Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:31

Nigeriya yox, Balaxanı modeli…


Balaxanı zibilliyi camaatın əsas dolanışıq yeridir
Balaxanı zibilliyi camaatın əsas dolanışıq yeridir

«O vaxt Azərbaycan, ya Bakı deyəndə tanımırdılar. Balaxanını isə tanıyırdılar. Balaxanı milyonçuları burdan Fransaya şam etməyə gedirdilər. Burdan gedərdilər ağ kostyumda, panamada, gəmidən düşəndə isə üz-gözlərinə nöyüt vurardılar ki, desinlər Balaxanı milyonçuları gəlir. Onlar çörək verəniydilər, yetim-yesirə əl tuturdular. Şüşə salan gəlirdi. Milyonçu çıxarıb pul verirdi, götürməyəndə, aynabəndin şüşələrini vurub sındırardı, beləcə, şüşəsalan da pul qazanırdı…»


Taksi sürücüsü olan həmsöhbətim Balaxanının yüz-yüz əlli il əvvəlki keçmişini xiffətlə xatırlayır. Balaxanı Bakı ətrafındakı kəndlərdəndir, Bakıda ilk neft quyuları burda fontan vurub, ölkənin ilk milyonçuları burdan çıxıb. Azərbaycanda birinci neft bumunu başlananda, XIII əsrdən neft çıxarılan bu kənd də özünün ən gözəl dövrünü yaşayıb.


Həsən kişinin dostu Məmməd əmi deyir ki:


«Rus gəlməsəydi bura Küveyt olacaqdı».


Həsən əmisə danışır ki, vaxtilə Balaxanı camaatı yağ-bal içində yaşayarmış, hətta varlılar elə ağlasığmaz işlər görərmişlər ki, onlara el arasında yekəxana balaxanılı deyərmişlər. Onun eşitdiklərinə görə, ötən əsrin əvvəllərində Balaxanıdan olan neft milyonçularından biri sərxoş halda evinə gedərkən azır və yolunun üstünə bir hasar çıxır. Həmin milyonçu evinə getmək üçün yoldan ötənlərə pul verir ki, bu hasarı dağıtsınlar. Həsən kişi deyir ki, indi həmin milyonçuların nəticələri, kənd camaatının təxminən 40 faizi Balaxanı yaxınlığındakı zibil poliqonuna dolanışıq yeri kimi baxır.


«Plastik şüşə yığırlar. Biri köhnə pulla 400 manata, amma nə qədər yığmalıdırlar ki, 1 manat etsin?»


Balaxanının şan-şöhrətli keçmişindən qalan XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilən, el arasında «qırmızı evlər» kimi tanınan ikimərtəbəli binalar, bir də üstü ötən əsrin iyirminci illərində sementlənmiş neft quyularıdır. Sovetlərin süqutundan sonra həmin dədə-baba malını qaytarmaq mümkün olmayıb, torpağın təkindəki sərvət dövlətə məxsusdur.


İkinci bum


İndi müstəqil Azərbaycan ikinci neft bumunu yaşayır. Bu dəfə neft ayrı-ayrı əllərdə deyil, dövlətin əlindədir. Ötən əsrin əvvəllərində olduğu kimi Bakı yenə də sürətlə dəyişir. Dünyanın nüfuzlu otel şəbəkələri, Avropanın, ABŞ-ın tanınmış şirkətləri burda yerləşməyə başlayır, azərbaycanlı müştərilərin zövqünü oxşayan bahalı restoranların, elitar klubların, mağazaların, gözəllik salonlarının sayı günbəgün artır, geyim, zinət, telefon, mebel istehsalı ilə məşğul olan məşhur firmalar eksklüziv mallarının bir və ya bir neçə nüsxəsini artıq Bakıya da göndərirlər. Bu gün Bakıda «Emporio Armani» mağazasında bir dəri çanta 1600 manat, sadə kişi köynəyi 500 manat, ayaqqabılar 500-1000 manat, yundan hazırlanan kostyumlar 1500-3500 manat arasındadır.


«-Ən bahalı malınız hansıdır?


-Mallarımızın hamısı eksklüzivdir».


Möhübbət kişi uşaqların hay-küyündən pərt olsa da, özünü o yerə qoymayıb gülməyə çalışır
Cəfər Cabbarlı küçəsində yerləşən qab-qacaq dükanının vitrinindəki zərif, hər cür zövqə uyğun, klassik və avanqard üslubda, orijinal əşyalar küçədən keçənlərin diqqətini cəlb etməyə bilmir, bu əşyalar tez-tez yenilənir. Burdakı satıcı qızlar müştəridən şikayətlənmirlər, deyirlər iki gün əvvəl Yaponiya istehsallı yemək dəstini 12 min manata satıblar. Mağazada farfordan hazırlanmış, qızılı işləməli yemək, çay və qəhvə dəsti var ki, 8000 manatadır.

Bu gün Azərbaycanda yeni bir təbəqə formalaşmaqdadır, onu tam anlamda burjua təbəqəsi adlandırmaq olarmı, demək çətindir. Ancaq artıq bu təbəqənin zövqünü oxşamaq üçün dünyanın məşhur sənətçiləri Bakıda konsertlər verirlər. Rok və pop musiqiçisi Elton Conun sentyabrın 23-dəki konsertinə qiymətlər 30 manatdan başlanır. Sonuncu qiymət 500-800 manat arasındadır. Bu isə Azərbaycanda fantastik sayıla biləcək qiymətlərdir.


«Biz Azərbaycanda insan kimi yaşamırıq...»


«Bura imkansızlıqdan gəldik... 80-100 «şirvan»a kirayə verə bilmədik, burda birtəhər daxma qaraltdıq...»


Bura Balaxanının yaxınlığında, qanunsuz salınmış neft qoxulu qəsəbədir, rəsmi sənədlərdə adı yoxdur, el arasında ikinci mədən ərazisi deyilir. Burda yüzlərlə neft buruğunun, onlarla neft gölməçəsinin yaxınlığında elə yüzlərlə də ev tikilib. Sənədsiz filansız… Bu evlərin yan-yörəsi, taxta parçaları, kartonla, paslı dəmirlə, kisə cırıqları, damı sellofanla yamanıb. Burda evlər o qədər sıx tikilib, həyətləri o qədər dardı ki, sovetlərin dövründəki kommunal mənzilləri xatırladır. Adama elə gəlir ki, burda adamların nəyi varsa ümumidir. Evləri, hamamları, həyətləri, (əgər varsa təbii, çünki burda çox vaxt həyətin uzunluğu bir-iki metrdən çox olmur), dərdləri və gün-güzəranları da ümumi və oxşardır. Kimi dindirsən, «salam-əleykdən» sonra dərhal deyəcək, imkansızlıqdan burda yurd salmışıq.


«İmkansızlıqdan gəldik. Yaşayış yeri deyil bura… Dörd tərəfimiz neftdir. Amma biz Azərbaycanda insan kimi yaşamırıq...»


İki-üç milyon avroluq sifariş


Bakının mərkəzində yerləşən «Muzeium» mebel mağazasında çalışan Marina Qarayeva deyir ki, onlar 3-4 mərtəbəli bir evin dizaynına, eksklüziv şəkildə döşənməsinə görə iki-üç milyon avroluq sifariş alırlar. Bunun üçün əvvəlcə xaricdən, özü də adətən İtaliyadan mütəxəssis dəvət edirlər. Standart dizayn üçün bir ay, eksklüziv dizayn üçün beş ay möhlət istənir.


Bu mağazada inək dərisindən hazırlanmış xüsusi mebel dəstinə uyğun adi foto çərçivənin qiyməti 600 avrodur, «svarovski billuru»ndan çilçıraq və ona uyğun seçilmiş İran xalçasının qiyməti isə 600 min avro. Şərq üslubunda hazırlanmış, qırmızı rəngli, qızıl suyuna çəkilmiş yataq dəsti isə təxminən 80 min avroya başa gəlir. Mağaza sahibləri müştərilərə Şərq və ya Qərb, klassik və ya avanqard və ya bütün bunların qarışığından ibarət dizaynda mebellər təklif edirlər, billur muncuqlarla bəzənmiş, gümüş və ya qızıl suyuna çəkilmiş yumşaq və ya yataq dəsti haqda, yaxud mərmərlə işlənmiş zalın döşənməsi barədə deyilənlərsə başqa bir aləmdir.


Bakıda gözqamaşdıran tikililərin sayı durmadan artır. «New -Europe» daşınmaz əmlak şirkətinin şöbə müdiri Samir Axundov deyir ki, bu cür mənzillərdə bir kvadrat metrin qiyməti 3500 manatdan başlanır. Və bu qiymətlər 10 min dollara qədər artır. «Bəzən nüfuzlu şirkətlərin inşa etdiyi binada müştərilər kvadrat metrə görə 15-20 min dollar da ödəməyə hazırdırlar» deyir Samir. «Nizami» küçəsindəki yeni tikilidə mənzillərin qiyməti mərtəbələr artdıqca 7-8 min dollar arasında dəyişir.


Samir Axundov deyir ki, indi Bakıda ən bahalı torpaq sahələri metronun «Gənclik» stansiyasının yaxınlığındakı Teymur Əliyev küçəsindədir.

Sakinlər deyir ki, bu, yaşamaq deyil «it əzabı»dır
Burda torpağın sotunun qiyməti 300-400 min manatadır. Sonrakı yerdə Hüseyn Cavid prospektindəki «Şüşəli bazar»ın yaxınlığındakı, bir də 6-cı mikrorayonda, keçmiş «Vorovski» küçəsindəki torpaq əraziləri gəlir. Bakı ətrafındakı Mərdəkan, Şüvəlan, Bilgəhdə isə torpağın sotu 15-20 min manat arasındadır. Şüvəlanda torpağın bahalığına səbəb havası-suyu, dənizin təmizliyi ilə yanaşı ölkə başçısının, onun yaxın qohumlarının, həmçinin bəzi nazirlərin də burda yerləşən malikanələri, yolların qismən abadlaşdırılması, küçələrin işıqlandırılmasıdır.


Prezidentin qudası Araz Ağalarov və nazir Ziya Məmmədovla qonşu olduğunu deyən kişi bunun üstünlüklərini sadalayır: «Ziya Məmmədov hasarımı uçurtdu, üç metrlik hasar ucaltdı, həyətdə gecə-gündüz mühafizə var, mənim bağımdan da muğayat olurlar».


Yeri gəlmişkən, son zamanlar yeni azərbaycanlılar həyət-bacanı qorumaq üçün modern avadanlıq, gizli və aşkar çəkiliş aparan kameralar, peşəkar mühafizə xidmətindən yararlanmaqla yanaşı, cins itlər də saxlamağa üstünlük verirlər. Bu cür evlərin tikintisində çalışan Mirzə bu haqda danışır:


«Bir itin saxlanması, aylıq həkimdən keçirilməsi üçün 500 manat pul lazımdır. Özü də birini yox, iki-üçünü saxlayırlar...»


«Bu it əzabıdır...»


Həyatından şikayətlənən və onu it əzabı ilə müqayisə edən Möhübbət kişidir. Bakıya Masallıdan gəlib. Ailəsi ilə birgə o da Balaxanıdakı buruq və neft gölməçələrinin yanında salınmış gecəqondu qəsəbəsində yaşayır. Balaxanı zibil poliqonunda yaşayır. Yaşı 60-ı ötmüş, sifəti qırış-qırış, sadəlövh uşağa oxşayan Möhübbət kişi elə bil danışmağı da yadırğayıb. Kəlmələri qırıq-qırıq deyir, fikrini izah etmək üçün çətinlik çəkir.


«İt əzabı yaşayıram, çörək üçün gəlmişəm...»


Balaxanı zibilliyinə addım atdığın an polislər qayğıkeşliklə xəbərdarlıq edirlər, təhlükəlidir, diqqətli olun! Havadan zəhrimar yağır. Bir yandan baş çatladan üfunət və çürüntü iyi, o biri yandan milçək sürüsü, illərdi üst-üstə yandırılan zibil külü isə havada uçuşur, hər nəfəs alanda bu qoxu və kül ciyərinə hopur, boğazını yandırır, ürəyini bulandırır. Burda hər an insan sağlamlığı üçün zərərlidir, amma burda işləyən kişi-qadın, cavan-yaşlı buna alışıb. Bircə alışmayan balaca Səbinədir.


«…bura pisdi»


«Elə olur zəhərlənirəm. Pisdi bura, kim istər burda işləsin? Bir az böyüyüm gəlməyəcəyəm».


Balaca Səbinənin 10 yaşı var, 17 yaşlı Gülər də zibil poliqonuna gələndə təxminən bu yaşda imiş, o da işə başladığı ilk gündən özünü inandırırmış ki, tezliklə burdan gedəcək, başqa iş tapacaq. Amma hələ də burdadır. Bu zibilliyə heç cür yaraşmayan, sədəf kimi dişləri, şirin danışığı və bir də məsum təbəssümü olan bu qızcığazı eyni taleyin gözləməsinə inanmaq istəmirsən. Bir gün yeniyetmə yaşına çatanda Səbinənin də Gülər kimi utanıb fotoaparatdan qaçacağını, üz-gözünü bərk-bərk sarıyacağını, «mən başqa iş bilmirəm, hara gedim» deyəcəyini düşünmək də istəmirsən. Gülər isə taleyi ilə barışıb. Deyir: «Yoxa lənət!»


Bura onlara doğmadır. Gündəlik alüminium, sellofan, plastik və şüşə qablar toplamaqla yanaşı gözləri zibilliyə atılmış ərzaq da axtarır.

17 yaşlı Gülər 10 yaşından zibil poliqonunda işləyir
Mağazalardan müsadirə olunan vaxtı ötmüş ərzaq məhsulları, şirələr bir andaca mənimsənir, naharı elə burdaca edirlər. Ona görə tez-tez zəhərlənən də olur.


«Bax bu qarpızı qoyub ki, evinə aparsın...»


Uşaqlar Möhübbət kişini nişan verirlər. Möhübbət kişi uşaqların hay-küyündən pərt olsa da, özünü o yerə qoymayıb gülməyə çalışır. Onun zibillikdə tapdığı qarpız isə çoxdan ömrünü başa vurub, rəngi tamam solub, qabığı büzüşüb, üstündəki yaşıl zolaqlar isə yoxa çıxıb.


Möhübbət kişinin yaşadığı ikinci mədən ərazisində tikilən evlərin kanalizasiyası isə küçə ilə axır, camaat indi yığışıb xətt çəkmək istəyir, asfalt döşənməyən küçələrdə isə yayda toza, qışda palçığa batırsan. Suya həsrət evlərin həyətlərində bircə yaşıllıq da gözə dəymir. Yalnız bir yerdə paslı dəmirlə hasara alınmış bir metrlik ərazidə qup-quru qurumuş, rəngi qəhvəyiyə çalan iki günəbaxan görünür, elə bil neftin rəngi günəbaxana hopub. Deyirlər, torpaq neftlə çirkləndiyindən burda çalışsalar da ot-ağac bitirə bilmirlər. «Nə əkirsən quruyur...»


Feodal qəsri


«İki-üç ilə bar verəcək on banan ağacını isə xüsusi təyyarədə 200 min dollara gətiriblər». Bunu da Mirzə deyir. Danışır ki, ev sahibi Yaponiyadan bir çiçəyin toxumunu 2000-3000 dollara, Rusiyadan bir şam ağacını 700 dollara gətirdib.


Rəsmi şəkildə Azərbaycanda milyonçu yoxdur. Bir neçə il əvvələ kimi Azərbaycanda milyon dollara ev satılması nadir hadisə sayılardı, bu günsə qəzetlərdə dörd-beş milyon dollara malikanə satılması barədə elanlar adiləşib. Dörd-beş mərtəbəli bu evlər bəzən elə hasarlanır ki, elə bir mühafizə xidməti qurulur ki, elə bil feodal qəsridir.


Amma o üzdən soraq gətirən var. Mirzə tikinti şirkətlərindən birində çalışır və belə evləri öz əlləri ilə tikənlərdəndir. O, deyir ki, bu cür evlərdə adətən: «Tikinti materialı xaricdən gətirilir. Məsələn, yaşıl mərmər var ki, onun qırx santimetrinin qiyməti 80-100 dollaradır. Ondan yüzlərlə kvadrat metr üçün istifadə olunur. Döşəməyə isə daha çox Rusiyadan gətirilən «qızıl şam»dan parket vurulur. Azərbaycanda taxtanın kubu 170 dollaradırsa, onun kubu 800 dollara çıxır. Divar kağızı var, 7 qatdır. Bu gün sarıdır, iki il sonra üst qatı çıxart başqa rəng alsın və beş qat qalsın… Adi su hovuzu 150 min dollara başa gəlir...»


Mirzə danışır ki, dizaynına, döşənməsinə milyonlar xərclənən malikanələrdə elə əyləncə üçün də yetərincə pul xərclənir. Bir neçə il qabağa kimi adətən iri malikanələrdə heyvan və quş heykəlləri qoymaq, süni şəlalə, dağ və qayalıq yaratmaq dəbdə idisə, indi ev sahibləri böyük heyvanxanalar yaradır, min bir bitkinin becərildiyi bağlar salırlar. Həmin heyvanxanalarda nə yoxdu ki, quşundan, ilanından, meymunundan tutmuş canavara, pələngə kimi.


Gecəqonduların sayı da göydələnlər kimi artır


Azərbaycanda bu gün bir yanda firavan, parıltılı həyat sürənlər, o biri yanda səfalət içində çarpışanlardır. Bu gün Bakının ətrafında kasıb məhəllələrin, qanunsuz gecəqonduların sayı, paytaxtın mərkəzindəki göydələnlər qədər sürətlə artmaqdadır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda əhalinin təxminən 20 faizi yoxsulluq həddində yaşayır. Yoxsul təbəqənin gündəlik gəliri bir dollardan çox deyil. Azərbaycan hökuməti yoxsulluğun ləğvi haqda proqram reallaşdırır. Rəsmi məlumatlara görə, yoxsulluğun səviyyəsi 49 faizdən 20 faizə enib.


Bəzi mütəxəssislər isə rəsmi rəqəmləri şübhə altına salırlar, onların qənaətincə, Azərbaycanda yoxsulların sayı daha çoxdur. Bu cür düşünənlər əsasən minimum əmək haqqı ilə minimum istehlak zənbili arasındakı uyumsuzluğu müqayisə edirlər. Bu gün minimum əmək haqqı 50 manatdırsa, bir adamın aylıq tələbatını ödəyəcək istehlak səbəti təxminən 110 manatdan hesablanır. Yəni minimum əmək haqqı alanlar günə heç iki dollar da xərcləyə bilmirlər.


«Bura imkansızlıqdan gəldik... 80-100 «şirvan»a kirayə verə bilmədik, burda birtəhər daxma qaraltdıq...»
İnşaatçı Mirzə danışır ki, işlədiyi malikanələrdə mətbəxdəki çəngəl-bıçaq bir yana, vanna otağındakı əşyalar, məsələn, su kranı, əl-üz yuyan belə qızılı işləmələrlə olur. Avropadan gətirilən son model avadanlığı quraşdırmaqda bəzən yerli mütəxəssislər aciz qalır, xaricdən peşəkar dəvət edirlər.


Burda torpaq ağac bitirmir


«İyi görmürsüz. Ağırdır, neftin iyidir… Burda yaşamaq olmur. Səhərə yaxın dərinin üstündə yağlı ləkə əmələ gəlir. Neftdəndir. Yuyunanda bədənin qızarır… Balaca oğlum xəstədir, həkimə aparmaqdan təngə gəlmişəm».


Neftdən və onun ağır qoxusundan şikayət edənlər Balaxanı yaxınlığında, ikinci mədən ərazisi kimi tanınan, buruqların və neft gölməçələrinin iki addımlığında yurd salanlardır. Burda hər qarış, torpaq da, hava da neft qoxuyur, neftə bulanıb. Bu üzdən də torpaq ağac da bitirmir. Bura təzəcə gələn adam üçün nəfəs almaq çətindir, bu ağır qoxu tədricən tənəffüs orqanlarına çökür, sonra da yandırmağa başlayır. Amma burdan heç kim köçmək istəmir, işığı, suyu olmasa da, yoluna asfalt döşənməsə də... Köçmürlər və bu evlərin söküləcəyindən çox qorxurlar, köçəcəkləri yer yoxdur çünki...


«Dörd tərəfimiz neftdir, amma adam kimi yaşaya bilmirik»


Ötən əsrin 90-cı illərində «Əsrin müqaviləsi» bağlananda Azərbaycanda ölkə başçısı da, naziri də, varlısı da, kasıbı da, lap ziyalısı da gözünü neft gəlirlərinə dikmişdi. Çoxlarına elə gəlirdi ki, Bakı-Tbilisi-Ceyhan borusundan neft axmağa başlayan kimi azərbaycanlılar süd gölündə üzəcəklər. Bəzi neft ölkələrində olduğu kimi Azərbaycanda da gəlirlər bərabər şəkildə ölkə əhalisi arasında paylanacaq. İlkin hesablamalara görə, bu halda 8 milyondan artıq əhalinin yaşadığı Azərbaycanda adambaşına təxminən 25-30 min dollar düşəcəkdi ki, bu da çətin kiminsə dərdinə dərman olsun. Çünki əllərdə bu məbləğin olması inflyasiyanı sürətləndirə bilərdi… Hərçənd «Himayədar» Humanitar İctimai Birliyin rəhbəri Himayət Rizvanqızına görə, neft gəlirləri artdıqca inflyasiya da artır və əksər neft ölkələrinin qaça bilmədiyi aqibət-neft lənətinin konturları görünür. Himayət Rizvanqızının sözlərinə görə, hökumət süni surətdə dolların kursunu sabit saxlamağa çalışsa da, bunun üçün iki il öncə 40 milyon dollar vəsait xərcləsə də, nəticə qaçılmazdır.


«2009-da bir layihə üzrə 16 milyard dollar gəlir olacaq. İndiki büdcədən iki dəfə çox. Bu vəsait ölkə iqtisadiyyatına yönəlsə, hətta yönəlməsə də inflyasiya getməlidir».


Hökumət isə çox nikbindir. Ölkə başçısı İlham Əliyev vəd edir ki, gəlirlər çoxaldıqca maaşlar və təqaüdlər də artırılacaq, iş yerləri açılacaq, adambaşına düşən Ümumi Daxili Məhsul bir az da çoxalacaq, Azərbaycan regionun lider dövləti olacaq və hətta başqa ölkələrdən bura əmək miqrantları gələcək, yoxsulluğun səviyyəsi isə ildən-ilə azalacaq, regionlar inkişaf etdiriləcək.


Cəmiyyət sürətlə iki qütbə bölünür


Amma proqnozların nikbinliyinə rəğmən mənzərə başqadır, bu gün Azərbaycan sürətlə iki qütbə bölünməkdədir. Əslində, istənilən cəmiyyətdə kasıbın və varlının olması normaldır. Azad İqtisadiyyat Mərkəzinin rəhbəri Zöhrab İsmayıl belə deyir və əlavə edir ki, çox təəssüf ki, Azərbaycanda bu cür təbəqələşmə normal şəkildə, sahibkarlığın inkişafı sayəsində baş vermir.


«Müxtəlif cəmiyyətlərdə qütbləşmə var. Azərbaycanda isə bu gün baş verən təbəqələşmə korrupsiya nəticəsində baş verir. Neft gəlirləri artır, dövlət gəlirləri artır, bundan bir qrup məmur yararlanır və özü də sürətlə varlanırlar. O biri tərəfdənsə imkansız təbəqənin imkanları azalır… Təbəqələr arasında uçurum da dərinləşir...»


«İyi görmürsüz. Ağırdır, neftin iyidir… Burda yaşamaq olmur»
Filosof Niyazi Mehdi deyir ki, kimsə 100 manata corab və ya 2000 manata çanta alırsa bu normaldır. Normal olmayan odur ki, Azərbaycanda varlı olmayan əhali arasında yoxsulların sayı çoxdur, zənginlərlə kasıblar arasında körpü rolunu oynaya biləcək orta təbəqə yoxdur. Bu da cəmiyyətdə mənəvi gərginlik yaradır.


«Elton Con gələcək, sifariş verib ki, mehmanxanada filan şey olsun. Bizim üçün ağlasığmaz şeylərdir. Yoxsulluq psixologiyasından yanaşanda deyirsən ki, ay Elton, bunu bağışla kasıblara. Amma dünyada varlıların böyük pullar xərcləməsi adi haldır...»


Psixoloq Azər Qaraçənliyə görə, Azərbaycan toplumunda gərginlik yaradan təfəkkürlə bağlıdır. Ölkəyə milyardlar qazandıran neft ümummilli sərvət kimi konkret vətəndaşın və ya nəslin deyil. O hamının və bütün dövrlərin sərvətidir. Buna görə də həmin sərvətə sahiblik hissi hamıda var, varlıda da, kasıbda da. Azər Qaraçənli deyir ki, elə buna görə də neftin gətirdiyi milyardlar varlını da, kasıbı da düşündürür, hamı öz payını gözləyir. Və bugünkü təbəqələşmə sürətləndikcə cəmiyyətdə belə bir təəssürat yaranır ki, neft ədalətli bölünmür.


«İstənilən halda neftin ədalətli bölünmədiyi hissi qalır. Üstəlik bu hiss adamlarda qəzəbə çevrilə bilər. Amma bu qəzəb ciddi partlayışa çevrilməyəcək. …»


Partlayış?..


Neft ölkəsi olan Qanada hökumət məcbur oldu ki, varlılar məhəlləsini kasıblardan qorusun. Bu təcrübəni xatırladan Himayət Rizvanqızıdır. Onun qənaətincə, elə əslində, söhbətləşdiyim əksər ekspertlər də bu cür düşünürlər ki, neft gəlirləri sayəsində cəmiyyətdə təbəqələşmə nə qədər sürətlə getsə də, adamlarda nə qədər qəzəb oyatsa da, bu Azərbaycanda partlayışa çevrilməyəcək. Balaxanı da söhbətləşdiyim əksər kasıb adamların yanaşması da bundan xəbər verir:


«Ümidimizi üzmürük. Yaxşı olar. Moskva da birdən qurulmayıb...»


Ekspertlərə görə, yaxın üç-dörd ildə neft gəlirlərinin sürətlə artacağı və ölkədə inkişaf görüntüsü olacağı üçün sosial ədalətsizliyə etiraz edəcək qüvvələr də az olacaq və bir növ ümidlə onlara da sıra çatmasını gözləyəcəklər.


Eyni zamanda, ekspertlər bir fikri də vurğulayırlar ki, ötən illərdə söz azadlığının, müxalifətin sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması, ayrı-yarı vətəndaşlara təzyiqlərin güclənməsi əhalinin müqavimət hissini azaldıb. Zöhrab İsmayıl:


«Təhlükə nədədir? Sosial partlayış ola bilərmi? Cəmiyyət gözlənti içindədir, inanır ki, nəsə dəyişər, düzələr… Sosial ədalətsizlik fonunda ümidlərin ölməməsi fikirləri bir-birini balanslaşdırır və sosial partlayışı minimuma endirir. Azərbaycan klassik üsulla idarə olunur, bu metod da sosial partlayışın qarşısını alır. İnsanlar vadar olurlar ki, gündəlik çörək pulu qazanmaq üçün çarpışsınlar… Gündəlik fəaliyyəti, zehni, enerjisi yalnız çörək pulu haqda düşüncəylə keçir. Sosial partlayışı edəcək təbəqənin başı qarnına qarşırıb...»


Azərbaycanda Afrika sindromu

Himayət Rizvanqızı isə deyir ki, əgər yaxın zamanlarda tədbir görülməsə, Azərbaycanda yoxsulların sayı bir qədər də artacaq. «Azərbaycan neft ölkəsi olan Norveç olmaq şansını itirib, güman ki, Nigeriya da olmayacaq» - deyir Himayət Rizvanqızı.



Belə malikanələrin qiyməti 4-5 milyon manatdır
Parlamentin sosial-siyasət komissiyasının rəhbəri Hadı Rəcəbliyə görə, sosial təbəqələşmə o qədər dərinləşməyib:


«Əmək tutumlu iş yerləri açılır. Regionlar, turizm, aqrar sahə inkişaf etdirilir. Bu yöndə dövlət proqramları var. Neft gəliri insan resursuna çevrilir. Neft gəlirlərindən Azərbaycan xalqının gələcək rifahı üçün istifadə olunur. Bu baxımdan iqtisadi gerilik olmayacaq. Mən şəxsən sindrom-filan gözləmirəm…»


Ancaq yenə də bəzi mütəxəssislər Azərbaycanda Afrika sindromunun yaşanacağından narahatdırlar. Zöhrab İsmayıla görə, sosial qütbləşmənin kəskinləşməsi sosial partlayışı sürətləndirməsə də, ölkənin aqibətini fəlakətə doğru sürükləyə bilər, Azərbaycanı Nigeriyanın aqibəti gözləyə bilər, neft gəlirlərinin pik dövründə yoxsulların sayı arta bilər: «Biz Nigeriyanın gününə düşə bilərik. İnfrastrukturumuz yaxşı olsa belə… Böyük gəlirlər əldə olunanda da Nigeriya dəyişmədi... Azərbaycanı Nigeriyanın taleyi gözləyə bilər».


Hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Mirzəzadə isə etiraz edir: «Mənim ölkəmi niyə Nigeriya ilə müqayisə edirsiniz? Deyilən təhlükələr haqda çox eşitmişik. Hökumət özü bu yöndə addımlar atır...»


Bizə son illərdə tikilən malikanələrdən xəbər gətirən Mirzə isə subaydır. Deyir «Aləmi bəzər, özü lüt gəzər» mənim haqqımda deyilib. Ayda 300 manatdan çox qazana bilməyən Mirzə ölkəyə gələn gəlirdən ona da pay düşməli olduğunu düşünür. Deyir, bunun harası ədalətlidir, kəndlər var ki, işığa həsrətdir, evlər var ki, bir kəndin işığını işlədir.


«Özüm 300 manat yığa bilmirəm. Allaha açıq getməsin, heyvan da yaşamalıdır. Amma itə çəkilən xərc mənim aylığımdır. Bir qapıya bir it də bəsdir, amma ikisini-üçünü saxlayırlar… İlan saxlayırlar ki, ayda 80 kilo ət gedir. Bunu bir kasıb ailəyə də vermək olar…»


«Zibillik bağlansa camaatın 40 faizi acından öləcək»


Mən söhbətə təsadüfən Balaxanıdan başlamadım. Birinci neft bumu, qara qızılın fontan vurduğu dövrdə bu kənd özünün qızıl dövrünə qədəm qoydu. Taksi sürücüsü Həsən əmi demiş, milyonçuları şam etmək üçün Fransaya gedən, İkinci Dünya savaşında kasa-kasa qızıla buğda alıb balalarına korluq verməyən bu kəndin camaatı artıq əvvəlki kimi «yekəxana və özündən məmnun» deyil, camaat ümidini kəndin yaxınlığındakı zibil poliqonuna bağlayıb.


«Zibillik bağlansa camaatın 40 faizi acından öləcək. Bu yazıqlar guya yaşayırlar, amma sürünürlər…».


Qara qızılın üstündə yatan Balaxanının qızıl dövrü arxada qalıb, qara günləri başlanıb. Bəlkə də mütəxəssislərin söz açdığı Nigeriya modelindən yox, Balaxanı modelindən danışmaq lazımdır. Nefti tükənmiş Balaxanı balaca bir Azərbaycandır. Bu gün Balaxanıya qalan bütün şəhərin tullantıları və bir də neftə bulaşmış, çiçək bitirməyən, qoxusu nəfəs kəsən torpaqlardır. Bu gün çiçəkləndiyi haqda şüarlar deyilən bütün Azərbaycana nə qalacaq bugünkü neft bumundan? Bahalı malikanələrmi, yoxsa neftlə çirklənmiş, çiçək bitirməyən, bar-bəhrəsiz torpaqlarmı?..


Buna da bax:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG