Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:09

Konqresin addımı Türkiyə-ABŞ münasibətlərinə necə təsir göstərəcək?


«Konqresmenlər deyir ki, Türkiyə blef edir. Amerika ilə münasibətlər korlanmayacaq»

«Konqresmenlər deyir ki, Türkiyə blef edir. Amerika ilə münasibətlər korlanmayacaq»

Amerika Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin ermənilərin soyqırım iddiası ilə bağlı qətnaməni qəbul etməsi Türkiyə-Amerika münasibətlərinə necə təsir göstərəcək? Bundan sonra hadisələr necə inkişaf edəcək?


«Azadlıq» radiosunun Vaşinqtondakı əməkdaşı Qorxmaz Əsgərov bildirir ki, Amerika qanunverici sistemində komitə sədrlərinin, spikerin hansı məsələni müzakirəyə çıxarmasının böyük rolu var. «Əgər Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi qərar verməsə, bu məsələ palatada müzakirəyə çıxarılmaya bilər. Amma xanım Pelosi əsasən erməni seçicilərinin çoxluq təşkil etdiyi dairədən seçildiyinə görə, çətin ki o belə bir qərar verə». Nümayəndələr Palatasının və Senatın təsdiqindən sonra isə prezident istəsə buna veto qoya bilər.


Qorxmaz Əsgərov deyir ki, komitədəki müzakirələrdən belə aydın olub ki, Türkiyəni müdafiə edən konqresmenlər belə əsasən soyqırım faktını tanıyırdılar. «Onlar hesab edirdilər ki, sadəcə indiki-Amerika əsgərlərinin İraqda vuruşduğu məqamda belə addım atılması düzgün deyil. Çünki Türkiyə Amerikanın vacib müttəfiqdir. Bu da onu göstərir ki, Konqresdə erməni soyqırımının uydurma olduğunu hesab edənlər çox azdır».


İki ölkə arasında münasibətlərin bundan sonrakı inkişafını gəldikdə isə qətnaməni irəli sürən şəxslərin güclü arqumenti odur ki, bu əlaqələrin inkişafına ciddi təsir etməyəcək. «Türkiyə bu qətnaməni qəbul etmiş bütün dövlətlərlə ticarət əlaqələrini kəsməklə hədələsə də, bu əlaqələr daha da inkişaf edib.

«Koliforniyadan olan millət vəkili Nensi Pelosinin Konqresin sədri seçilməsindən sonra Türkiyə addım-addım bu məsələyə doğru gedirdi»
Məsələn, Yunanıstan 1996-cı ildə erməni soyqırım iddialarının tanımaq barədə qərar qəbul etdikdən sonra Türkiyə ilə ticarət dövriyyəsi üç dəfə artıb. Konqresmenlər deyir ki, Türkiyə sadəcə olaraq blef edir və Amerika ilə münasibətlər korlanmayacaq».


«Azadlıq» radiosunun Türkiyədəki əməkdaşı Mais Əlizadə xəbər verir ki, Türkiyə bu məsələyə keçən ilin noyabrından bəri hazır idi. Belə ki, Konqresə keçirilən seçkilərdən sonra müəyyənləşmişdi ki, bu məsələ artıq gündəliyə gələcək. «Koliforniyadan olan millət vəkili Nensi Pelosinin Konqresin sədri seçilməsindən sonra Türkiyə addım-addım bu məsələyə doğru gedirdi». Bu ilin yanvar ayından Türkiyə parlamentarilərinin Amerikaya gedib, müxtəlif səviyyələrdə görüşlər keçirmələrinə baxmayaraq, qərar qəbul olundu. «İlk reaksiya Türkiyənin Vaşinqtondakı səfirliyindən gəldi. Səfirlik bildirir ki, Türkiyənin şanlı tarixini ləkələməyə çalışırlar, amma bu mümkün olmayacaq və türk xalqının bunu qəbul etməsi mümkün deyil. Amma eyni zamanda bu qərar Türkiyə-Ameirka münasibətlərinin gələcəyinə mənfi təsir göstərəcək».


Münasibətlərdə konkret nələrin korlana biləcəyinə gəlincə Mais Əlizadə bunları dedi:


«Türkiyənin Amerika ilə münasibətini Argentina və ya Yunanıstanla olan münasibətlərlə müqayisə etmək olmaz. Fransa belə qərar qəbul edəndə hərbi sahədə əməkdaşlıq azaldıldı.


Türkiyə hazırda anti-terror koalisiyasının fəal üzvüdür. 1954-cü ildən bəri Amerika Türkiyənin İncirlik hərbi bazasından istifadə edir. Bu ən böyük hərbi bazadır. Əgər Türkiyə İncirlik bazasından istifadəni məhdudlaşdırsa, onda Amerika Kipirdəki və Küveytdəki hərbi bazadan istifadə etmək məcburiyyətində qalacaq ki, bu da kifayət etmir. İraqa göndərilən silah-sürsatın təxminən 60 faizi Türkiyə ərazisindən keçir».


Ancaq münasibətlərin bu səviyyədə korlanmasını təsəvvür etmək mümkün deyil. Türkiyənin atacağı addımlara qarşı Amerikanın müəyyən reaksiya verəcəyi istisna edilmir.


Türkiyə prezidenti Abdulla Gül bildirib ki, əvvəllər soyqırım iddiaları ilə bağlı qəbul olunmuş qərarların Türkiyə üçün heç bir əhəmiyyəti olmadığı üçün Konqresin addımının da əhəmiyyəti olmayacaq.


«Şərq-Qərb» araşdırmalar mərkəzinin rəhbəri Ərəstun Oruclu isə iki ölkə arasında münasibətlərin kəskinləşəcəyinə şübhə etmir: «Türkiyə bu məsələ də çox həssasdır. Hazırda hərbçilərlə münasibət gərgin olduğundan rəsmi Ankara ciddi addımlar atmasa, ölkə daxilindəki nüfuzunu itirə bilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG