Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:43

«2 mindən artıq uşaq küçədə işləyib, orada da yaşayır»


Küçədə yaşayan uşaqların sayına görə ölkədə «lider» mövqelər Bakı və Sumqayıta məxsusdur
Küçədə yaşayan uşaqların sayına görə ölkədə «lider» mövqelər Bakı və Sumqayıta məxsusdur

Hər il 4500-dən artıq uşaq işlədikləri müxtəlif cinayətlərə görə Daxili İşlər Nazirliyində uçota alınırlar. Uşaq hüquqlarının müdafiəsi üzrə qeyri-hökumət təşkilatları alyansının koordinatoru Nabil Seyidovun «Ekspress»ə dediyinə görə, rəsmi statistika hazırda nə qədər uşağın səfillikdə, küçədə yaşadığını bilmir.


«Bizdə olan məlumatlara görəsə, indi 2 mindən artıq uşaq küçədə işləyib orada da yaşayır, 20 mindən çox uşaq isə internatlardadır», - N.Seyidov söylədi.


Ölkədəki 49 min əlil uşağın yarıdan çoxu təhsil almır. Azərbaycanda uşaqlara qarşı zorakılıq halları da sürətlə artır.


«Ekspress»in yazdığına görə, BMT-nin Uşaq Fondunun (UNİCEF) son hesabatında bildirilir ki, Azərbaycanda uşaq əməyindən istifadə və uşaqların istismar səviyyəsi 10%-ə çatıb. Bundan başqa, ölkədə məktəblilərin yalnız 20%-i orta məktəblərin 9 sinfini bitirir.


Avropa Uşaq Təşkilatının hazırladığı «Avropada Uşaq Həqiqəti» adlı hesabatında isə daha bir statistika var. Belə ki, Azərbaycanda hər 4 uşaqdan biri yoxsuldur, hər 5 uşaqdan biri ağır istismar şərtlərində çalışır. Küçədə yaşayan uşaqların sayına görə ölkədə «lider» mövqelər Bakı və Sumqayıt şəhərlərinə məxsusdur.


«Üç nöqtə» qəzeti yazır ki, Avropa Şurasının təklifi ilə Azərbaycan, Ermənistan, o cümlədən Avropa Şurasının bir qrup ekspertindən ibarət komissiya Dağlıq və Aran Qarabağa, eləcə də Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.


Bu məsələyə münasibət bildirən YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə öncə bu il iyunun 28-də Azərbaycanın və Ermənistanın Rusiyadakı səfirləri daxil olmaqla, iki ölkə ziyalılarının nümayəndələrinin işğal altında olan Azərbaycan ərazilərinə, Yerevana və Bakıya edilən səfərləri xatırlatdıb və buna müsbət yanaşdığını bildirdi.
Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevin sözlərinə görə, Azərbaycan ziyalılarının Qarabağ səfərləri sifariş əsasında olmamalıdır. Onun fikrincə, hansısa ziyalının seçim əsasında Qarabağa göndərilməsi xüsusi sifariş əsasında həyata keçirilir: «Bu, Dağlıq Qarabağ münaqişəsinin həllinə heç bir xeyir gətirməyəcək. Ancaq başqa məsələdir ki, bu, problemdən çıxıb faciəyə çevrilirsə, onda «xalq diplomatiyası» dediyimiz anlam ortaya çıxır. Bu zaman hər iki ölkənin vətəndaşları ayağa qalxaraq bu münaqişəni özləri həll etmək istədiklərini bildirirlər. Məsələ bu həddə çatanda isə hər iki tərəfin ziyalılarının qarşılıqlı səfərlərini məqsədəuyğun hesab etmək olar. Bilirik ki, Ermənistan hökuməti israrla bu məsələdə heç bir kompromisə getmək istəmədiyini bildirir. Belə bir vaxtda isə xüsusi təyinatla ziyalıların ora getməsi düzgün addım deyil. Yox, əgər gedirlərsə, onda bu cür səfərlər qarşılıqlı olmalıdır. Yəni, Azərbaycanın əsl tarixi həqiqətlərini ortaya qoya bilən, Qarabağın həqiqətən də Azərbaycanın tarixi torpaqları olduğunu sübut etməyi bacaran adamlar bu səfərlər də iştirak etməlidir».


«Ayna» qəzeti yazır ki, işgəncələr və hərbçilərlə sərt davranış Ermənistan Silahlı Qüvvələrinin ciddi problemi olaraq qalmaqdadır.


Ermənistan İnsan Hüquqlarının Müdafiəsinə dair Helsinki Assosiasiyasının üzvü Mixail Danelyanın sözlərinə görə, ölkənin Silahlı Qüvvələrində hər il 800-ə yaxın əsgər vəfat edir. O, əsgərlər arasında ölüm hallarının əsasən təhqir və fiziki işgəncələrdən qaynaqlandığını deyib.


«Human Rights Watch» təşkilatının 2006-cı ildə Ermənistanda vəziyyətə dair açıqladığı hesabatda Yerevanda dislokasiya olunmuş hərbi hissələrdən birinin əsgərinin fikirlərinə yer verilib. O bildirib ki, 9 ay ərzində dəfələrlə əsgər yoldaşları və zabitlər tərəfindən zorlamaya və işgəncələrə məruz qalıb. Bunun səbəbi Ermənistan ordusunda «dedovşina» münasibətlərinin geniş yayılmasıdır. «Ayna» yazır ki, 2004-cü ildə həyata keçirilən islahatlarda vətəndaşların baxışlarına görə alternativ xidmət keçirilməsi nəzərdə tutulsa da, bu mülki xidmət növü də Ermənistan ordusunun tabeçiliyindədir. Helsinki Vətəndaş Assambleyası Ermənistan Milli Komitəsinin Vanadzor ofisinin məlumatına görə, bu səbəbdən baxışlarına görə orduda xidmət keçmək istəməyənlər alternativ xidmətə deyil, həbsxanaya düşməyə üstünlük verirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG