Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

«İrandan Azərbaycana qarşı rəsmi ərazi iddiaları»


Ə.Burucerdi «İrandan ayrılmış ərazi» deyəndə Azərbaycan Respublikasını nəzərdə tutur

Ə.Burucerdi «İrandan ayrılmış ərazi» deyəndə Azərbaycan Respublikasını nəzərdə tutur

«Ayna» qəzeti yazır ki, «Tehran ölkəmizin yenicə hazırlanmış tarixi atlasının dəyişdirilməsini tələb edir».


İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Əlaəddin Burucerdi Azərbaycanda nəşr edilən yeni tarixi atlasa etiraz edərək bildirib ki, bu xəritədə İran və bəzi qonşu ölkələrin ərazisinin Azərbaycan ərazisi kimi göstərilməsi «ABŞ və sionizmin bölgədə yaratdığı siyasətin göstəricisidir».


«Ayna» qəzeti yazır ki, Burucerdinin fikrincə, «Ərazi iddiası məsələsi qalxsa, birinci İrandan ayrılmış ərazi geri qaytarılmalıdır». Ə.Burucerdi «İrandan ayrılmış ərazi» deyəndə hazırkı Azərbaycan Respublikasının ərazisini nəzərdə tutur.


İran parlamentinin təhlükəsizlik komissiyasının üzvü, mənşəcə azərbaycanlı olan Süleyman Cəfərzadə İSNA xəbər agentliyinə müsahibəsində deyib: «Azərbaycanda tarix yazacaq səviyyədə elmə malik deyillər. Onların belə bir iş görməyə savadı çatmaz». O da bu xəritənin hazırlanmasını «Amerikanın hiyləsi» adlandırıb.


Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə bildirib ki, bu, Azərbaycanın orijinal xəritəsidir.


Deputat Zahid Oruc «Ekspress»ə deyib ki, «Hərbi qulluqçuların inzibati həbsi haqqında» qanunla bağlı fikir ayrılıqları var. Deputat deyir ki, bu qanunun hazırkı dönəmdə qəbulunu mümkün saymayan mütəxəssislər hesab edir ki, hərbi qulluqçuların inzibati qaydada həbsinin hərbi hissə komandanlığından alınıb hərbi məhkəmələrə verilməsi ciddi problemlər yaradacaq: «Bu fikirlərin sahibləri hesab edir ki, döyüş bölgələrində xidmətdə olan hərbçilərin inzibati həbslə bağlı məhkəmələrə gəlməsi, hərbi hissəni tərk etməsi praktiki cəhətdən mümkün deyil. Belə olarsa, hərbi hissədə nəzarətsizlik yarana bilər, əlavə vaxt itgisi olacaq. Bu məsələdə döyüş bölgəsində olan hərbi hissələrlə digər ərazilərdəki hərbi hissələrin fərqləndirilməsini də təklif edirlər».


Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov qanunun qəbulu ilə hərbi sahədə hansısa problemlərin yaranacağını iddia edənlərlə razılaşmır. Ekspertin sözlərinə görə, qanunun işləməsi üçün xüsusi mexanizm yaradılmalı, hərbi hissələrlə məhkəmələr arasında normal münasibətlər formalaşdırılmalıdır.


«Ramazan bayramında əfv olacaqmı»- bu sual «Yeni Müsavat» qəzetini düşündürür. Qəzet yazır ki, Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Çingiz Qənizadənin sözlərinə görə, yaxın vaxtlarda əfv gözlənilir: «Bu, Ramazan bayramı münasibətilə də ola bilər. Amma İşçi Qrupu olaraq bununla bağlı bizimlə hər hansı söhbət, məsləhətləşmə aparılmayıb. Çünki adətən İşçi Qrupun əfvdən əvvəl toplaşmağı planlaşdırılır ki, bir daha bizim siyahıda olan adamlar barədə müzakirələr aparaq. Hələlik belə bir informasiya bizə daxil olmayıb, amma mətbuatdan oxuyuram ki, əfv mümkündür, gözləniləndir».


Ç.Qənizadənin fikrincə, əslində Ramazan bayramı münasibətilə əfv olmalıdır: «Sentyabra əfv gözlənilsə də, verilmədi. Biz fikirləşdik ki, ola bilsin bir qədər gec veriləcək. Hər halda bu, prezidentin konstitusion hüququdur, o, bu addımı Ramazan bayramı ilə bağlı da ata bilər, noyabrda Konstitusiya və Milli Dirçəliş günləri, yaxud da Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı da əfv fərmanı verə bilər. Amma deyə bilərəm ki, yanvara qədər mütləq əfv fərmanı olacaq. Çünki müəyyən addımlar atılmasa, Avropa Şurasının yanvar sessiyası Azərbaycan üçün ürəkaçan keçməyə bilər».


«Üç nöqtə» yazır ki, «Korrupsiyaya qarşı mübarizə strategiyası ictimaiyyətə zəif çatdırılır». Korrupsiyaya qarşı mübarizə fondunun rəhbəri Vasif Mövsümovun qəzetə dediyinə görə, hətta məmurların bir qisminin də bu sənəddən xəbəri yoxdur.


Vasif Mövsümovun sözlərinə görə , vətəndaşlar antikorrupsiya ilə bağlı məlumatlanmasa bu sahədə heç nəyə nail olunmayacaq: «İctimaiyyət, eləcə də dövlət məmurları qəbul edilən sənəddən xəbərsizdir. Regionlarda apardığımız tədbirlərdə bunun şahidi olduq. Yerlərdə maarifləndirmə zəifdir. Dövlət orqanları, vətəndaş cəmiyyəti korrupsiyaya qarşı birgə mübarizə aparmalıdır. Korrupsiyaya qarşı mübarizənin özünə ictimai nəzarət yaradılmalıdır. Dövlət sənədində də bu təsdiqlənib».


Günün bütün mövzuları

XS
SM
MD
LG