Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:36

İsa Sadıqov fermada da işləyib


«Azərbaycana gələndə aşığa balalayka deyirdim, indi aşıqsız dəhşətə gəlirəm…»
«Azərbaycana gələndə aşığa balalayka deyirdim, indi aşıqsız dəhşətə gəlirəm…»

«Çətindi, amma ailəni gözünün qabağına gətirirsən, məcburiyyət qarşısında qalanda daha baxmırsan vəzifədə olmusan, nə iş oldu qulpundan yapışırsan…»


İsa Sadıqov Azərbaycanda Müdafiə nazirinin müavini olub, Norveçdə - mühacirətdə deyir ki, hətta fermada da işləməyə məcbur olub.


- Nə işləyirdiniz fermada?


- Fermada nə işləyərlər…


Saqıqov Azərbaycana 1992-ci ildə gəlmişdi. Xocalı faciəsindən sonra. O, Azərbaycandan kənarda böyüyüb təhsil almışdı. Azərbaycana qayıdandan sonra Qərb bölgəsinin müdafiəsinə rəhbərlik edənlərdən oldu. Sonra vətən xaini olmaqda, fərarilikdə ittiham edildi, 2 il yarım həbsdə oldu. Deyir ki, azadlığa çıxanda da siyasi təzyiqlərə məruz qalıb, altı il əvvəl Norveçdə siyasi sığınacaq alıb, amma hələ də Azərbaycana getməyi risq sayır.


Yəqin sualınız yarandı ki, həmsöhbətim indi harda işləyir, onunla söhbətə qayıdacağıq. Hələliksə Azərbaycanı tərk edən jurnalistlərin Oslodakı yeni iş yerinə yollanırıq:


- Yerləşmək necədi?


- Əlbəttə, iş tapmaq çətindi, ucuz-ucuz işlərdə işləyirik…


Ağ boyaya bulaşmış fəhlə paltarlı, üzü tüklü Eldar bir ildi Norveçdədi, artıq siyasi sığınacaq alıb. Mühacirətəcən Bakıda rusdilli «Novoya vremya» və «Bakinskiye vedomosti» qəzetlərində çalışıb:


- Jurnalist işləyəndən sonra tikintidə fəhlə çalışmaq çətin deyil ki?


- Bir yerdə ki, jurnalistləri sıxırlar, ordansa başqa bir ölkədə fəhlə olmaq daha şərəflidi, daha üstündü.


Norveçdə siyasi sığınacaq almaq o deməkdi ki, mühacirə müvəqqəti mənzillə yanaşı 600 dollar yemək-paltar pulu da verirlər. Amma bu, çox bahalı ölkə olan Norveçdə böyük məbləğ deyil, gələcəyi düşünürsənsə, gərək yardımdan, evdən imtina edib işləyəsən, yaxşı gəlirli iş tapmaq isə dili pis bilənlər üçün çətindi.


Amma Eldar deyir ki, dolanışığından şikayətçi də deyil:


- Bir həftənin qazancı gedir ev kirayəsinə və yeməyə, qalan üç həftənin pulu qalır, biz o pula istirahət edə, ailəmizə göndərə bilərik…


Amma Eldar soyadını demir, bildirir ki, ailəsi Bakıdadı, qorxur ki, təzyiqlər olar. Tikintidə işləyən başqa bir azərbaycanlı jurnalist isə danışmaq istəmədi.


…İsa Sadıqov - Azərbaycanın Müdafiə nazirinin keçmiş müavini vətəni haqda xəbərləri internetdən alır:


- Hər səhər yuxudan duranda Azərbaycan qəzetlərinə baxıram, görürəm ki, salamatçılıqdı, işə rahat gedirəm…


Altı ildən sonra İsa Sadıqov üçün bir çox çətinliklər arxada qalıb, indi övladları paytaxtdan kənarda da olsa, ali təhsil alırlar, özü norveç dilində danışır, ipotekayla ev almağa hazırlaşır:


- Maşını deyəsən, təzə almısız?


- Təzə almışam, amma təzə maşın deyil…


Həmsöhbətimin indi daimi iş yeri də var, hərçənd iş yerindən danışmaq istəmədi…


Bir də deyir ki, çox darıxır, elə şeylər var ki, onları qərib yerdə pulla almaq olmur, Vətəndən, dostlardan kənarda yaşamaq çox çətindi:


- Azərbaycana gələndə aşığa balalayka deyirdim, indi aşıqsız dəhşətə gəlirəm…


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG