Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:33

İsveçli rəssamın karikaturası qalmaqal yaradıb


İsveçli karikaturaçı Lars Vilks, 15 sentyabr 2007

İsveçli karikaturaçı Lars Vilks, 15 sentyabr 2007

Sentyabrın 18-də isveçli rəssam Lars Vilks Stokholmdakı seminarda müsəlman aləminə yenidən çaxnaşma salan karikaturasını nümayiş etdirib. Söhbət Məhəmməd peyğəmbərlə bağlı karikaturadan gedir. Bu dəfə peyğəmbərin başı it bədəninin üstündə təsvir olunub.


Rəssam Lars Vilks bu karikaturanı bir neçə ay öncə, yay incəsənət sərgisində nümayiş etdirmək üçün çəkmişdi. Məqsədi də, özünün dediyi kimi, incəsənətdə azadlığın sərhədsiz olduğunu göstərmək olub:


«Əsas məqsəd incəsənət aləmində nəyin mümkün olduğunu yoxlamaq idi. Çünki peyğəmbəri it şəklində təsvir etməyin siyasi cəhətdən düzgün olmadığını bilirdim. Mən sərgiyə it mövzusuna qatılmaq üçün dəvət olunmuşdum. Bu mövzuda üç rəsmim var idi, amma nəticədə sərginin rəssamları mənim karikaturalarıma senzura qoydu. Səbəb isə təhlükəsizlik idi».


Amma çox keçmədi ki, bu karikaturalar dünya mediasının diqqətini çəkdi. İsveçdə nəşr olunan «Nerikes Allehanda» qəzeti özünüifadə azadlığı və senzura ilə bağlı hissədə bu karikaturalardan birini nəşr etdi. Və hər şey də bundan sonra başladı.


Pakistan və İranda yerli müsəlman qrupları etiraz etdilər.


Camal Lamhamdi qəzetin nəşr olunduğu İsveçin Orebro şəhərində İslam Mədəniyyət Mərkəzinin nümayəndəsidir. O, deyir ki, müsəlmanların çoxsaylı narazılıqlarından sonra qəzetin redaktoruna məktub göndərib və onunla danışıb:


«Orebroda müsəlman icması ondan üzrxahlıq etməyini istədi, amma o, üzr istəmədi, dedi ki, bu, ölkədəki azadlığın bir hissəsidir. Biz də dedik ki, biz də bu azadlığın bir hissəsiyik, biz müsəlmanıq, bu ölkədə yaşayırıq. Bütün qanunlara əməl edirik, amma hər şeyin bir həddi var. Siz kimisə lağa qoya bilməzsiz. Bu, çox ciddidir. Məktubdan sonra mən ona dedim ki, biz etiraz nümayişi keçirəcəyik, çünki şəhərdə hamı acıqlı idi».


Bu cür karikaturalar hələ 2005-ci ilin sonunda Danimarka qəzetində də dərc olunmuşdu. Karikaturaların birində Məhəmməd peyğəmbərin başında bomba formalı çalma var idi.


Amma danimarkalı həmkarından fərqli olaraq İsveçin Baş naziri Fredrik Reinfeldt məsələyə daha tez reaksiya verdi.


Baş nazir bu yaxınlarda 20-dən çox müsəlman ölkəsinin səfiri ilə görüşdü, insanların təhqir olunduğuna görə təəssüfləndiyini bildirdi, amma eyni zamanda fikir azadlığını da müdafiə etdi.


O, həmçinin müsəlman qrupları ilə də görüşdü. İslam Mədəniyyət Mərkəzinin nümayəndəsi Lamhamdi deyir ki, müsəlmanlar bu görüşdən məmnun qalıblar.


Lamhamdi bildirir ki, İsveçdə yaşayan bəzi qeyri-müsəlmanlar da ona bu məsələ ilə bağlı təəssüfləndiyini bildiriblər. Amma Lamhamdinin dediyinə görə, əgər bu cür karikaturaların nəşri davam edərsə, bu, müsəlman və qeyri-müsəlmanlar arasındakı əlaqələrə mənfi təsir göstərə bilər.


Bəs görəsən Vilks necə, bu cür karikaturalarının nümayişini davam etdirəcəkmi?


«Mənim fikrimcə, bu yeganə şeydir ki, biz ona görə mübarizə aparmalıyıq. Biz demokratiya uğrunda mübarizə aparmalıyıq. Əgər başqa qüvvələr bizim Qərbdə malik olduğumuz azad söz və demokratiya ilə bağlı standartlara məhdudiyyət qoymaq istəyirsə, biz «yox» deməliyik.


Sentyabrın 18-də yenidən karikaturasını nümayiş etdirən Vilks deyir ki, polisin məsləhət gördüyü kimi gizlənmək fikrində deyil, amma təhlükəsizliyini gücləndirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG