Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:14

«Hakimiyyətin ehtiyatlı mövqeyi çoxlarına Təbriz nisgilini unutdurub»


Bir vaxtlar Təbrizə şerlər həsr edilir, adına mahnılar bəstələnirdi

Bir vaxtlar Təbrizə şerlər həsr edilir, adına mahnılar bəstələnirdi

…Bir vaxtlar «Ayrılıq» Azərbaycanda ən çox dinlənən mahnılardan idi. Onda Təbriz şəhərinə şerlər həsr edilir, adına mahnılar bəstələnirdi. İndi belə mahnılara daha çox televiziyaların, radioların arxivlərində rast gəlmək olur…


- Bu gün Güney azərbaycanlıların Azərbaycan Respublikasında nə ölüsünə, nə də dirisinə sahib çıxan yoxdur…


Bunu Bakıda nəşr edilən «Güney Azərbaycan» dərgisinin redaktoru Cavidan Elbars deyir. Onun sözlərinə görə, 2003-cü ildən etibarən İran azərbaycanlılarının Bakıda fəaliyyət göstərən siyasi partiya və təşkilatlarına münasibət kəskin şəkildə pisləşməyə başlayıb. O, İranda milli hökumətin yaradıcısı Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı qəbrinin 2003-cü ilin payızında köçürülməsinə və bunun ardınca da onlarla fəalın məcburi qaydada Azərbaycandan çıxarılmasına elə həmin pis münasibətin təzahürü kimi baxır.


«İran rejimi bizi xaricdə o qədər vura bilmir ki, bunlar vurur»


Ötən il Bakıdan məcburi qaydada deportasiya edilən, özünü Güney Azərbaycan Milli Oyanış Hərəkatı adlandıran quruma rəhbərlik edən doktor Mahmudəli Çöhrəqanlı da o vaxt bizimlə hislərini belə bölüşmüşdü:


- Qapılar üzümüzə bağlanır. Gəlirdik Təbrizin, vətənin iyini alırdıq. Türkiyədən, məxsusən Azərbaycandan. İndi incikik, çox inciik…


Doktor Mahmudəli Çöhrəqanlı hazırda Amerika Birləşmiş Ştatlarında mühacirət həyatı yaşayır. O, indinin özündə də Azərbaycan hakimiyyətindən incikliyini gizlədə bilmir:


- İran rejimi bizi xaricdə o qədər vura bilmir ki, bunlar vurur. Hər yerdən vurur. Həmən analiz edib, görürəm ki, Azərbaycan rejiminin burada əli var…


Son bir neçə ildə tək Mahmudəli Çöhrəqanlı deyil, İran azərbaycanlılarının siyasi partiya və təşkilatlarının onlarla fəal üzvü sığnacaq almaq üçün gəldikləri Azərbaycandan müxtəlif səbəblərdən məcburən getməli olublar. Mahmudəli Çöhrəqanlı baş verən prosesi belə dəyərləndirir:


- Bir hissəsini Azərbaycandan çıxartdılar. Çox sakit qaydada. Türkiyəyə, başqa ölkələrə yola saldılar. Bəzilərini də əməkdaşlığa cəlb etməyə çalışdılar. Dedilər, Azərbaycanda qeydiyyatınız yox, pasportunuz yox. Ya sizi İrana təhvil verəcəyik, ya da bizimlə əməkdaşlıq edin. Onların bir çoxu da bununla razılaşdı…


Bir neçə üzvdən ibarət təşkilatlar…


Bu il isə Mahmudəli Çöhrəqanlının rəhbərlik etdiyi qurumun üzvlərindən biri - Hadi Musavinin Azərbaycandan çıxarılması böyük səs-küyə səbəb oldu. Daxili İşlər Nazirliyi Hadi Musavinin Azərbaycandan çıxarılmasını onun qeydiyyat müddətinin başa çatması ilə izah etdi. Ancaq bununla belə, Azərbaycanda hələ də, İran azərbaycanlılarının bir araya gəldikləri bir neçə partiya və təşkilatlar qalıb fəaliyyət göstərməkdədirlər. Ümümilikdə isə onları üç qütbə bölmək olar.


Birincilərə 1946-cı ildə İranda azərbaycanlıların milli hökuməti devrildikdən sonra Sovet Azərbaycanına sığınan Azərbaycan Demokratik Firqəsi aiddir. Həmin vaxt Sovet Azərbaycanına bu firqənin üç minə qədər üzvü və onların doqquz minə yaxın ailə üzvü gəlmişdi.


İkinci qütbə isə Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakıda fəaliyyətə başlayan bəzi təşkilat və partiyalar daxildir. Onların bir çoxu da müstəqil qurumlar kimi yox, İran azərbaycanlılarının dünyanın müxtəlif guşələrində yaratdıqları partiya və təşkilatların Azərbaycan şöbələri kimi fəaliyyət göstərirlər.


Üçüncülərə isə eks-prezident Əbülfəz Elçibəyin rəhbərliyi ilə Azərbaycan vətəndaşlarının İran azərbaycanlıları ilə birgə yaratdıqları Bütöv Azərbaycan Birliyini şamil etmək olar. Ancaq bütünlükdə bu üç qütbə aid edilən qurumların heç da hamısı yetkin qüvvə kimi seçilmirlər. Hətta onların aralarında elələri var ki, cəmi bir neçə üzvdən ibarətdir. Üstəlik, onların böyük əksəriyyətinin Bakıda qərərgahı yoxdur. Hərçənd elə Mahmudəli Çöhrəqanlının rəhbərlik etdiyi Güney Azərbaycan Milli Oyanış Hərəkatının 2003-cü il dekabrın 17-nə kimi Bakıda qərərgahı olub. Ancaq həmin gün bu təşkilatın yerləşdiyi binada yanğın baş verdiyindən onlar indiyə kimi yersiz-yurdsuz qalıblar. Mahmudəli Çöhrəqanlının Azərbaycandakı təmsilçisi Ağrı Qaradağlı qərərgahlarının yanmasını təxribat adlandırır:



«Güney Azərbaycan» dərgisinin redaktoru Cavidan Elbars
- Mənim özüm və təşkilatın bir üzvü həmin yanğında xəsarət aldıq. Mən bir ay xəstəxanada yatdım. Ekspertizanın rəyinə görə, hadisə qəsdən törədilib. Ancaq hələ ki, təqsirkarlar tapılmayıb. Bizim də elə bir imkanımız yoxdur ki, təzədən qərərgah kirayələyək və ora əlavə avadanlıq alaq…

«Azərbaycanlıların yaşadığı əyalətlərin büdcələri farsların yaşadıqları ərazilərin büdcələrindən azdır…»


Bakıda İran azərbaycanlılarının fəaliyyət göstərdiyi partiya və təşkilatları öz məramlarına görə isə əsasən iki qütbə bölmək olar. İranda azərbaycanlıların tam müstəqilliyini istəyənlər və qismən müstəqilliyə tərəfdar olanlar. Platformaları onların Azərbaycana mühacirət etmələrinin səbəblərini çox açıq göstərir. Doktor Mahmudəli Çöhrəqanlının rəhbərlik etdiyi Güney Azərbaycan Milli Oyanış Hərəkatı isə bu məsələni daha çox ümumi müzakirəyə çıxarıb. Ağrı Qaradağlı Güney Azərbaycan Milli Oyanış Hərəkatının qarşısına qoyduğu məqsədləri belə izah edir:


- Hərəkatın əsasnaməsində üç bənd var. İranın tərkibində federasiya, İranla konfederasiya və müstəqillik. Millət hansını istəsə, biz onunla razılaşacağıq. Ancaq biz müstəqillik istəyirik…


İran azərbaycanlılarının Bakıda fəaliyət göstərən partiya və təşkilatlarından elələri də var ki, onlar həmin ölkədə müstəqillik istəmələrini daha aydın şəkildə ortalığa qoyurlar. Mərkəzi qərərgahı Kanadada yerləşən Güney Azərbaycan İstiqlal Partiyasının Azərbaycan şöbəsinin Strateji Araşdırma və İnformasiya Mərkəzinin rəhbəri Sadiq İsabəyli deyir ki, onları İranda nə federasiyanın, nə də konfederasiyanın yaradılması təmin etmir:
- Biz belə qərara gəlmişik ki, Güney Azərbaycanın baxımsızlığını təmin edək. Və bu istiqamətdə fəaliyyəti bərpa etmişik…


Güney Azərbaycan İstiqlal Partiyası müstəqillik istəmələrini təkcə siyasi yox, iqtisadi amillərlə də şərtləndirirlər. Sadiq İsabəylinin sözlərinə görə, İranda yaşayan azərbaycanlılar nəinki öz dillərində təhsil almaq, səsvermək hüququndan məhrumdular, üstəlik, yeraltı sərvətlərinə də sahib çıxa bilmirlər:


- Süngün mədəni var. Bu, qızıl-mis mədənidir. İranda azərbaycanlıların yaşadığı ərazilərdə belə mədənlər çoxdur. Bu mədənlərin bəzisi istismar olunur, oradan gələn vəsait mərkəzi büdcəyə köçürülür. Ancaq azərbaycanlıların yaşadığı əyalətlərin büdcələri farsların yaşadıqları ərazilərin büdcələrindən azdır…


«Biz İranın parçalanmasını istəmirik»


Bakıdadakı belə təşkilatlardan yalnız Azərbaycan Demokrat Firqəsi (ADF) tam müstəqillik ideyasından imtina edir. Bu firqə 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə yaradılıb və artıq 60 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. Ancaq onların da qərərgahları yoxdur. Ona görə də əsasən İranlı Mühacirlər Cəmiyyətinin qərərgahına toplaşırlar. Azərbaycan Demokrat Firqəsinin fəallarından Yadulla Kənani deyir ki, onlar İranın parçalanmasını istəmirlər:
- ADF 1945-ci ildə yaradılanda, qarşısına İran daxilində muxtariyyət məsələsini qoymuşdu. O vaxtdan bu məqsəd dəyişmir. Firqənin yeni platformasında da İranın tərkibində bir dövlət yaratmaq məqsədi qoyulur…


İran azərbaycanlılarının Bakıdakı təşkilatlarından elələri də var ki, onlar daha çox diaspor fəaliyyəti göstərirlər. Onların içərisində ən çox diqqəti çəkən isə Dünya Azərbaycanlılarının Konqresidir (DAK). 1997-ci ildə İsveçdə yaradılan Dünya Azərbaycanlıları Konqresinin indilikdə mərkəzi qərərgahı Londonda yerləşir. Bu da üç ay əvvəl həmin təşkilata sədr seçilən professor Qulamrza Səbri Təbrizinin Londonda yaşayıb, fəaliyyət göstərməsi ilə izah edilir. Dünya Azərbaycanlıları Konqresinin tək Azərbaycanda yox, dünyanın 20-dən çox ölkəsində özəyi var. Təşkilatın Bakı şöbəsinin təmsilçilərindən Əlirza Amanbəyli deyir ki, onların əsas məqsədləri İran azərbaycanlılarının hüquqlarını beynəlxalq hüquq müstəvəsinə çıxarmaqdır. Onun sözlərinə görə, Dünya Azərbaycanlıları Konqresi tək İranda yox, bütün dünyada yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edir:


- DAK yarandı ki, İranda yaşayan azərbaycanlıların milli, mədəni hüquqlarının bərpası uğrunda fəaliyyət göstərsin, bütün dünyada yaşayan azərbaycanlıların mədəniyyətini, incəsənətini, tarixini təbliğ etsin…


«Elçibəyin ölümü və hakimiyyətin təzyiqləri gücümüzü xeyli zəiflədib»


Bakıda İran azərbaycanlılarının hüquqlarını müdafiə edən Bütöv Azərbaycan Birliyi isə daha çox bu prosesdə yerli azərbaycanlıların da iştirakı ilə diqqət çəkir. Bu təşkilatı 1997-ci ildə eks-prezident Əbülfəz Elçibəy yaratmışdı. Həmin vaxt Azərbaycandakı əksər müxalifət partiyalarının rəhbər şəxsləri Bütöv Azərbaycan Birliyində Əbülfəz Elçibəyin müavinləri səviyyəsində fəaliyyət göstərirdilər. Elçibəy isə Kələki kəndindən yenicə qayıtmışdı. Həm onun ətrafında böyük qələbəlik var idi, həm də ümumilikdə Bütöv Azərbaycan Birliyinə böyük ictimai maraq var idi. Hətta o vaxt ictimaiyyət arasında belə fikirlər var idi ki, İranda azərbaycanlıların hüquqları uğrunda mübarizə Azərbaycanın özündə demokratik prosesləri ikinci plana keçirə bilər. Əbülfəz Elçibəyin vəfatından sonra isə bu təşkilat həm sədrsiz, həm də qərərgahsız qaldı. Bununla da ayrı-ayrı müxalifət partiyalarının təmsilçiləri Bütöv Azərbaycan Birliyində fəaliyyətlərini ikinci plana keçirdilər. Üstəlik, təşkilatın bəzi rəhbər şəxsləri, o cümlədən İran azərbaycanlılarından Çingiz Göytürk Azərbaycanı tərk edib.


Azərbaycan Demokratik Firqəsinin üzvü Yadulla Kənani
Bütöv Azərbaycan Birliyinin Təşkilat Komitəsinin sədr əvəzi Aqil Səmədbəyli deyir ki, həm Əbülfəz Elçibəyin ölümü, həm də Azərbaycan hakimiyyətinin təzyiqləri artırması onların gücünü xeyli zəiflədib:

- Azərbaycan hakimiyyətinin məqsədi odur ki, nəyin bahasına olursa-olsun öz ömürlərini uzatsınlar. Mlili, ideoloji, iqtisadi iflas bahasına olsa da. Güneylilərin iflası bahasına olsa da…


«Belə çıxır ki, biz Azərbaycanda mübarizə apara bilmərik…»


Ötən ilin mayında İranda azərbaycanlıların kütləvi həbs və repressiyalarından sonra Bakıdakı bu tip partiya və təşkilatlar da fəal mübarizəyə keçmişdilər. Bütöv Azərbaycan Birliyinin təşəbbüsü ilə onlar İranın Bakıdakı səfirliyi qarşısında icazəsiz etiraz aksiyalarına cəhd göstərdilər. Həmin aksiyalar zamanı Aqil Səmədbəyli və daha bir neçə şəxs 15 günlük həbs cəzası aldılar. Səmədbəyli deyir ki, 5-10 il əvvəl İranda fəallıq o qədər də yüksək olmadığı halda, Bakıda onlar çox ciddi mübarizə apara bilirdilər. İndi isə İrandakı fəallıqla heç də ayaqlaşa bilmirlər. Bu ilin avqustunda İran prezidenti Mahmud Əhəmədinejadın Azərbaycana səfərinə etiraz etmək və İranda yeni tədris ilinin açlışı ilə bağlı ana dilində təhsil hüququnu qaldırmaq məqsədi ilə də Bakıda icazəsiz aksiyalara cəhd göstərildi. Ancaq İranın Bakıdakı səfirliyi qarşısında keçirilən bu icazəsiz piketlərin də qarşısı alındı.


Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı təmsilçisi Ağrı Qaradağlı artıq etiraz imkanlarının tamamilə onlardan alındığını deyir:


- Etiraz aksiyası keçirirsən tutub aparırlar ki, icazən yoxdur. Etiraz aksiyası keçirməzdən bir həftə əvvəl də müraciət edirsən, sonra da icazə vermirlər. Belə çıxır ki, biz Azərbaycanda mübarizə apara bilmərik…


«Hakimiyyət ehtiyatlı yox, prinspial mövqe sərgiləyir»


İran azərbaycanlılarının siyasi partiya və təşkilatları Bakıda təzyiqlərlə üzləşmələrini Azərbaycan hakimiyyətinin ehtiyatlı davranışı ilə izah edirlər. Onlar hesab edirlər ki, rəsmi Bakı həm İran hakimiyyətini qıcıqlandırmaqdan, həm də İran azərbaycanlılarının gələcəkdə Azərbaycandakı proseslərdə həlledici amilə çevriləcəyindən ehtiyatlanırlar. Çünki onların təxmini hesablamalarına görə, hazırda İranda 20 milyondan çox azərbaycanlı yaşayır. Bu da Azərbaycanın ümumi vətəndaşlarının sayından təqribən üç dəfə çoxdur. Ancaq Azərbaycan hakimiyyətinin təmsilçilərinin də öz arqumentləri var. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyir ki, əslində, hakimiyyət ehtiyatlı yox, prinspial mövqe sərgiləyir:


- Azərbaycan hakimiyyəti həmişə prinsipiallıq nümayiş etdirir. Biz necə ki, istəmirik başqası bizim işimizə qarışsın. O cümlədən də başqasının öz problemini həll etmək hüququ olmalıdır. Bu zaman hər bir dövlət, xalq öz problemlərini özləri həll etməyə çalışmalıdırlar…


Bütöv Azərbaycan Birliyinin Təşkilat Komitəsinin sədr əvəzi Aqil Səmədbəyli isə deyir ki, Azərbaycan hakimiyyətinin İran iqtidarının mövqeyindən çıxış edərək yalnız onların dövlət hüquqlarını tanımları yolverilməzdir:


- Bu hakimiyyət demokratiyaya qarşıdır. İranda da antidemokratik qüvvələr hakimiyyətdədir. Bunlar ehtiyat edirlər ki, İnranda əhali ayağa qalxsa, bunun Azərbaycana da təsiri olacaq. Nəticədə hakimiyyətlərinə ciddi təhlükə yaranacaq…


«Həm daxili problemlər, həm də hakimiyyətin ehtiyatlı mövqeyi çoxlarına Təbriz nisgilini unutdurub»


Ancaq bu təşkilatların istədikləri kimi fəaliyyət göstərə bilməmələrinin kökü təkcə onlara Azərbaycan hakimiyyətinin soyuq münasibətindən irəli gəlmir. Müşahidələrə görə, sıravi Azərbaycan vətəndaşları da artıq 5-10 il əvvəllə müqayisədə İran azərbaycanlılarının problemləri ilə bir o qədər də yaxından maraqlanmırlar.


Dünya Azərbaycanlıları Konqresi sədrinin birinci müavini, millət vəkili Sabir Rüstəmxanlı yada salır ki, sovetlər dönəmində Azərbaycanda bu məsələyə böyük maraq var idi. Onun sözlərinə görə, o vaxtlar universitet dəhlizlərində, şer-sənət məclislərində İranda yaşayan azərbaycanlıların hüquqlarına aid məsələlər müzakirə edilir, bir xalqın ayrılığına həsr edilən şerlər oxunardı. Sabir Rüstəmxanlının sözlərinə görə, SSRİ böyük bir ölkə olduğundan İranın daxili işlərinə qarışmaq kimsəni narahat etmirdi. Üstəlik, o, hesab edir ki, son illər həm Azərbaycanın daxili problemləri, həm də hakimiyyətin lazım olduğundan artıq ehtiyatlı mövqeyi çoxlarına Təbriz nisgilini unutdurub:



Güney Azərbaycan İstiqlal Partiyasının nümayəndəsi Sadiq İsabəyli
- Bizim cənub məsələsində seyrçi mövqe tutmağımız yolverilməzdir. İndi heç 300 min insanın dilini əlindən almaq olmur, ancaq necə imkan vermək olar ki, 35 milyon xalqın bütün huquqları əlindən alınsın. İranda milli hökumət vaxtı biz bütün xalqların haqqını tanımışıq. İndi isə orada mola rejimi adı altında şövinizim siyasəti aparılır…

«İran kəşfiyyat orqanları bizi Bakıda da sakit buraxmırlar»


Ancaq İrandan gələn azərbaycanlı mühacirlər heç də tək Azərbaycan hakimiyyətinin soyuq münasibətindən gileylənmirlər. «Güney Azərbaycan» dərgisinin redaktoru Cavidan Elbars deyir ki, İran kəşfiyyat orqanları onları Bakıda da sakit buraxmırlar. O, çoxsaylı təşkilatlar arasında həmrəylik olmamasını da kənar təsirlərlə izah edir. Elbarsın sözlərinə görə, onların arasına nifaq toxumu məqsədli şəkildə səpilir:


- İran xüsusi xidmət orqanlarında Azərbaycanın dilini mədəniyyətini, siyasətini bilən bir orqan yaradılmışdı. Bu orqanlarda çalışanlar milli hərəkata qoşulanların çoxundan dilimizi də, mədəniyyətimizi də daha yaxşı bilirlər. O vaxt belə söhbət var idi ki, bunlar gələcək üçün, hərəkət güclənən vaxt üçündür. Yəni hərəkata girib onu yönlətsinlər. Həqiqətən də indi belədir…


Bakıdakı İrandan gələn mühacirlər iddia edirlər ki, bəzən onları təxribata çəkməyə də cəhdlər olur. Məqsəd onları təxribatçı, terrorçu damğası ilə gözdən salmaqdır. Bakıdakı ağır şərait, İrandan gələn acı xəbərlər də bir yandan onların səhhətlərinə mənfi təsir göstərir. Güney Azərbaycan İstiqlal Partiyasının nümayəndəsi Sadiq İsabəyli Bakıda iki dəfə infarkt keçirib. Bunların biri deməsinə görə, anasının ölüm, ikincisi isə qardaşının həbs olunma xəbərini eşidəndə baş verib. İran azərbaycanlılarının siyasi partiya və təşkilatlarının gəldiyi nəticəyə görə, yalnız həmin ölkədə mövcud üsul-idarənin devrilməsi ilə öz məqsədlərini gerçəkləşdirə bilərlər. Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı təmsilçisi Ağrı Qaradağlı deyir ki, ona görə də İranda nüvə istehsalında israr edən mövcud üsul-idarənin yox, ona qarşı olan Qərbin aparıcı ölkələrinin tərəfindədirlər:


- Tək Azərbaycan yox, Türkiyə də bu məsələdə diqqətli olmalıdır. ABŞ sərt tədbirlərə əl atarsa, onun yanında olmalıdır. Əgər ABŞ sərt tədbirlərə əl atsa, biz mübarizəmizi gücləndirəcəyik. Sərt tədbirlərin vaxtıdır…


Bu təşkilatlardan yalnız Azərbaycan Demokratik Firqəsi İranın nüvə istehsal etməsinə onların daxili işi kimi baxır:


- İranın haqqı var nüvə enerjisindən istifadə etsin. Ancaq BMT-nin nəzarəti altında…


«Güney Azərbaycan qurtulacaq»


Bakıda belə siyasi partiya və təşkilatlara son illər kütləvi aksiyalar keçirməyə imkan verilmədiyindən onlar fəaliyyətlərini əsasən mətbuata yönəldiblər. Ağrı Qaradağlı deyir ki, 2006-cı ilin may hadisələri zamanı onlar İrandakı kütləvi həbslərlə bağlı həm Azərbaycan, həm də dünya ictimaiyyətini məlumatlandırmağa çalışırdılar. Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının da İranda baş verən hadisələrin işıqlandırılması istiqamətində öz fəaliyyətini gücləndirməsinə ehtiyac var. Çünki bu, İranda hüquqları tapdalanan xalqlara çox ciddi dəstək olardı. Hazırda Birləşmiş Ştatlarda mühacirət həyatı yaşayan doktor Mahmudəli Çöhrəqanlı isə deyir ki, İrandakı üsul-idarə nəinki bu ölkədə, hətta Azərbaycanda insanların öz istəklərini gerçəkləşdirməsinə böyük bir maneədir:


- Bir 30 milyonluq Güney Azərbaycan var. Onların bir çoxu qlobal məsələləri, milli maraqları, kəndi çıxarlarını düşünməyə başlayıblar. Güney Azərbaycan qurtulacaq. Güney Azərbaycan qurtulsa, Azərbaycan birləşəcək…


Ancaq belə proqnozların müasir dünyanın tələbləri ilə səsləşəcəyi böyük şübhələr doğurur. Doktor Mahmudəli Çöhrəqanlı deyir ki, bunu nəinki əksər dünya dövlətləri, hətta Azərbaycanla çox yaxın olan Türkiyə də istəməyə bilər:


- Fikirləşirlər ki, bu, onlara problem yarada bilər. Çünki fikirləşirlər ki, indi balaca 8 milyonluq ölkədir, bizə möhtacdırlar. Ancaq sahah neftlə, qızılla, mislə zəngin bir qardaş meydana çıxsa və onlar birləşsələr güclü olacaqlar. Bu da bizə problem olacaq…


Mahmudəli Çöhrəqanlı deyir ki, bunu əslində, heç Azərbaycan hakimiyyəti də istəmir. Çünki onun fikrincə, onlar da öz hakimiyyətlərindən qorxurlar:


- Güney Azərbaycan qurtuldu, onların hakimiyyəti də bitdi…


«Bu, tək Pişəvərinin qəbrinə hörmətsizlik deyildi»

İranlı azərbaycanlıların təşkilat və partiyalarının Bakıda gələcək taleyi də indi çoxlarını düşündürən məsələlərdəndir. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid deyir ki, İran ətrafında yaranan böhran çözülməyə başlarsa, azərbaycanlıların təşkilatlanmasının necə vacib olduğu meydana çıxacaq. Onun fikrincə, İran azərbaycanlılarının Kanada və dünyanın başqa bir ölkəsində təşkilatlanmağındansa, Bakıda bir araya gəlmələrinə böyük ehtiyac var. O, bunu həm Azərbaycanın İranla qonşu olması, həm də Azərbaycanda bu problemin daha çox aktuallıq kəsb etməsi ilə izah edir:


- Ən pisi odur ki, İranda o böyük hadisələr baş verəndə məlum olacaq ki, bədbəxt azərbaycanlılar təşkilatlana bilməyiblər. Bu, artıq həm bir millət olaraq azərbaycanlıların dərdlərinin üzərinə yazılacaq, həm də Azərbaycan hakimiyyətinə problem yaradacaq…



Dünya Azərbaycanlıları Konqresinin Bakı şöbəsinin təmsilçisi Əlirza Amanbəyli
Qənimət Zahid deyir ki, İran azərbaycanlıları tarix boyu bir neçə şansı əllərindən veriblər. İndi bu dəfə də şansın əldən verilməsinə göz yummaq olmaz. «Güney Azərbaycan» dərgisinin redaktoru Cavidan Elbars isə deyir ki, əslində, indi Azərbaycan hakimiyyətinin onlara münasibətini 1945-1946-cı illərdə İranda mövcud olan Azərbaycan Cumhuriyyətinin banisi Seyid Cəfər Pişəvərinin qəbrinə göstərilən münasibətlə eyniləşdirirlər:


- O vaxt Pişəvərinin qəbri köçürüləndə də belə söhbət oldu. Bu, tək Pişəvərinin qəbrinə hörmətsizlik deyildi, bu, güneylilərə bir hörmətsizlik idi…


Pişəvərinin qəbri hardadır?


Azərbaycan Demokratik Firqəsinin yaradıcısı Seyid Cəfər Pişəvəri İranda milli hökumət devrildikdən sonra Sovet Azərbaycanına mühacirət edib. Onun 1947-ci ildə avtomobil qəzası nəticəsində öldürüldüyü iddia edilir. Ancaq bu iddia rəsmən təsdiqlənməyib. Həmin vaxt Bakı yaxınlığındakı Buzovna kənd qəbiristanlığında dəfn edilən Pişəvərinin cənazəsinin 1965-ci ildə Fəxri Xiyabana köçürüldüyü də deyilir. Azərbaycan Demokratik Firqəsinin bu hadisəyə şahidlik etmiş bəzi üzvləri hələ də yaşayırlar. Ancaq 2003-cü ildə keçmiş prezident Heydər Əliyevin Fəxri Xiyabanda qəbrüstü abidəsi qoyularkən Seyid Cəfər Pişəvərinin qəbri ətrafında müəmmalı hadisələr baş verib. Bakı Şəhər İcra Hakimiyyəti o vaxt bəyan etdi ki, Seyid Cəfər Pişəvərinin Fəxri Xiyabandakı nəşi çıxarılaraq əvvəlki yerindən təqribən 20 metr aralıya köçürülüb. Ancaq Azərbaycan Demokratik Firqəsinin üzvü Yadulla Kənani şəhər rəhbərliyinin açıqlamalarına şübhə ilə yanaşır. Onun sözlərinə görə, Pişəvərinin nəşi betonun içərisində olduğundan onu adi qaydada köçürmək mümkün deyildi:


- Sənədlər göstərir ki, nəş beton içərisində olub. Dəyişdirilə bilməzdi. Əgər betonla birgə çıxartsaydılar, mer əvvəlcədən bunu bizə deyərdi. Əvvəlcə deyirdi ki, orada simvolik qəbri var. Biz sənədlərlə bunun əksini subut etdik. Sadəcə, Pişəvərinin abidəsinin yerini dəyişiblər. Qəbr çox güman ki, yerində qalır…


Bu məsələdə kimin haqlı, kimin haqsız olduğunu yalnız Fəxri Xiyabanda yeni qazıntılarla qəti aydınlaşdırmaq olar. Ancaq indi aydın olan odur ki, Azərbaycan Demokrat Firqəsinin üzvləri artıq əvvəllər olduğu kimi, hər il dekabrın 12-i, yəni - İranda milli hökumətin yaranması günü Fəxri Xiyabana gedib Seyid Cəfər Pişəvərinin qəbrini ziyarət edə bilmirlər. Dekabrın 12-si Heydər Əliyevin ölüm günü olduğundan həmin vaxt Fəxri Xiyaban qələbəlik olur. Azərbaycan Demokrat Firqəsinin üzvlərinin sözlərinə görə, onlar indi yalnız mili hökumətin ildönümündən bir həftə əvvəl Fəxri Xiyabana gedib Pişəvərinin qəbrini ziyarət edirlər. Onda da özləri ilə apardıqları gülləri Pişəvərinin abidəsi önünə yox, abidənin əvvəlki - onun hələ də uyuduğu güman edilən yerə qoyurlar…


XS
SM
MD
LG