Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:20

«Mən rüşvətxorluğun azərbaycanlıların qanında olduğuna inanmıram»


«Biz buranın siyasətçiləri deyilik, biz ümumiyyətlə, siyasətçi deyilik, biz səs vermirik»
«Biz buranın siyasətçiləri deyilik, biz ümumiyyətlə, siyasətçi deyilik, biz səs vermirik»

«Avropa Şurası qarşıdan gələn prezident seçkilərinə böyük əhəmiyyət verir». Avropa Şurası (AŞ) baş katibinin Azərbaycan üzrə xüsusi nümayəndəsi Denis Bribosia «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə müsahibəsində belə deyib: «Hər şeydən əvvəl ona görə ki, demokratiya insanların öz seçimidir. Və insanların seçiminə istənilən halda hörmət edilməlidir».


Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası ümid edir ki, 2008-ci il prezident seçkiləri Azərbaycanın tarixində beynəlxalq standartlara tam cavab verən ilk seçkilər olacaq: «Mən Azərbaycan cəmiyyətinin müxtəlif sahələrinin fəaliyyətindən belə bir nəticəyə gələ bilərəm ki, ölkə ədalətli, demokratik seçkilərin keçirilməsinə hazırlaşır. Və mən çox nikbin bir əhvali-ruhiyyədəyəm ki, bu nəticəni əldə etmək doğrudan da bizə nəsib olacaq. Avropa Şurası ümumilikdə Avropanın sərbəst və ədalətli seçkilərin keçirildiyi məkana çevrilməsini istəyir».


Son günlər Naxçıvanda baş verən hadisələrə toxunan cənab Bribosia bildirir ki, onun xüsusi nümayəndə kimi funksiyalarından biri Azərbaycanda baş verən müxtəlif hadisələr barədə məlumatları tez bir zamanda mərkəzə ötürməkdir: «Mən istərdim ki, məsələ barədə daha geniş, ətraflı məlumat əldə edim».


AŞ-ın xüsusi nümayəndəsinin fikrincə, qurum Azərbaycanda demokratikləşmə prosesinin getməsinə öz təsirin müəyyən mənada göstərir: «Son beş ildə müəyyən irəliləyişlər baş verib. Məsələn, mən tamamilə razıyam ki, seçki komissiyalarının tərkibi qənaətbəxş deyil. Amma razılaşın ki, əvvəllər Seçki Məcəlləsi ümumilikdə mövcud deyildi, ayrı-ayrı qanunvericilik aktlarında təsbit edilmişdi. İndi isə toplu halında nəşr olunub. Bunu da bütövlükdə irəliləyiş adlandırmaq mümkündür».


Onun sözlərinə görə, seçki komissiyalarının tərkibi beynəlxalq təşkilatların və hökumət nümayəndələrinin birgə iştirakı ilə hazırda müzakirə olunur: «İnanıram ki, bu müzakirələr nəticəsində biz qənaətbəxş bir nəticə əldə edə biləcəyik».


Yeddi jurnalistin həbsinə toxunan Bribosia deyir ki, qanunların icrası ilə bağlı Azərbaycanda görülməli çox iş var: «Avropa Şurasının baş katibi həbs edilən jurnalistlərin işi ilə bağlı öz narahatlığını bildirib. Həmçinin bununla əlaqədar hakimiyyətin izahatını xahiş edib. Bu, bir sirr deyil ki, jurnalistlərin həbsdə olması heç də onun xoşuna gəlmir. Eyni zamanda, baş katib digər beynəlxalq təmsilçilərlə birlikdə jurnalistlərə qarşı Cinayət Məcəlləsinin müddəalarının tətbiq edilməsinə qarşı çıxıb. Amma yeddi jurnalistin işi bir-birinə bənzər deyil. Hər bir işə fərdi şəkildə, qanun çərçivəsində və insan hüquqlarına riayət edilməklə baxılmalıdır».


O, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun AŞ ilə birlikdə müzakirə olunmasının, sənədə dəyişikliklər edilməsinin vacibliyini bildirir.


«Qərb Azərbaycanda demokratiyanı enerji təhlükəsizliyinə qurban verdi» fikrinə münasibət bildirən D.Bribosia deyir ki, Qərb üçün enerji təhlükəsizliyini təmin etməkdən ötrü demokratiyanın azalmasına yox, artmasına cəhd göstərmək daha məqsədəuyğundur: «Azərbaycanın Avropa Şurasına üzv olduğu zaman üzərinə götürdüyü bütün öhdəliklər bu ölkənin daha yaxşı, daha təkmil bir cəmiyyətə çevrilməsinə xidmət edir. Və bu ölkədə demokratiyanın inkişaf etməsinin şahidi olmaq hamının marağındadır».


Beynəlxalq təşkilatların mövcud iqtidara loyal münasibət göstərməsi ilə bağlı suala cavabında AŞ nümayəndəsi deyir ki, «top azərbaycanlıların özündədir, yəni hər şey Azərbaycanın əlindədir». Onun fikrincə, amma müəyyən struktur problemləri var ki, bəlkə də onların sayəsində məsələlər bir qədər mürəkkəbləşir: «Bu, yəqin ki, bütün sahələrə öz təsirini göstərən korrupsiyadır. Biz inanırıq ki, gələcəkdə bu fenomenlə mübarizə üçün daha sıx əməkdaşlıq edəcəyik. Mən rüşvətxorluğun azərbaycanlıların qanında olduğuna inanmıram».


Denis Bribosia həmçinin beynəlxalq təşkilatların missiyasının başa düşülməsini istəyir: «Biz buranın siyasətçiləri deyilik, biz ümumiyyətlə, siyasətçi deyilik, biz səs vermirik. Biz Azərbaycan hökumətini təmsil edən və demokratiyanı inkişaf etdirməkdə maraqlı olan şəxslərlə birgə işləmək istəyirik».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG