Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 23:59

«Telefon terroru ölkəni bürüyüb»


Bomba qoyulması barədə naməlum zəng edən şəxslərin hər ikisi yaxalanıb

Bomba qoyulması barədə naməlum zəng edən şəxslərin hər ikisi yaxalanıb

Dövlət strukturları terror təhdidi ilə üzləşiblər. Dünən səhər saatlarında Bakı Dövlət Universitetinə bomba qoyulması xəbəri yayıldı. Naməlum şəxs 28-ci polis bölməsinə telefon açaraq, BDU-nun birinci korpusuna bomba yerləşdirilməsi haqda məlumat verib. Dərhal Yasamal Rayon Polis İdarəsinin əməkdaşları adıçəkilən ünvana gələrək, əməliyyata başlayıblar. Axtarışlardan sonra məlumatın yalan olduğu aşkarlanıb. Təxminən iki saat sonra isə universitetin birinci korpusuna partlayıcı maddə yerləşdirilməsi barədə polisə yalan məlumat verən şəxs saxlanılıb.


Sabiq polis əməliyyatçısı Mahmud Hacıyev «Yeni Müsavat»a bildirib ki, burada motiv qisasçılıq ola bilər: «Təcrübəyə görə, çalışdığı idarə, müəssisə və ya təşkilata bomba qoyulması barədə polisə xəbər verən şəxslər çalışdığı qurumun rəhbərliyi tərəfindən incidilən şəxslər olur. Rəhbərliklə konflikti olan, yaxud haqsız incidilən adamlar bu varianta əl ataraq, müdiriyyəti qorxutmağa, gərgin vəziyyətdə saxlamağa çalışırlar. Fikirləşirlər ki, bir-iki gün müəssisədə iş dayanacaq, müdiriyyəti incidəcəklər və s.»


«Azadlıq» qəzeti yazır ki, Elton Con Bakıda nisyə oxuyacaq. Qəzetin iddiasına görə, tələbə və şagirdləri zorla konsertə gətirmək tapşırığı verilib. Eyni zamanda büdcə təşkilatlarına isə zorla 500 min manatlıq bilet paylanıb.


«Azadlıq» yazır ki, «nə qədər qəribə görünsə, konsertin təşkilatçısı Heydər Əliyev Fondu, sponsoru isə Dövlət Neft Şirkətidir. Artıq bir aydır ki, stadionda bununla bağlı hazırlıq işləri aparılır. Elton Conun konserti üçün avadanlıqlar ABŞ və Türkiyədən gətirilib. Lakin maraqlıdır ki, uzun müddət Elton Conun konserti ilə bağlı dəbdəbəli təbliğat aparılsa da, çox az bilet satılıb. Hətta aldığımız məlumata görə, satılan biletlərin sayı 2 mindən çox deyil. Respublika Stadionu isə 29 min yerlikdir. Tədbir təşkilatçıları əlavə olaraq 6 min oturacaq da quraşdırtdırıblar. Nəticədə stadion 35 min yerlik olub. 35 minlik yerə 2 min biletin satılması faktiki konsertin baş tutmaması deməkdir. Bu məqam isə hakimiyyət dairələrini ciddi narahat edib.


Bu barədə aldığımız məlumata görə, artıq iki gündür ki, büdcə təşkilatlarına ciddi təzyiq göstərilir. İlkin olaraq stadionda öndə quraşdırılmış 6 min biletin satılmasına qərar verilib. Məlumatlarda bildirilir ki, tədbir təşkilatçılarının təzyiqi ilə birinin qiyməti 800 manat olmaqla nazirliklərin, dövlət komitələrinin, konsernlərin, səhmdar cəmiyyətlərin hər birinə 50 bilet paylayıblar».


Milli Məclisin orqanı olan «Azərbaycan» qəzeti son səkkiz ayda əhalinin gəlirləri 38,1 faiz çoxaldığını yazır.


«Dövlət Statistika Komitəsindən verilən məlumatda qeyd edilir ki, cari ilin səkkiz ayında ölkə əhalisinin adambaşına düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz artaraq 958 manata çatıb və ayda orta hesabla 119,5 manat təşkil edib».


Rəsmi dövlət qəzeti iddia edir ki, əmanət və kapital yığımına yönəldilən vəsaitin xüsusi çəkisi ötən ilin eyni dövründəkinə nisbətən 2,2 faiz bənd artıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG