Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:01

Masazırda duz zavodunun inşası planlaşdırılır


Masazır gölü yaxınlığındakı duz istehsal edən sexlərdən biri

Masazır gölü yaxınlığındakı duz istehsal edən sexlərdən biri

… Masazır gölü yaxınlığındakı duz istehsal edən sexlərdən biri. Bir tərəfdə çirkli duz qalaqları, o biri tərəfdə isə yuyulub, üyüdülən duz kisələri…Texniki avadanlıqlar kustardır, müasir tələblərə cavab vermir. Adının çəkilməsini istəməyən sex işçisi deyir ki, burda yalnız texniki duz istehsal olunur, xörək duzu yox:

- Göldən camaatdan alırıq, gəlib burda yuyuruq, peçdə quruduruq. Sonra dəyirmanda üyüdülür, vurulur kisələrə. Hazır olandan sonra zavodlara veririk.


- Yodlaşdırılırmı?


- Yox, texniki duzdur deyə, yodlaşdırılmır.


Sexin işçiləri deyirlər ki, artıq Masazırda xörək duzu istehsal edən sexlərə rast gəlinmir. Onların əksəriyyəti qəsəbəyə qaz gəlmir deyə, fəaliyyətlərini Bakının Novxanı kəndində davam etdirirlər, özü də qeyri-qanuni. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin də apardığı monitorinqin nəticələri göstərib ki, yerli istehsal olan duzların əksəriyyəti lazımi tələblərə cavab vermir, ən əsası isə yodlaşdırılmır. Bundan başqa, ölkədə xarici əmtəə nişanı ilə saxta duz məhsulları istehsal edən sahibkarlar da var.


Monitorinq zamanı 18 adda duz nümunəsi analiz edilib. Məlum olub ki, onlardan yalnız beşində yodun miqdarı normadadır. Əksəriyyətində isə yodun miqdarı ya normadan xeyli aşağı, ya da ümumiyyətlə, yoxdur. Bu cür halların davam etməsi isə insan orqanizmində yod çatışmazlığına gətirib çıxarır. Nəticədə insanda əqli zəiflik, qısaboyluluq və zob xəstəliyi yaranır.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, yerli bazarda yayılan saxta malların da üzərində «yodlaşdırılıb» yazısı var: «Əgər duzu götürəndə qabından süzülürsə, demək saxtadır. Duzu alanda son yararlılıq tarixinə baxmaq lazımdır. Biz pulsuz testlər paylayırıq. Gəlib bizdən bu testi götürsünlər, bununla yodluluğu təyin etmək olur».


Eyyub Hüseynov deyir ki, problemin həlli yolu ya Masazırdakı duzlu gölü qurutmaqda, ya da orada duz emalı zavodu tikməkdədir. İqtisadi İnkişaf naziri Heydər Babayevin dediyinə görə isə, hökumət Masazırda duz zavodu tikməyi planlaşdırır. Zavodun tikintisinə artıq bu ilin sonuna qədər başlanacaq. O ki qaldı Masazır gölünə axıdılan çirkab sularına, Heydər Babayev deyir: «Çirkab suları haqqında da qərar qəbul olunub. «Azərsu» dövlət şirkətinə vəsait ayrılıb. Artıq su təmizlənib. Bundan sonra təmizləyici qurğular quraşdırılacaq. Bu suların gölə axıdılması ümumiyyətlə, dayandırılacaq».


Gölün çirkab sulardan təmizlənməsi və duz zavodunun tikilməsi xəbərinə göl ətrafındakı duz sexlərində çalışan fəhlələr də sevinir. Deyirlər ki, bu sahədə təcrübələri var deyə, zavodda işə götürüləcəklərinə inanırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG