Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:27

«Hakimiyyət narahatdır»


«Bu və ya digər dinə sədaqət hisslərinin belə ifadəsi nə dərəcədə aktualdır?»
«Bu və ya digər dinə sədaqət hisslərinin belə ifadəsi nə dərəcədə aktualdır?»
«Hakimiyyət narahatdır». Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin «Qloballaşma dövründə dövlət və cəmiyyət» adlı məqaləsi ilə tanış olanlar bu fikirdədirlər. Yerli politoloqların qənaətincə, hakimiyyət indiyə kimi müxtəlif dini icmaların, təriqətlərin fəaliyyətinə göz yumurdusa, indi onların cəmiyyətin böyük bir kəsimini təsir altına almasından, dövlətçilik üçün təhlükə yarada biləcəyindən narahatdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbəri Hidayət Orucov da gizlətməyib ki: «Bəzi radikal qruplar, ekstremist ruhlu qruplar ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər».

Komitə rəhbəri həmçinin deyib ki, bəzi dini qruplar Azərbaycanda dünyəvi deyil, dini dövlət qurulmasının tərəfdarıdırlar, bəzi dövlətlərsə öz modellərini tətbiq etmək istəyirlər. Amma Hidayət Orucovun qənaətincə, bunun perspektivi yoxdur. O, hətta bəzi xarici dövlətlərin təsiri altında olan məscidlərin, orda fəaliyyət göstərən qurumların nəzarət altında olduğunu, onlarla işlədiyini də deyib.

Politoloq Zərdüşt Əlizadə isə yaranmış vəziyyəti onunla izah edir ki, iqtidar vətəndaşların iqtisadi-siyasi fəaliyyətini, fikrini azad ifadə etmək hüququnu, həyatındakı çatışmazlıqları həll etmək imkanını məhdudlaşdırıb. Bu halda vətəndaşlar hansısa dini qruplarda birləşməyə meyl ediblər və bu da onlarla, yüzlərlə insanı vahid ideologiya ətrafında birləşdirir ki, hökumət də bundan narahatdır: «İstəyirlər ki, bütün dövlət, onun gəlirləri, sərvəti onların olsun. Bu istəyə mane olan xarici təsir və ya cəmiyyətdə doğan hərəkat onları qorxudur».


Əlizadənin qənaətincə, ayrı-ayrı vətəndaşların müəyyən dini icmalara meyl etməsinin bir səbəbi də ölkədəki ideoloji boşluqlarla bağlıdır: «Bizim dövlət ideoloji boşluqdan əziyyət çəkir. Bizdə ideologiya yoxdur. Bizdə ideologiya əvəzinə bir büt, bir qəbir, bir heykəl var. Bu da ulu öndərin bütü, qəbri və heykəlidir. Qalan deyilənlər boş sözlərdir. Hansı suverenlikdən söhbət gedə bilər ki, ərazilərin 20 faizi işğal altındadır, işğal olunmayan ərazilərdə isə qanunlar işləmir, bir insanın iradəsi başqalarının iradəsindən üstündür…»


«Azərbaycan» qəzetinin redaktoru, deputat Bəxtiyar Sadıqov isə ideologiya sahəsində boşluqlar olması fikrini qəbul etsə də, sabiq prezident Heydər Əliyevlə bağlı təbliğatın ifrata varması haqda deyilənləri qəbul etmir: «Ondan böyük şəxsiyyət varmı ki, istinad edək?»


Politoloq Hikmət Hacızadə isə hesab edir ki, ötən əsrin 90-cı illərinin əvəllərində cəmiyyətdəki ideoloji boşluğu nə din, nə də ayrı-ayrı şəxsiyyətlərin təbliği doldururdu. Sovetlərin süqutundan sonra məhz demokratiya və millətçilik kimi dəyərlər daha güclü idi. İndisə həmin hisslər öldürülüb: «Ancaq Heydər Əliyev gələndən sonra bu ideologiya tamam dağıdıldı, bir ideologiya qaldı – Heydər Əliyev. Bu halda dindarlıq da, özünə qapanma da və başqa hallar da artacaq».


Yenidən qayıdaq Ramiz Mehdiyevin məqaləsinə. Sovetlərin dövründə Azərbaycanda 17 məscid olduğunu, son illərdə onun sayının 1000-i ötdüyünü deyən Mehdiyev sual edir ki, bölgələrdə istehsal obyektlərinin, təhsilin, səhiyyənin inkişafına yönəldilmiş mühüm sosial və humanitar layihələrin həyata keçirilməsinə böyük ehtiyac olduğu halda, bu və ya digər dinə sədaqət hisslərinin belə ifadəsi nə dərəcədə aktualdır?


Politoloq Zərdüşt Əlizadəyə görə, dövlət vətəndaşın dini etiqadına qarışmamalıdır. Amma cənab Mehdiyev də unutmamalıdır ki, zavod-fabrik tikmək vətəndaşın yox, həm də dövlətin borcudur.


Hikmət Hacızadə isə hesab edir ki, bu gün cəmiyyətdə gedən proseslər elə də sadə deyil. Buna görə, Ramiz Mehdiyevin qoyduğu sualı hakim partiyanın nümayəndəsi kimi müxalifətdə olan müsavatçı da səsləndirə bilərdi: «Hansısa demokrat da deyə bilərdi ki, nəyə lazımdır bu qədər məscid, bir klub, kitabxana tikin. Vəziyyət sadə deyil».


Söhbətləşdiyim mütəxəssislər bir müşahidələrini də bölüşürlər. Son günlər ard-arda baş verən hadisələr hakimiyyətin doğrudan da narahatlığından və dini qruplarla mübarizəni gücləndirmək niyyətindən xəbər verir. Məsələn, bu günlərdə ANS televiziyasında cəmi iki dəfə efirə gedən «Allah haqqı» verilişi dayandırıldı. Şirkətin vitse-prezidenti Seyfulla Mustafayev bu haqda bircə kəlmə deyib: «Şərh verilməyəcək».


Bundan başqa, bu günlərdə ali məktəblərdən birində rektorla hicablı tələbələr arasında narazılıq yaşandı. Rektora görə, həmin tələbələr tələm-tələsik qərar verərək hicab bağlayırlar və 17 yaşlı bu xanımların tərbiyəsinə, qərarlarına müdaxilə etmək lazımdır.


Daha bir məqam. Ramiz Mehdiyevin məqaləsindən sonra «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov da «Geriyə doğru irəli» adlı məqalə dərc etdirib. O, bu məqalədə qızların hicab örtməsini geriyə doğru addım kimi qiymətləndirməklə yanaşı, başqa dövlətlərin Azərbaycan vətəndaşlarının dini hissləri ilə oynadığını, dövlətçiliyin, eləcə də gənclərin də təhlükədə olduğunu yazır.


Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işini tənqid edən Bəxtiyar Sadıqov son günlərin hadisələrini də təsadüf saymır: «Bu, yetişmiş məsələdir. Müxtəlif təriqətlərin təsiri var, vəhhabilik təhlükə törədir. Ona görə dövlətin borcudur ki, bu məsələyə artıq reaksiya versin. Bu haqda artıq açıq danışmağın vaxtıdır».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG