Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:27

«Azərbaycanda jurnalistlərlə problemli hallar hədsiz çoxdur»


Oktyabrın 4-də AŞ PA-nın iclasında böhtanın dekriminallaşmasına dair müzakirələr aparılacaq

Oktyabrın 4-də AŞ PA-nın iclasında böhtanın dekriminallaşmasına dair müzakirələr aparılacaq

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidova qarşı məhkəmə iddiası hadisəsini dərindən araşdırmaq lazımdır».


Bu fikri «Turan»ın müxbiri ilə söhbətdə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçisi Andres Herkel «Azadlıq» qəzetinə qarşı oktyabrın 5-də keçiriləcək məhkəmə prosesini şərh edərkən bildirib.


«AŞ PA-nın aprel sessiyasının Azərbaycan üzrə çox tənqidi məruzənin müzakirə olunduğu son günü həbs edilmiş jurnalist Eynulla Fətullayevin işi ilə uyğunluq var. Düşünürəm ki, Azərbaycanda jurnalistlərlə belə problemli hallar artıq hədsiz dərəcədə çoxdur», - deyə Herkel bildirib.


Məruzəçinin qeyd etdiyi kimi, Azərbaycanda söz azadlığının pozulması ilə bağlı faktlar Avropa Şurasını narahat edir. Bununla əlaqədar oktyabrın 4-də AŞ PA-nın iclasında böhtanın dekriminallaşmasına həsr edilmiş xüsusi müzakirələr aparılacaq. Söhbət yalnız böhtana görə, cinayət məsuliyyətinin ləğv edilməsindən deyil, həm də diffamasiyaya görə nəşriyyat orqanları və elektron KİV-lərin bağlanması üçün hüquqi əsasın aradan qaldırılmasından gedir. Herkel bildirib ki, qanunvericiliklərdə belə normaların olması söz və mətbuat azadlığı atmosferinə çox mənfi təsir edir.


O, təəssüflə Azərbaycanda jurnalistlərin başqa əsaslarla təqibi faktlarının da olmasını deyib.. Xüsusən, narkotikdən istifadədə ittiham olunan şair-satirik Sakit Zahidovun işinə toxunan Herkel beynəlxalq narkoloji ekspertiza keçirməyin zəruriliyini qeyd edib.


Herkel deyib ki, Azərbaycanda söz və mətbuat azadlığı sahəsində vəziyyət Avropa Şurası və AŞ PA məruzəçilərinin diqqət mərkəzində qalacaq.


Oktyabrın 5-də Yasamal Rayon Məhkəməsində «Azadlıq» qəzetinə və onun əməkdaşı Adil Xəlilə qarşı İqtisadi İnkişaf naziri Heydər Babayevin iddiası üzrə məhkəmə prosesi keçiriləcək.


İddia «Azadlıq» qəzetinin 29 avqust 2007-ci il tarixli sayında getmiş «Mətyu Brayzənin toy xərclərini azərbaycanlılar çəkib?» adlı məqalə ilə əlaqədar verilib. Bu məqalədə iddia edilib ki, amerikalı diplomat Mətyu Brayzə və siyasətçi Zeyno Baranın toy xərclərinin çox hissəsini Heydər Babayev ödəyib. Bununla əlaqədar Babayev qəzetdən təkzib dərc etməyi tələb edir. Bundan başqa, xüsusi ittiham qaydasında iddiaçı məhkəmədən qəzetin baş redaktoru Qənimət Zahidovu və məqalənin müəllifi Adil Xəlili böhtana görə cinayət məsuliyyətinə cəlb etməyi xahiş edir.


XS
SM
MD
LG