Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:09

AŞ PA-nın iclasında Azərbaycanın adı çəkildi


AŞ PA-da diffamasiyanın dekriminallaşdırılması məsələsi müzakirə olunub
AŞ PA-da diffamasiyanın dekriminallaşdırılması məsələsi müzakirə olunub

Diffamasiyanın dekriminallaşdırılması haqqında məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyasının oktyabrın 4-dəki iclasında deputatların diqqət mərkəzində olub.


«Turan»ın məlumatına görə, bu məsələ üzrə məruzəçi kimi AŞ PA-nın hüquqi məsələlər və insan haqları üzrə Komitəsinin üzvü, andorralı deputat Jom Bartumeu Kassani çıxış edib.


Onun hesabatında qeyd edilir ki, bəzi ölkələrdə diffamasiyadan jurnalistlərin təqibi üçün sui-istifadə faktları var: «Bu, hakimiyyətin mətbuat azadlığını məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir. Albaniyada, Rusiyada və Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələri bir neçə dəfə belə hallara qarşı çıxış ediblər».


Sənəddə bəzi ölkələrdə diffamasiyaya görə cinayət məsuliyyətinin mövcud olması göstərilir ki, bu da jurnalistlərin həbsi üçün yol açır. Rusiya və Azərbaycanda belə təcrübə var. Bəzi ölkələrdə, o cümlədən, Ermənistanda, Azərbaycanda və s. diffamasiyaya görə 5 ilə qədər həbs cəzası tətbiq edilə bilər.


Hesabatda jurnalist Elmar Hüseynovun qətlindən sonra prezident İlham Əliyevin məmurları jurnalistlərdən məhkəmə şikayəti verməməyə çağırışını qeyd edən ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin fikrinə istinad var. Lakin sənəddə bildirilir ki, bu moratorium pozulub.

Məruzədə bir sıra tövsiyələr yer alıb. Xüsusən göstərilir ki, siyasi xadimlər və dövlət başçıları, sıravi vətəndaşlardan fərqli olaraq, diffamasiyadan tənqiddən mühafizə lövhəsi kimi istifadə etməməlidirlər. Qanunvericilikdə diffamasiyaya dəqiq tərif verilməlidir. Bu zaman İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən, diffamasiyaya görə cinayət məsuliyyəti ləğv edilməlidir.

Kassani həmçinin diffamasiyaya görə uyğunsuz pul cərimələri tətbiq etməməyi təklif edib. Onun sözlərinə görə, bəzi ölkələrdə mətbuat ağır iqtisadi vəziyyətdədir və reklamdan gəlir yoxdur. Kassani baş katib Terri Devisin diffamasiyadan mətbuatın hədələnməsi üçün istifadə edilməməsi haqqında sözlərini təkrar edib.

AŞ PA Monitorinq Komitəsinin üzvü Andres Herkel isə deyib ki, hələ də hakimiyyətin ünvanına istənilən tənqidin diffamasiya üzrə cinayət işinin açılmasına səbəb ola biləcəyi ölkələr var. Belə ölkələr sırasında o, Azərbaycanın adını çəkib. Herkelin sözlərinə görə, 2007-ci ildə diffamasiya üzrə əvvəlki illərdən 10 dəfə artıq məhkəmə işi açılıb: «Vəziyyət çox ciddidir və daha da pisləşir».

Kassaninin məruzəsi AŞ PA üzvləri tərəfindən dəstəklənib və səs çoxluğu ilə Assambleyanın müvafiq qətnaməsi qəbul edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG