Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

«Saytları olmayan dövlət qurumlarına qarşı məhkəmə iddiaları qaldırılsın»


«Nöqsanlardan biri vətəndaşla münasibətlərin elektron formada qurulmamasıdır»

«Nöqsanlardan biri vətəndaşla münasibətlərin elektron formada qurulmamasıdır»

«Dəfələrlə olub ki, dövlət müəssisəsindən hər hansı bir sənəd, arayış lazım olub, onu almaq üçün adamı nə qədər süründürürlər. Dövlət müəssisələrinin saytları istənilən səviyyədə olsa, bu cür süründürməçilik də olmazdı, istənilən məlumatı, sənədi asanlıqla əldə edərdik».


Əksər dövlət müəssisələrinin qarşısında saatlarla növbə gözləyən adi vətəndaşlarla rastlaşmaq artıq adi hala çevrilib. Onların əksəriyyəti həmsöhbətim Nərmin kimi hansısa məlumat, sənəd dalınca gəlir. Halbuki dünya təcrübəsində dövlət müəssisələri ilə vətəndaşlar arasında əlaqələrin elektron formada qurulması prosesinə hələ ötən əsrdən başlanıb. Azərbaycanda isə nəinki adi vətəndaşlar, hətta cəmiyyətə informasiya ötürməli olan jurnalistlər də dövlət müəssisələrinin veb saytlarından lazımi məlumatları əldə edə bilmədiklərini deyirlər. Ölkədə ictimai əhəmiyyət kəsb edən altı nazirliyin ümumiyyətlə, internet resursları, yəni veb saytları yoxdur. Bura Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm Nazirlikləri də daxildir. Digər dövlət saytlarının informasiya təminatı isə olduqca aşağı səviyyədədir.


Dövlət orqanlarının rəsmi internet saytlarının monitorinqi zamanı bu nəticəyə gəlinib. Monitorinqi «İnformasiya Azadlığının İnkişafı» koalisiyası aparıb. Koalisiyanın üzvü olan «Multimedia» Mərkəzinin prezidenti Osman Gündüz deyir ki, dövlət strukturlarının internet-resurslarının böyük əksəriyyəti «İnformasiya əldə etmək azadlığı haqqında» qanunun tələblərinə cavab vermir: «İnternet resurslarına informasiya mənbəyi olaraq yetərli diqqət göstərilmir. Hansısa nazir 1000 dollar verir bir sayt yaradır, ora öz şəklini, nazirlik haqqında ümumi məlumat, bir-iki normativ sənəd qoyur, bununla da işini bitmiş hesab edir. Bu, belə olmamalıdır. Əsas çatışmazlıqlardan biri də vətəndaşla münasibətlərin elektron formada qurulmamasıdır».


Koalisiyanın tərtib etdiyi reytinq cədvəlində informasiya açıqlığı baxımından birinci yerdə Vergilər Nazirliyi, daha sonra isə Rabitə və İnformasiya Texnologiyaları və Daxili İşlər nazirlikləri dayanır. Ən aşağı yerləri isə Milli Televiziya və Radio Şurası, Nazirlər Kabineti, Milli Məclis və İnsan Hüquqları Müvəkkili tutub.


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi Rüfət Gülməmmədov deyir ki, əksər dövlət orqanlarının internet saytlarının istənilən səviyyədə olmamasının səbəbi kadr çatışmazlığıdır: «İmkanı, kadr ehtiyatı olmayan dövlət qurumlarına kömək edirik və bundan sonra da müraciət olunarsa kömək edəcəyik. İnformasiya Texnologiyaları İnstitutu da məhz kadr çatışmazlığını aradan qaldırmaq üçün yaradılıb. Hazırda təcrübə keçmək üçün xaricə tələbələr göndəririk, treninqlər təşkil olunur».


Ümumiyyətlə, rəsmi saytı olmayan Müdafiə Nazirliyi isə bunun səbəbini izah etmək belə istəmədi. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu bu yaxınlarda lazımi tələblərə cavab verən saytlarının olacağını deməklə kifayətləndi.


«İnformasiya Azadlığının İnkişafı» koalisiyası isə təklif edir ki, vətəndaş cəmiyyəti veb-saytlarını formalaşdırmayan dövlət strukturlarına qarşı məhkəmə iddiaları qaldırsın.


XS
SM
MD
LG