Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:40

GUAM BMT müstəvisində


Münaqişələrin harada və necə müzakirə olunması həmişə problem olub
Münaqişələrin harada və necə müzakirə olunması həmişə problem olub

Sentyabrın üçüncü on günlüyündə diqqət mərkəzində olan hadisələrdən biri də BMT-nin növbəti sessiyasıdır. İlkin məlumatlara görə, sessiyada GUAM dövlətləri ərazisindəki münaqişələr problemi də müzakirə ediləcək.


Bu müzakirələr baş tutacağı təqdirdə sayca ikinci müzakirələr olacaq. Bir vaxtlar ilk dəfə bu cür müzakirələr açılanda bunun əleyhinə çıxış edən dövlətlər də olmuşdu. Onlar bunu münaqişələrin ATƏT çərçivəsindən çıxarılıb BMT çərçivəsinə verilməsi kimi qiymətləndirmişdilər.


Münaqişələrin harada və necə müzakirə olunması beləcə həmişə problem olub. Prinsipcə, problemin ATƏT və yaxud BMT çərçivəsində müzakirə olunması bir o qədər də fərqli çalar kəsb etmir. BMT nizamnaməsinə görə, təşkilat münaqişənin həllini özünün regional qurumlarından birinə həvalə edə bilər. Əsas odur ki, BMT-nin vaxtilə qəbul etdiyi sənədlərə əməl olunsun və onlar yerinə yetirilsin. Xatırladaq ki, məsələn, BMT vaxtilə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etmişdi. Onu da bildirək ki, bu vaxta qədər bu sənədlərin tələbləri yerinə yetirilməyib. Məhz sonuncu amili əsas götürən insanlar iddia edirlər ki, münaqişənin həlli ilə bilavasitə BMT-nin özü məşğul olsa daha yaxşı olar. Amma o da var ki, MDB ərazisindəki bəzi münaqişələrlə BMT-nin özü məşğul olur. Fəqət bu konfliktlər də bu günə qədər həll olunmamış qalıb.


Ötən il nəhayət ki, GUAM dövlətləri buzu sındıra bildilər. Onlar öz ərazilərindəki münaqişələrə BMT –nin diqqətini yönəldə bildilər. Ötən müddət haqqında nə demək olar? Demək olmaz ki, belə müzakirələrin keçirilməsi münaqişələrin həllinə hansısa təsir göstərdi. Yox, belə təsir müşahidə olunmayıb. Münaqişələr necə varsa eləcə də qalıb. Ola bilsin, məsələnin BMT çərçivəsində müzakirə olunmasının sırf informasiya əhəmiyyəti olub və təbliğat baxımından nəyəsə nail olunub. Bəs bunun səbəbi nədir? Məsələ bundadır ki, bütün formatlarda söz sahibi fövqəldövlətlərdir. Məsələn, Azərbaycanın Dağlıq Qarabağ problemini götürsək, ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransadır. Onlar həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləridirlər. Ona görə də məsələnin hansı çərçivədə həll olunmasından asılı olmayaraq bu dövlətlər prosesin gedişində söz sahibidirlər. Bu dövlətlərin münaqişə ilə bağlı mövqeləri biri-birindən fərqlənsə də, ziddiyyətlidir. Məsələn, ABŞ-ın mövqeyi Rusiyanın mövqeyindən fərqli olsa da hər halda o da münaqişəni tezliklə çözmək iqtidarında deyil.


Rusiya, Fransa və ABŞ. Artıq qeyd etdik ki, bu dövlətlər, məsələn, ATƏT-in Minsk Qrupunda da, BMT-nin Təhlükəsizlik Şurasında da təmsil olunublar. Bütün hallarda problemi son nəticədə onlar nəzərdən keçirməyəcəklərmi? Onların mövqeyi BMT və ATƏT çərçivəsində həlledici deyilmi? Təsadüfi deyil ki, bu amili əsas götürən bəzi mütəxəssislər və müşahidəçilər BMT-nin də bir qurum kimi transformasiyasının labüd olmasından danışırlar. Onların fikrincə, ikinci dünya müharibəsindən sonra yaranan və onun reallıqlarını özündə əks etdirən BMT müasir tələblərə cavab vermir və elə bu səbəbdən də yeniləşməlidir. Təbii ki, bu, daha uzaq perspektivin söhbətidir. Gündəmdə olan məsələ isə GUAM ərazisindəki münaqişələr və onların müzakirəsi problemidir.


Məsələyə GUAM dövlətlərinin prizmasından yanaşanda, etiraf etmək lazımdır ki, prosesin əhəmiyyəti təkcə təbliğatla məhdudlaşmır. Ən azı artıq bir dəfə problemlərini BMT-nin müzakirəsinə çıxarmaqla GUAM dövlətləri birlik və həmrəylik nümayiş etdiriblər. Oxşar problemlərin olması onları yaxınlaşdırıb. Bu da əhəmiyyətli detaldır. Təəssüf ki, GUAM dövlətlərinin təmsil olunduğu başqa bir qurumda – MDB-də belə həmrəylik yaratmaq mümkün olmadı. Bunu ancaq GUAM çərçivəsində həyata keçirmək mümkün oldu. MDB-nin bu formada polyarlaşması əslində separatizmdən əziyyət çəkənlərə və ona biganə olanlara bölünmək deməkdir. Elə bu detalın özü MDB-nin bir qurum kimi nə qədər ziddiyyətli olduğunu göstərir. GUAM ərazisindəki münaqişələrin BMT-də müzakirəsi isə bu ziddiyyətlərin zaman keçdikcə daha da dərinləşməsinin göstəricisidir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG