da, kürüyə də həsrət qalmışıq.


«Dənizin həddən artıq çirklənməsi bu nadir balıq növünü Azərbaycan sahillərindən qaçaq salıb»


Uzun illər Neftçalanın Bankə qəsəbəsində yerləşən balıqartırma zavodunda çalışan Nizami Kərimli balığın və kürünün qeybə çəkilməsinin bir sıra səbəblərini bilir: «Təqribən 30 il əvvəl dünyada istehsal olunan qara kürünün 90 faizini Xəzər verirdi. Qalan 10 faizi isə Aral və Azov dənizlərinin payına düşürdü. Ancaq indi hətta Xəzərin sahilində yaşayanlar da qara kürünün üzünə həsrətdi. Səbəblər çoxdur. Ən əsası ekoloji tarazlığın pozulmasıdır».


35 ilə yaxın balıqçılıqla məşğul olan Nizami Kərimli nərə balığının təhlükəli həddə qədər azalması tendensiyasının Xəzərdə neft-qaz buruqlarının sayının artması ilə eyni zamana düşdüyünü deyir. Onun fikrincə, neft istehsalı ilə bağlı dənizin həddən artıq çirklənməsi bu nadir balıq növünü Azərbaycan sahillərindən qaçaq salıb: «Nərə balığı təmiz su sevən canlıdır. İndi nərə balığı Xəzərin daha çox İran sahillərindədir. Bunun da səbəbi İranın dənizdən neft çıxarmaması və sahil zolağında dənizi çirkləndirə biləcək sənaye şəhərlərinin olmamasıdır.


Rusiyada, Azərbaycanda, Qazaxıstanda balıq yetişdirilir. İran bu işlə məşğul olmur. Türkmənistanın isə belə imkanları yoxdur. Dənizdə ekoloji tarazlıq o qədər pozulub ki, balıq yalnız İran sektorunda boldur. Hətta başqa dövlətlərin, o cümlədən Azərbaycanın süni yolla artırıb dənizə buraxdığı balıqlar da İran sahillərinə üzür».


«O zaman indiki kimi belə əl-qol açmamışdı brakonyerlər»


Nizami Kərimli düşünür ki, əgər dəniz suyunun təmizlənməsi üzrə ciddi tədbirlər görülməsə, süni yolla Xəzərdə nərə balığının sayının artırılması üzrə cəhdlər heç bir nəticə verməyəcək. Ondan qanunsuz balıq ovunun kürü məsələsinə bağlılığının olub-olmadığını da soruşduq. Cavabı belə oldu: «Elə əsas səbəbkar onlardır. Sovetlər dönəmində də brakonyerlik vardı. Ancaq onlarla ciddi mübarizə aparılırdı. O zaman indiki kimi belə əl-qol açmamışdı brakonyerlər».


Qara kürü orqanizm üçün son dərəcə xeyirlidir


Balıq və balıq məhsullarının, xüsusən də qara kürünün orqanizm üçün son dərəcə xeyri olduğunu tibbi elmi çoxdan təsdiq edib. Göz həkimi İradə Abdullayeva qara kürünün göz xəstəliklərinin qarşısının alınmasında və müalicəsində əvəzsiz olduğunu deyir: «Qara kürünün tərkibində A, E vitaminləri və bəzi mikroelementlər var. Gözdə bir piqment var – opsin. Opsin A vitamininin tərkibidir. E vitamini isə antioksidləşmə reaksiyalarında iştirak edir. Orqanizmdə E vitamininin çatışmazlığı uzaqgörməyə səbəb olur, qocalıq degenerasiyalarında zəifləməklə nəticələnir. Ona görə, uşaq da, böyük də öz qidasında kürüdən istifadə etməlidir».


«Ağ balıq tutmaq indi çətindi»


Qanun Azərbaycanın su hövzələrində lisenziyasız balıq ovunu qadağan edir. Bununla yanaşı, nərə balığının ovlanması ümumiyyətlə, qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi lisenziya əsasında yalnız pullu balıq ovlamaq olar. Həmsöhbətim Sadiq balıqçılıqla artıq uzun illərdir məşğul olur. Kiçik balıqçılıq təsərrüfatı da yaradıb. Dənizə çıxmaq üçün şəxsi qayığı, bir neçə işçisi var. Sadiq deyir ki, dəniz daha bir neçə il öncəki kimi qazanclı deyil. Dənizə adı kimi sadiqliyi isə məhəbbətindən irəli gəlir: «Dəniz olduqca böyük xərc tələb edir. Dəniz imkanlıları imkansız edir. Ona da adi adamlar yaxınlaşa bilmir. Gələn də gəlir, pulunu qoyur, çıxır oyundan».


Sadiq də nərə balığının son illər qeybə çəkilməsini ekoloji problemlərlə bağlayır. Elə onun da toruna uzun illərdir öz dililə desək, ağ balıq düşmür: «Ağ balıq tutmaq indi çətindi. Elə olur 3-4 saat qayıqla dənizin içərilərinə üzürük. Bilirsiniz, balıq çox həssasdır. Həssas olmasa zəlzələni birinci o hiss etməz ki? İndi təsəvvür edin ki, motorlu qayıqla balığı qovursan. Səsi də eşidir, toru da hiss edir. Elə vaxt olur 3-4 saat dənizin içərilərinə üzürük. İri balıq, nərə balığı demək olar yoxdur. Ağ balıq bir də görürsən 3-5 il yoxa çıxır. 5 ildən sonra elə artır, elə bil göydən tökülüb. Küləklə əlaqədardır, yoxsa, iqlimlə, bilinmir. O da canlıdır, yem dalıyca qaçır».


Kürü çıxarılan kimi ələkdən keçirilir


Bir zamanlar Sadiq yaşadığı bölgənin məşhur kürü istehsalçılarından olub. O qədər də çətin olmayan istehsal prosesindən çox maraqla danışır: «Balıq soyuqqanlıdır, axı. 40 dərəcə istidə balığın qarnından kürünü çıxaranda buz kimi olur. Kürü çıxarılan kimi ələkdən keçirilir. Xarab olmaması üçün dərhal termoslara yığılır. Sahilə çıxdıqdan sonra 5-6 dəfə şirin suyla yuyulur. Sonra 1 kiloqram kürüyə 40-45 qram duz vurulur. Kürü ilə məşğul olanlar artıq gözəyarı duzun qədərini bilirlər. 15 dəqiqədən sonra kürü artıq istifadəyə hazır olur».


Eldar dənizin dibini çirkli şəhər küçələri ilə müqayisə edir


Sadiq kürünün əsasən şüşə qablarda saxlanmasını münasib sayır. Onun sözlərinə görə, şüşə qabda strelizə olunduqdan sonra burada bakteriyalar demək olar yoxa çıxır. Buna görə də şüşə qabda saxlanan kürü uzun müddət keyfiyyətini itirmir: «Kaş indi qara kürü olaydı. Qoyaydıq stolun üstünə, hamısından canlı-canlı danışaydıq. Neyləyək, çətin vaxta düşmüsünüz…»


Bu arada söhbətə Sadiqin təsərrüfatında sahildəki işlərlə, daha doğrusu, balıqçı torlarının təmizlənib-yuyulması ilə məşğul olan Eldar qoşulur. O da Xəzərin ekoloji durumundan şikayətçidir. Eldar dənizin dibini çirkli şəhər küçələri ilə müqayisə edir: «Torlara çoxlu xərçəng yapışır. Ağac, yosun, ölü balıq, nə desəz».


Balığın yağı yanığın əsl dərmanıdır


Sadiq:


- Biz indi balıqçılıqdan çox ekologiya ilə məşğuluq. Dənizdən lazımsız zir-zibili biz çıxarırıq. Dəniz işi çox çətindir. Balıqçının vəziyyəti də həmişə çətin olub. Elə vaxt olur heç hava proqnozları da düz çıxmır. Anidən görürsən dəniz çöndü. O qədər olub ki, qardaş-qardaşı sudan çıxara bilməyib. Soyuqda da nə qoruyucu? Yanvar-fevral aylarında 5-6 dəqiqə bəsdir ki, donasan.


- Bizdə qırmızı kürü var?


- Əlbəttə, qızıl balıqda.


- Heç düşüb torunuza qızıl balıq?


- Tez-tez olmur. Bəlkə ildə iki-üç dəfə ola-olmaya. Xəzərin ən güclü balığıdır qızıl balıq. Dadından başqa ürəyə çox xeyri var.


- Nəyə görə qızıl balığın əti ən bahalıdı, kürüsü yox?


- Qara kürü indi bahadır. Qabaqlar qırmızı kürü baha olurdu. O qədər baha idi ki, heç biz onu istehsal etməkdə maraqlı deyildik.


- Bəs, balığın yağı necə istehsal olunur?


- Balığın yağı yanığın əsl dərmanıdır. Yanıq dəriyə dərhal balıq yağı çəkəndə dəridə heç bir ləkə qalmır. Bundan başqa, daxili orqanların, xüsusən, ağ ciyərin xəstəliklərində ondan çox istifadə olunur. Onu parda əridib şüşə qablara yığırıq. Balıqla məşğul olanların çoxu balıq yağını satmır. Daha çox dustaqxanalarda yaxınları-qohumları olanlar istəyir, biz də elə-belə bağışlayırıq.


«Caspian Fish» balıqçılardan balığın bir kiloqramını 1-2 manata alır


Tutduğu balığı isə Sadiq «Caspian Fish»in sahil zolağında yerləşən vətəgəsinə verir. Pullu balıqların bir kiloqramını «Caspian Fish» balıqçılardan növünə uyğun olaraq 1-2 manata alır.


Balıqçılar deyirlər ki, öncəki illərə nisbətən son illər brakonyerliklə mübarizə sərtləşib. Qayığında ağ balıq aşkarlanan balıqçının məsuliyyətdən yaxa qurtarması çətin məsələdir.


Monopoliya…


Sadiq və söhbətimizə qoşulan başqa balıqçılar kürünün qiymətinin son 10 ildə təxminən 15 dəfə bahalaşmasını bu sahədə hökm sürən monopoliya ilə əlaqələndirirlər. Onların sözlərinə görə, nərə balığının ovunun qadağan edilməsi və istehsal prosesinin mərkəzləşdirilməsi rəqabət imkanlarını heçə endirib. İndi bazar qiymətləri yalnız bir mərkəzin diqtəsilə müəyyən edilir. Rəqabət mühitinin olmaması kürünün Azərbaycan ailəsinin qida rasionundakı payını da heçə endirir.


Günün bütün mövzuları

XS
SM
MD
LG