Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 19:56

Qızılgülün payız qayğıları…


Yeni administrasiyanın hakimiyyəti gözlənilən qədər də qısa olmadı

Yeni administrasiyanın hakimiyyəti gözlənilən qədər də qısa olmadı

İndi qonşu Gürcüstanda baş verən siyasi hadisələr maraq kəsb etməyə bilməz. Bunun səbəbi çoxdur. Gürcüstandakı proseslərin həm siyasi, həm də geosiyasi məzmunu var. Söhbət siyasi məzmundan gedirsə, Gürcüstan Cənubi Qafqazda özünəməxsus inkişaf təmayülü seçən respublikadır. Söhbət heç də dövlət quruluşundan, siyasi strukturdan getmir. Gürcüstan da digər iki Qafqaz respublikası kimi prezident respublikasıdır, burada da demokratik üsul-idarə hökm sürür, parlament və məhkəmələr fəaliyyət göstərir. Gürcüstanı fərqləndirən detal budur ki, 2003-cü ildən sonra burada siyasi administrasiya dəyişib, ölkənin idarəçilik sükanı demək olar ki, tamamilə gənclərin əlinə keçib. Onlar hakimiyyətə gələndə hamını maraqlandıran bu idi ki, görən bu gənc və ilk baxışda təcrübəsiz, dövlət işində bir o qədər böyük səriştəsi olmayan insanlar ölkəni hara aparacaqlar? Onlar hakimiyyətdə uzun müddət qala biləcəklərmi? Ölkədə konsensus və həmrəylik yaratmağa nail olacaqlarmı? Ölkənin siyasi dinamikası və geosiyasi təmayülü necə olacaq? Digər dövlətlərlə hansı münasibətlər qurulacaq?


İndi bir xeyli müddət keçəndən sonra bu sualların hər birinə ayrılıqda cavab vermək olar. Yeni administrasiyanın hakimiyyəti gözlənilən qədər də qısa olmadı. Hər halda bu hakimiyyət Gürcüstanın ilk hakimiyyəti ilə müqayisədə uzunömürlü oldu. Ölkədə bir sıra islahatlar aparıldı. Bunlardan ən mühümü korrupsiyaya qarşı mübarizə və imtiyazların aradan qaldırılması idi. Siyasi gənclik dövlət işində bir o qədər də səriştəsiz olmadığını sübut etdi. Qonşu Rusiyanı istisna etməklə əksər dövlətlərlə normal münasibətlər saxlanıldı. Amma siyasət fəlsəfədən bir qədər fərqlənir. Fəlsəfənin məqsədi həqiqəti axtarmaqdırsa, siyasətin məqsədi konsensus və həmrəylik tapmaqdır. Siyasət deyilən mürəkkəb fenomenin ağırlıq mərkəzinin bütünlüklə gənclərin üzərinə keçirilməsi təbii ki, müəyyən narazılıqlar yaratmalı idi. Müxtəlif nəsillər arasında onsuz da, həmişə psixoloji qarşıdurma olur, amma bu qarşıdurmanın açıq siyasi müstəviyə keçirilməsi acı nəticələr verməyə bilməzdi. Bundan başqa, obyektiv səbəblərdən həll olunmamış digər problemləri də qeyd etmək lazımdır. Ölkədə sosial vəziyyət ağır olaraq qalır. Saakaşvilinin «Mənim hakimiyyətim dövrümdə Gürcüstan birləşəcək» deməsinə baxmayaraq ölkədəki münaqişələri həll etmək mümkün olmadı, separatçı rejimlər hələ də qalır. Və bütün bunlar təbii ki, insanların yeni hakimiyyətə münasibətinə təsir edir.


Proses geosiyasi çalarlardan da məhrum deyil. Gürcüstanda yeni nəslin hakimiyyəti ifrat Qərbpərəstliyi ilə seçilir. Gürcüstan Cənubi Qafqaz respublikaları arasında Qərbə ən çox can atan respublikadır. Burada hətta Avroatlantika məkanına inteqrasiya üzrə xüsusi nazirlik var. Ölkə rəhbərliyi Avropaya və NATO-ya inteqrasiya olunmaq arzusunu açıq və ciddi şəkildə bəyan edir. Təbii ki, bu detalın özü yeni nəslin hakimiyyəti üçün təsirsiz ötüşə bilməzdi. Təəssüf ki, Rusiya ilə normal münasibətlər qurmaq mümkün olmadı. Moskva ilk «qaz müharibəsi»ni həm də Gürcüstana qarşı elan etdi. Elə indi baş verən proseslərin içində də Rusiyanın izini axtarmaq meyli güclüdür. Amma belə bir detal da maraq kəsb edir ki, hakimiyyətə qarşı çıxan müxalifət yaratdığı Milli Şuraya Rusiyameyilli qüvvələri buraxmadı.


Rusiya rəhbərliyi indiki Gürcüstan hakimiyyəti ilə problemlərinin olduğunu inkar etmir. Və təbii ki, Rusiya istəməzdi ki, Gürcüstan NATO-ya inteqrasiya olunsun. Amma bu proseslərin Moskvaya nə dərəcədə bağlı olması hələki mübahisəlidir. Bu xüsusda hələ heç nə məlum deyil və buna ancaq gələcək aydınlıq gətirəcək.


Gürcüstan Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Ölkənin neft kəmərləri bu ərazidən keçir, bu ölkə ilə bağlı bir neçə böyük layihə gündəlikdədir. Belə layihələrdən biri də Bakı-Tbilisi-Qars dəmiryolu xəttidir. Amma hər iki tərəf bəyan edib ki, heç bir proses bu layihələrin icrasını dayandıra bilməz və onlar həyata keçəcək.


Bəs Gürcüstandakı proseslərin inkişafı ilə bağlı nə demək olar? Digər respublika - Ukrayna da narahat anlar yaşayır. Amma hələki qeyri-adi heç nə baş verməyib. Ümid edək ki, Gürcüstanda da belə olacaq. Siyasi proseslər dinc və demokratik məcradan çıxmayacaq, hər şey siyasi dialoq yolu ilə həll olunacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG