Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:34

Polis vətəndaşı ruhi xəstəxanaya göndərə bilərmi?


«Məsələyə hüquqi qiymət veriləcək»

«Məsələyə hüquqi qiymət veriləcək»

«Şikayətimə baxmaq əvəzinə mənə deyir ki, qol çək ki, şikayətin yerinə yetirilib. Mən prezidentə məktub yazıb şikayət etmişəm. İndi deyim yerinə yetib?»


Bir neçə gün əvvəl Naxçıvanın Sədərək Rayon Polis İdarəsinin saxladığı və sonra Muxtar Respublika Ruhi Xəstəxanasına göndərdiyi AXCP fəalı 70 yaşlı Ələsgər İsmayılov belə deyib. Bu sözləri xəstəxanada onunla görüşməyə gələn qeyri-hökumət təşkilatı nümayəndələrinə söyləyən İsmayılov bildirir ki, o, bölgədəki məmur özbaşınalığı, korrupsiyayla bağlı Prezident Aparatına, hüquq-mühafizə orqanlarına şikayət məktubları yazdığı üçün yerli polisin qəzəbinə gəlib. Deyir ki, onu Polis İdarəsinə aparıblar və təkid ediblər ki, Naxçıvanda heç bir problemin olmadığını yazsın. Bundan imtina edəndə isə onu Ruhi Xəstəxanaya göndəriblər.


Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin direktor müavini İlqar Nəsibovun dediyinə görə, onlar faktı dəqiqləşdirmək üçün xəstəxanada Ələsgər İsmayılovla görüşüblər: «Özünü tibb bacısı kimi təqdim edən bir xanım Ələsgər İsmayılovu xəstəxanaya polislərin gətirdiyini bildirdi».


Polis vətəndaşı ruhi xəstəxanaya göndərə bilərmi? «Viza» hüquq firmasının rəhbəri Aslan İsmayılov deyir ki, əgər saxlanan şəxsin səhhətində hər hansı problem varsa, onun qohumları çağırılmalı və məsələ məhkəmə müstəvisində həll edilməlidir.


Ələsgər İsmayılovun qohumlarının isə onun Ruhi Xəstəxanaya göndərilməsindən xəbərləri belə olmayıb. Həmin vaxt həyat yoldaşı Bakıda, qızı isə Naxçıvandaymış. Ələsgər İsmayılovun qızı Nektarə xanım deyir ki, ixtisasca həkim olan atasında heç vaxt ruhi xəstəlik əlaməti hiss etməyiblər.


Səhiyyə Nazirliyindən bildirirlər ki, hadisə barədə onların məlumatı yoxdu və bununla bağlı araşdırma aparırlar. Nazirlikdən onu da deyirlər ki, «Psixiatriya haqqında» qanuna görə, əgər məhkəmə Ələsgər İsmayılovu cəmiyyət üçün təhlükəli adam saymırsa, ailəsinin onu Ruhi Xəstəxanadan çıxarıb öz himayəsinə almaq hüququ var.


Ələsgər İsmayılovun Naxçıvan Ruhi Xəstəxanasına hansı hüquqi sənəd əsasında aparıldığını isə dəqiqləşdirmək mümkün olmadı. Çünki xəstəxanadan rəhbərliyin kollegiya iclasında olduğunu, səhiyyə müəssisəsində isə yalnız tibb bacılarının qaldığını bildirdilər.


Prezident Aparatının İctimai-Siyasi Şöbəsinin əməkdaşı Nazim İsayev isə hadisə haqqında mətbuatdan xəbər tutduğunu, amma yetərincə məlumatlı olmadığı üçün bunu şərh edə bilməyəcəyini bildirir: «Məsələyə hüquqi qiymət veriləcək».


Naxçıvanda həbs olunan digər şəxs isə AXCP üzvü, Şərur rayon sakini, «Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyevdir. Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin direktor müavini İlqar Nəsibovun dediyinə görə, o, bu günlərdə «Azadlıq» radiosuna müsahibə verdiyi üçün yerli hüquq-mühafizə orqanlarının diqqətini cəlb edib. Yeri gəlmişkən, Naxçıvandan hazırlanan xüsusi reportajda Həkimeldostu Mehdiyev Muxtar Respublikanın problemlərini qabardıb.


İlqar Nəsibov deyir ki, sentyabrın 22-də Həkimeldostu Mehdiyev Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinə çağırlıb. Uzun müddət burda dindirildikdən sonra sərbəst buraxılıb, amma ertəsi günü polisə çağırılıb. Xanımı Arzu Mehdiyeva deyir ki, həyat yoldaşı polisə müqavimət göstərməkdə təqsirləndirilir.


Naxçıvanda saxlanan müxalifətçilərin heç birinin vəkili yoxdu. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Həkimeldostu Mehdiyev onların əməkdaşı olduğundan onun hüquqlarının müdafiəsini təşkil edəcəklər, amma tanınmış vəkillərin heç biri Naxçıvana getmək istəmir.


Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin direktor müavini İlqar Nəsibov isə deyir ki, onlar hər iki şəxsin həbsiylə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə məlumat veriblər və bu həftə ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndələrinin Muxtar Respublikaya səfərini gözləyirlər. Ümid edirlər ki, diplomatlar təzyiqə məruz qalan müxalifətçilərin məsələsini Muxtar Respublikanın rəhbərliyilə müzakirə edəcəklər.


Günün bütün mövzuları

XS
SM
MD
LG