Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:46

«Güc tətbiq edilməsi barədə istənilən çağırışlar mənasızdır»


Avropa Şurası (AŞ) Nazirlər Komitəsi Azərbaycan və Ermənistan rəhbərlərini Qarabağ münaqişəsinin dinc uzunmüddətli nizamlanması üçün bütün səylərini səfərbər etməyə çağırır.


Bu barədə AŞ Nazirlər Komitəsinin rəhbəri, Serbiyanın Xarici İşlər naziri Vuk Ceremiç azərbaycanlı deputat Qənirə Paşayevanın «münaqişə zonasında Ermənistanın atəşkəsi mütəmadi pozmasına NK hansı siyasi qiyməti verir» sualına cavabında bildirib.


«Turan»ın müxbiri Strasburqdan xəbər verir ki, ATƏT-in Minsk Qrupunun 2007-ci il 13 iyul bəyanatına istinad edərək, Ceremiç Azərbaycan və Ermənistan ziyalılarının Yerevana, Bakıya və münaqişə zonasına birgə səfər etmələrini alqışlayıb. Nazirin fikrincə, bu cür səfərlər qarşılıqlı inamın formalaşması və tərəflərin bir-birini daha yaxşı başa düşməsi baxımından faydalıdır.
Ceremiç hesab edir ki, güc tətbiq edilməsi barədə istənilən çağırışlar mənasızdır. O, tərəfləri bu cür çağırışlar etməməyə dəvət edib.


Azərbaycanlı deputatın erməni qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılması haqda AŞ PA-nın 1416 saylı qətnaməsinə (2005-ci il) əməl etmədiyinə görə Nazirlər Komitəsinin niyə Ermənistana təzyiq etməməsi barədə əlavə sualına cavabında, Ceremiç Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu və NK-nın paralel təşəbbüslərdən çəkindiyini bildirib.


Ümumilikdə, NK sülh prosesinə xələl gətirə biləcək hərəkətlərin əleyhinədir. NK-nın bu mövqeyi iyulun 19-da Dağlıq Qarabağda Avropa Şurasının pislədiyi prezident seçkilərinin keçirilməsilə əlaqədardır.


XS
SM
MD
LG