Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

«Mən davamlı şəkildə hökumətdən xahiş edəcəyəm ki, jurnalistləri buraxsın»


«Jurnalistlərə səhvləri, bəyanatları və fikirlərinə görə cinayət işi açılır»
«Jurnalistlərə səhvləri, bəyanatları və fikirlərinə görə cinayət işi açılır»

«Azərbaycanda medianın vəziyyəti yaxşılaşmayıb. Bir çox jurnalistlər həbsdədir, onlara səhvləri, bəyanatları, fikirlərinə görə cinayət işi açılır. Cinayət Məcəlləsindən müvafiq müddəalar çıxarılmayıb. Bunu Azərbaycanın da üzvü olduğu beynəlxalq təşkilatlar, Avropa Şurası tələb edir». Bunu «Azadlıq» radiosuna eksklüziv müsahibəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti deyir: «Öz media azadlığı, demokratiyası ilə fəxr edən ölkədə jurnalistlər fikir səhvlərinə, mədəniyyət, din barədə qeyri-adi fikirlərinə, hökumət rəsmilərini tənqidinə görə cəzalandırılmamalıdır».


Mikloş Haraştinin dediyinə görə, o, inanır ki, Azərbaycan hökumətinin böhtan və təhqirə görə müddəaları Cinayət Məcəlləsindən çıxarmaqdan başqa yolu yoxdur: «Bu pis qanunların qurbanı olan jurnalistlərin həbsdən buraxılacağına inanıram. Mən davamlı şəkildə Azərbaycan hökumətindən xahiş edəcəyəm ki, jurnalistləri buraxsın. İnanıram ki, bu, yerinə yetiriləcək. Çünki bu, ATƏT-in və Avropa Şurasının birgə standartıdır, Azərbaycan da hər iki təşkilatın yaxşı üzvüdür».


Hazırda Azərbaycanda 7 jurnalist böhtan və təhqirə görə həbsdədir. «Gündəlik Azərbaycan» və «Realnı Azərbaydjan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevə bundan başqa terrorizmi qızışdırmaq və vergidən yayınma ittihamları ilə də cinayət işi açılıb.


Azərbaycan qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun fikrincə, beynəlxalq təşkilatlar həbsdəki jurnalistlərlə bağlı kifayət qədər məlumatlı deyillər deyə bəyanatlar verirlər. Məsələn, onlar bir dəfə də olsun Mətbuat Şurasının üzvləri ilə görüşüb bu jurnalistlər haqqında ətraflı məlumat almağa çalışmayıblar: «Bu gün çağırışla jurnalisti həbsxanadan buraxmaq olmaz. Jurnalistlər mühakimə olunub, məhkəmənin araşdırması, qərarı olub, bu qərara hamı, hətta əcnəbilər də hörmət etməlidirlər».


Bəxtiyar Sadıqov deyir ki, Azərbaycan cəmiyyəti «Diffamasiya haqqında» qanunu qəbul etmək üçün tələb olunan səviyyəyə çatmalıdır.


«Beynəlxalq təşkilatların Azərbaycanda söz azadlığının, medianın durumuna dair bəyanatları ölkənin beynəlxalq imicinə, nəticədə Azərbaycanın Qərbə inteqrasiyasına zərər vurur». Bunu isə Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir. Onun sözlərinə görə, beynəlxalq qurumlar əslində, mümkün olanı edirlər, əsas reaksiyanı cəmiyyət özü verməlidir: «Bizim cəmiyyətin çox kiçik bir hissəsi bu məsələyə etiraz bildirir ki, bu da, hökumətin müəyyən addımlar atması üçün yetərli deyil. Daxildən basqı olmadığından hökumət özünü çox rahat hiss edir».


Hazırkı durumdan çıxış yolunu bütün tərəflər ancaq prezidentin öz səlahiyyətlərindən istifadə edib, həbsdəki jurnalistləri əfv etməsində görür. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti də «Azadlıq» radiosuna müsahibəsində bu fikri bölüşür, ümid edir ki, yaxın gələcəkdə prezident bu addımı atacaq. Mikloş Haraşti yaxın 1-2 ayda Bakıya gəlməyi planlaşdırır, ümidini bildirir ki, bu vaxt ərzində medianın vəziyyəti, xüsusilə də həbsdəki jurnalistlərlə bağlı vəziyyət düzələcək.


Bəs ATƏT seçkiöncəsi Azərbaycanda medianın vəziyyətinin yaxşılaşdırılmasına hansısa formada təsir edə bilərmi?


Mikloş Haraşti «Azadlıq» radiosuna deyir ki, ATƏT, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu medianın vəziyyətini daim nəzarətdə saxlayır. Onlar seçkinin uzunmüddətli monitorinqini aparırlar. ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsinin ofisi də vəziyyəti öyrənəcək.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG